
Füzulinin icra başçısının polis övladının idarə etdiyi ən ucuz avtomobil “Prado”dur, ən bahalası “Gallenvagen”dir
Məlum olduğu kimi, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev məmurlara xəbərdarlıq etmişdir:
"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".
Vurğulamağa dəyər ki, bu xəbərdarlıqda rayon rəhbərlərinin hansısa biri istisna edilməyib, bu mesaj birmənalı olaraq, icara başçılarının hamısına aiddir. Amma bütün müşahidələrdən bəlli olur ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu xəbərdarlığı qulaqardına vurub.
Qeyd edək ki, Alı Alıyevin rəvac verdiyi korrupsiya hüquqpozmaları, rəhbərlik etdiyi rayonda yürütdüyü yarıtmaz idarəçilik siyasətinə qarşı xalq etirazına başqa ad qoymaq cəhdlərinin uğursuz alınması barədə KİV-də yayılan tənqidi materiallar artıq hakimiyyətin yuxarı dairələrində də ciddi müzakirələrə səbəb olub. Etibarlı mənbədən aldığımız məlumata görə, onun vəzifəsindən kənarlaşdırılması məsələsi çox da uzun çəkməyəcək.
Mənbə həmçinin bildirir ki, Alıyev üçün öz kreslosunu qorumaq artıq həm də məsuliyyətə cəlb olunmamamaq üçün bir növ "ölüm-qalım" savaşına çevrilib. Di gəl, onunçün olduqca həssaslıq tələb edən indiki məqamda oğlu Elvin də nadincliyini davam etdirməklə atasını çətin vəziyyətə salıb. Polis baş leytenantı rütbəsi daşıyan, bəzi sərfəli məqamlarda hətta özünü bir pillə yuxarı rütbə olan kapitan kimi təqdim edən Elvin Alıyevin malik olduğu üç bahalı, eyni seriya nömrəli avtomobil obyektivimizə tuş gəlib.
Yazılarımızı izləyən sadiq oxucularımız bilirlər ki, bu barədə saytımızda anons gedəndən sonra baş redaktor Ramin Məhəmmədoğlunun mobil telefonuna 055 834 34 91 mobil nömürəsindən zəng gələrək təhdid olunub. Bu azmış kimi adını gizlədən həmin şəxs saytı dağıtdıracağı ilə də hədələyib. Sayt rəhbəri ona olunan təhdidlərdən dolayı ölkə prezidentinə, Daxili İşlər Naziri Ramil Usubova, DTX-nin rəisi Mədət Quliyevə və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlamış, ona olunan təhdidlərdən dolayı adları çəkilən müvaffiq qurumlardan təhlükəsizliyinin təmin olunmasını və həmin mobil nömrənin araşdırılıb təhdid edən şəxsin şəxsiyyətini müəyyən edib ortaya çıxarmalarını xahiş edir.
İndi isə buyurub Elvin Alıyevin avtomobillərinin markasını və dövlət nömrə nişanları ilə tanış olun. Təxmin edirik ki, həmin maşınların qiymətləri barədə oxucularımızın təsəvvürləri vardır:
"Gallenvagen" - 10 EU 900. Qiyməti təqribən 140 min manat;
"PRADO" - 10 XT900. Qiyməti satış mərkəzlərində komplektasiyasına görə dəyişir. Ən full modelinin qiyməti 63 min manatdır;
“Toyoto Corolla" - 10 RA 900. Satış mərkəzlərində qiyməti 32 min manatdan başlayır.
Məlumata görə, sıradakı ən bahalı birinci maşını Elvin yalnız paytaxt Bakıda idarə edir, dostları və rəfiqlərini gəzdirir. Yəqin ki, Alı Alıyev bu faktdan dolayı ona ünvanlanan suallara qarşılıq sualla cavab verəcək.



Sonolay.org