Sizin Reklam Burada
Tel: 050 378-66-61

Hacı İbrahimlə Nizami Piriyevə ABŞ-da nə edərdilər...

11-06-2015, 22:34   

Azərbaycanda milyardlarla dollar bank kreditlərinin mənimsənilməsinə dair iddialar, “kredit oliqarxları”nın işi, Hacı İbrahim və Nizami Piriyev kimi biznesmenlərin saxlanılması geniş ictimai rezonansa səbəb oldu.

Bəs Amerikada da bizdəki kimi “kredit oliqarxları” varmı? Əgər varsa, yaxud olubsa, onların başına hansı əhvalatlar gəlib?

Haqqin.az və virtualaz.org saytlarının Vaşinqton müxbiri Yevgeni Bay Amerikada “kredit oliqarxlarını” axtarıb tapmaq və onların aqibətini araşdırmaq haqda mövzu tapşırığı almışdı. Onun məqaləsindən belə məlum olur ki, Amerikada da belələri var, özü də daha nəhəngləri...



Bakının öz Mavrodiləri nə qədər desən, ancaq bir nəfər də Al Kaponesi yoxdur...

Amerikada iri maliyyə fırıldaqlarına dair əhvalatlar nə qədər çoxdursa, o qədər də uzun və koloritlidir. Amerika banklarının talan edilməsi kimi. Fırıldaqçılar və dələduzlar haqda romanlar yazılıb, filmlər yazılıb, hətta balladalar yaranıb.

Ancaq qanqsterlər və oğru-oliqarxlar arasında ən azından iki prinsipial fərq var. Birinciləri gec-tez polis gülləsi haqlayır, hərçənd ki, Al Kapone kimi nadir hallarda vergidən yayınmağa görə həbs olunanları da tapılır. Maliyyə dələduzları isə bir qayda olaraq uzun müddətli həbs cəzaları alır və ömürlərinin sonuna qədər dəmir barmaqlıqlar arasında qalırlar.

Onların məşhur MMM maliyyə piramidasının qurucusu olan, hələ də azadlıqda gəzən və yenə də sadəlövh rusiyalıları aldatmaq üçün sxemlər fikirləşən rusiyalı Sergey Mavrodi kimi dələduzlardan fərqi də bundadır.

Yaxud əvvəlcə saxlanılan, sonra azadlığa buraxılan Azərbaycan “kredit oliqarxları”ından. Belə təəssürat yaranır ki, Bakının öz mavrodiləri nə qədər desən var, ancaq bir nəfər də Al Kaponesi yoxdur. Bəs Amerikada necə?



Fırıldaqçı ata və amerikalı “pavlik morozovlar”

ABŞ-da son yüzilliyin ən böyük fırıldaqçısı Amerikanın ən məşhur və ən böyük üç birjasından biri olan NASDAQ fond birjasının direktorlar şurasının keçmiş sədri Bernard Meydoff hesab olunur.

Onun yüksəliş əhvalatı yəhudi ailəsindən olan imkanlı amerikalı oğlan baxımından tamamilə tipikdir. Hələ orta məktəb şagirdi olarkən o, şəhər çimərliyində xilasedici işləyib və bu yolla yay tətili zamanı 5 min dollar toplayıb.

Meydoff həmin pula 1960-cı ildə özünün sonradan məşhurlaşacaq “Madoff İnvestment Securities” firmasını qurub. 10 il sonra o, biznesinə qardaşı Piteri, sonra qohumları Roceri və Şanı, onların iki oğlunu - Mark və Endryünü də cəlb edib.

“Madoff İnvestment” ABŞ-ın ən gəlirli və ən etibarlı investisiya fondlarından birinə çevrilib. O, investorlara stabil olaraq yüksək gəlir gətirirdi - ildə 12-13 faiz. Bir çox investorlar əmin idilər ki, Bernard Meydoffun firması insayder informasiyalarına qeyri-məhdud çıxış imkanı olduğu üçün bu cür yüksək gəlir götürə bilir.

Onun müştəriləri arasında çoxsaylı hec-fondlar, banklar və ABŞ, Avropa, Asiyadan olan xeyriyyə təşkilatları, özəl investorlar, əsasən varlılar və məşhurlar yer alırdı.

2008-ci ildə “Madoff İnvestment Securities”in sərəncamında 17 milyard dollar var idi. Yeni müştərilərin axınına baxmayaraq bir çox ekspertlər Meydoffun firmasının işindən şübhələnirdilər, onun çökə biləcəyini deyirdilər.

Lakin ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyasının yoxlamaları şirkətin fəaliyyətində hər hansı pozuntular üzə çıxarmadı. Meydoffun investisiya fondu öz müştərilərinə stabil gəlir gətirirdi və hamı razı idi.

Ötən əsrin sonunda sabun köpkülərinə bənzəyən internet-şirkətlərin birjalarda başgicəlləndirici gəlir götürməsi dövrü arxada qalmışdı.



Ancaq çox keçmədən - 2008-ci ilin dekabrında haqq-hesab zamanı yetişdi. Meydoff oğullarına etiraf etdi ki, onun biznesi ancaq başdan-ayağa “böyük yalandan” ibarətdir, Pontsi sxeminə əsaslanır.

Kifayət qədər sadə olan bu sxemi ötən əsrin əvvəllərində italyan mənşəli amerikalı Çarlz Pontsi fikirləşib tapmışdı. Sxem poçt tarifləri arasında fərqdən istifadə edərək bir ölkədə beynəlxalq cavab kuponlarını ucuz alıb onları başqa ölkədə baha qiymətə poçt markalarına dəyişməkdən, nəticədə böyük gəlir əldə etməkdən ibarət idi.

Kaş ki, Meydoff öz varislərinə heç nə deməyəydi. Atalarının qeyri-leqal biznesi haqda eşidən oğullar tələsik Federal Təhqiqatlar Bürosuna (FTB) yolandılar və hər şeyi danışdılar. Elə ertəsi gün Bernard həbs olundu, ardınca onun bütün hesabları donduruldu.

Araşdırma zamanı üzə çıxdı ki, onun şirkəti də Mavrodinin MMM-i kimi ən azı son 13 ildə topladığı kapitaldan heç bir investisiya yatırmayıb.

Meydoffun ifşa edilməsi çox uğursuz vaxtda baş verirdi: dünyada böyük maliyyə böhranı başlamışdı. 2008-ci ilin sonunda bir neçə iri investor Meydoffdan tələb etmişdi ki, onların 7 milyard dollar məbləğində kapitalını geri qaytarsın. Lakin Meydoffun qaytarmağa heç nəyi yox idi və onun piramidası çökdü. Nəticədə 2008-ci ildə bu dələduz tarixin ən böyük maliyyə piramidasını qurmaqda ittiham edildi. O, özünü 11 maddə üzrə təqsirli bildi və Nyu-York məhkəməsi tərəfindən 150 il həbs cəzasına məhkum edildi.



Meydoff ailəsinin faciəsi bununla bitmədi. 2010-cu ilin dekabrında Bernardın oğullarından biri Mark Nyu-Yorkdakı evində asılmış halda tapıldı. İstintaqın məlumatına görə, o, intihar etmişdi. Marka qarşı maliyyə piramidasının iştirakçısı olmaq barədə ittiham irəli sürülməsə də onu qanunsuz olaraq Nyu-Yorkun elit hissəsində və Konnektikutda ümumi dəyəri 66 milyon dollar olan daşınmaz əmlak almaqda ittiham etmişdilər.

Hazırda 77 yaşlı Bernard Meydoff Nyu-York ştatının federal həbsxanasında cəzasını çəkir, Amerika mətbuatı isə onun maliyə piramidasının əməllərinə dair hələ də ifşaedici materiallar dərc edir.

“Vanity Fair” kimi jurnalların baş qəhrəmanları Meydoffun həyat yoldaşı Rut, həmçinin oğlu Endryüdür. Hesab edilir ki, onlar Bernardın daha irimiqyaslı dələduzluq əməlləri haqda bilirlər, ancaq danışmırlar. Və jurnalistlərin vəzifəsi onları sıxışdırıb hansısa etiraflar etməsinə nail olmaqdır.

Enron, WorldCom və başqaları...

“Forbes” jurnalı yazır ki, onilliklər ərzində fəaliyyət göstərmiş “Enron” energetika şirkətinin çökməsi Amerika iqtisadiyyatı üçün Meydoffun fondundan daha böyük sürpriz oldu.

47,3 milyard dollar aktivlərə malik olan şirkət rəhbərləri Skillinq və Fastovun ucbatından 40 milyard dollar ziyana düşdü.

Bunun bütün günahı ziyanla işləyən şirkətin səhmlərinin alınması və “Enron” rəhbərlərinin onun maliyyə vəziyyəti barəəd məlumatları gizlətməsində idi. Offşor zonalarda “Enron”dan ziyanlı aktivləri satın alan, əvəzini elə öz səhmləri ilə ödəyən firmalar zənciri yaranmaqda idi.

2001-ci ildə bu əhvalat üzə çıxanda “Enron” şirkətinin rəhbərləri həbs edildi - Skillinq 25 il həbs cəzası 6, Fastov isə istintaqla əməkdaşlığa razı olub 6 il həbslə yaxasını qurtardı.

2002-ci ildə isə Amerikanın iri telekommunikasiya şirkəti “WorldCom” müflis oldu. Onun rəhbərliyi etiraf etdi ki, 2001-2002-ci illərə dair maliyyə hesabatını 4 milyard dollar məbləğində təhrif edib.

Müflis olana qədər şirkətin aktivləri 103,9 milyard dollar idi, 20 milyon müştərisi var idi, ABŞ-da internet-traffikin 50 faizi onun payına düşürdü.

Şirkətə qarşı qrup halında 6 milyard dollarlıq iddia qaldırıldı. Şirkətin keçmiş baş direktoru Bernard Ebbers dələduzluqda ittiham olundu və 25 il həbs cəzası aldı.

Hələ ondan əvvəl - 1997-ci ildə dünyanın ən iri marketinq şirkətlərindən biri olan “Cendant Corp”.-un dələduzluğunün üstü açıldı. Təxmini dəyərləndirmələrə görə, dələduzluq şirkətin investorlarına 19 milyard dollara başa gəlmişdi. Amerika məhkəmələri onların tərəfini tutdu - 3 milyard dollarlıq iddia təmin edildi və şirkətin keçmiş rəhbəri Uolter Forbs 12 il həbs cəzası aldı. Onu həmçinin 3,3 milyard dollar kompensasiya ödəməyə məhkum etdilər.

Sudan quru çıxmağı amerikalılardan öyrənin

2008-ci ilin sonlarında ABŞ-ın iri investisiya banklarından olan, bütün dünyada 600 milyard dollarlıq aktivlərə malik “Lehman Brothers” çökdü, bu da qlobal maliyyə böhranının dərinləşməsinə səbəb oldu.

İflasın səbəblərini analiz edən ekspertlər bankın və onun auditini keçirən “Ernst&Young”ın menecerlərinin ünvanına dəfələrlə ittiham irəli sürdülər. Lakin nə Qiymətli Kağızlar üzrə Komissiya, nə də Ədliyyə Nazirliyi onlara qarşı heç bir rəsmi ittiham hazırlayıb irəli sürə bilmədi.

Müflis olmuş “MF Global” şirkətinin rəhbəri Con Korzayn da sudan beləcə quru çıxdı. 2011-ci ildə şirkət çökənə qədər bu broker şirkətinin aktivləri 41 milyard dollar təşkil edirdi.

“MF Global” şirkətinin müflis olması ABŞ tarixində səkkizinci belə iri müflisləşmə oldu. Amerika hakimiyyəti uzun müddət bunun səbəbini müəyyən edə bilmədi.

Ötən ilin yayında Korzayna qarşı ittiham irəli sürüldü, onu müştərilərin 1 milyard dollarını məqsədə uyğun olmayan istiqamətlərə xərcləməkdə ittiham edirdilər.

Ancaq Korzayn cəzadan yayına bildi. Üstəlik biznesə də qayıtdı. Məlumata görə, Korzayn bir neçə seçilmiş özəl investordan topladığı vəsaitlər hesabına yeni investisiya fondu yaratmağa hazırlaşır. Ancaq fond “MF Global” şirkətinə dair bütün təhqiqatların başa çatmasından sonra işə başlaya bilər.

ABŞ tarixinin bütün bu iri dələduzluq əhvalatlarının qısa xülasəsi bu nəticəyə gəlməyə imkan verir ki, Amerikanın bütün iri dələduzları iki kateqoriyaya bölünür. Xeyr, bu yerdə məndən Amerika femidasına hörmət və məhəbbət gözləməyin. O, əlbəttə də ki, sərtdir və dünyanın bir çox digər ölkələrinə nisbətən daha amansızdır. Lakin cinayətkarların taleyini başqa amil həll edir. Öz kriminal talantlarından asılı olmayaraq belələri “zərərçəkənlərə” və “bəxti gətirənlərə” bölünür. Birincilər məhkəmə araşdırmalarının təkərləri altında qalıb əzilir, ikincilər isə cinayətləri açıq ortada olsa da yaxalarını qurtara bilirlər.

Ədalətli cəzadan başqa yolla da qaçmaq olar. Məsələn, cinayətkarları ABŞ-a təhvil verməyi qadağan edən Kubaya.

Uzun müddət belə də olub. Amerikanın ən məşhur dələduzlarından biri, maliyyəçi Robert Vesko xeyli müddət bu adada gizlənib. Amerika ədliyyəsi ötən əsrin 70-ci illərində onu 200 milyon dolları mənimsəməkdə ittiham edirdi. Həmçinin Vesko Riçard Niksonun seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə, Qəzzafinin amerikalı siyasətçilərə iri məbləğdə rüşvət verməsinin əvəzində Liviyaya döyüş təyyarələrinin iri partiyasını satmaq üçün Karteri ələ almaq cəhdində günahlandırılırdı.

1972-ci ildə Vesko Kubaya qaçdı və bu sətirlərin müəllifinin əldə etdiyi konfidensial məlumatlara görə, uzun illər adada dəbdəbəli həyat tərzi keçirdi.

Vesko Kuba hakimiyyətinin rəhbərləri ilə sıx əlaqədə olub, onun 16 il həbsə məhkum edilməsi haqda yalan məlumat yayılıb. 2008-ci ildə Veskonun Kubada xərçəngdən öldüyü haqda məlumat yayılsa da böyük kombinatorun bunu da yalandan uydurduğu istisna deyil...

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar