
Qarabağ məsələsində iyun dönüş ayı olacaq?; Putinin qarşıdakı Bakı səfəri tarixə düşə bilər, əgər...
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin regiona səfəri çərçivəsində Bakı ziyarəti yekunlaşdı. Gözlənildiyi kimi, təşkilat sədrinin Azərbaycanın prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşlərində əsas mövzu Dağlıq Qarabağ məsələsi oldu.
ATƏT rəhbəri bu görüşlərdə hansısa təklif irəli sürmədi, əvəzində isə Bakının problemin həllinin uzanması ilə bağlı haqlı qınaqlarını eşidəsi oldu. Əslində cəmi bir illiyə fəaliyyət göstərən ATƏT sədrindən Qarabağa dair konstruktiv təkliflər ummaq məntiqsizlik olardı. 25 ildə Daçiçin onlarla sələfi təşkilatda icraçı sədr olublar və heç bir irəliləyiş də olmayıb.
Bunun da başlıca səbəbi odur ki, Qarabağ konfliktinin həlli beynəlxalq təşkilatlardan qat-qat çox, iri dövlətlər, konkret olaraq Rusiya və ABŞ-dan asılı durumdadır.
Bu iki supergücün məsələdə mövqeyi, maraqları isə hazırda nəinki üst-üstə düşmür, üstəlik, Ukrayna böhranından sonra daha kəskin şəkildə toqquşur.
Rusiyaya gəlincə, Moskva Güney Qafqazın ən üzücü ixtilafını əlində real rıçaqlar ola-ola həm çözməyə tələsmir, həm də problemin həllində patronajlığın Qərbə keçməsinə qarşıdır. Ancaq Kreml vaxtaşırı özünü elə göstərməyə çalışır ki, guya o da problemin həllinə çalışır. Yəni görüntü məsələsi. Münaqişə tarixində dəfələrlə bunun şahidi olmuşuq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun son Moskva səfəri bu qənaəti daha da möhkəmlətdi. Yəni aydın oldu ki, şimal qonşumuz ənənəni mövqeyində qalır. Bu mövqenin qayəsi isə yuxarıda deyildi. Ayrı sözlə, nə qədər ki, Moskva İrəvana konfliktin həlli ilə bağlı təsirlər göstərməyə başlamayıb, Rusiyanın Qarabağ məsələsində fəallaşacağını gözləməyə, yaxud “fəallıq göstərməsini” ciddiyə almağa dəyməz. Yerdə qalanlar yalnız imitasiya kimi, Bakının könlünü almağa yönəlmiş cəhdlər kimi qəbul olunacaq.
* * *
Məsələn, bu arada Rusiyanın nüfuzlu “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazıb ki, guya Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana söz verib (avropa.info). Qəzet Elmar Məmmədyarovun Moskva səfərinə toxunaraq qeyd edib ki, Lavrov azərbaycanlı həmkarı ilə apardığı danışıqların sonunda münaqişənin Rusiya üçün prioritet məsələ olduğunu bildirib.
Nəşr iddia edir ki, Lavrovun “Qarabağ problemini hamıya aydın danışıqlar dilinə keçirmək lazımdır” sözləri çox mətləblərdən xəbər verir. “Münaqişənin həlli çox uzanıb, bunu heç kəs inkar etmir. Razılaşmaya gəlmək üçün real baza var. Bununla hamı razıdır. İndi qarşılıqlı anlayışın konkret həll yollarına çevrilməsi zamanıdır” - deyib Rusiya XİN başçısı. Lavrov tərəfləri əmin edib ki, Rusiya münaqişənin həlli yollarının tapılmasında kömək etməyə hazırdır.
“Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin həllinə əsas mövzu kimi baxdığını açıqladı. Bu, əslində Bakıya açıq mesajdır. Yəni Rusiya da münaqişənin uzanmasından yorulub. Rusiyanın baş diplomatı da ”münaqişənin həlli çox ləngiyib, bunu inkar etmirik" deyir. O, azərbaycanlı həmkarını bu istiqamətdə maksimum addım atacaqlarına inandırdı. Bunlar ictimaiyyətə açıqlanan məsələlərdir. Halbuki iki nazir bağlı qapılar arxasında daha ciddi müzakirələr aparıblar. Mediaya açıqlamalarında xoş münasibətləri qapalı görüşün uğurlu keçdiyini deməyə əsas verir. Görünür, Moskva Bakıya Qarabağla bağlı söz verib" - nəşr qeyd edib.
***
Lakin belə bir vəd varsa da, onun arxasında hələ ki, real fəaliyyətin durmadığını Elmar Məmmədyarovun az sonra “Nezavisimaya qazeta”ya verdiyi müsahibə təsdiq edir. Nazir deyib: “Beynəlxalq hüquq normalarını pozan Ermənistan Azərbaycan ərazisində İrəvandan olan ali vəzifəli şəxslərin iştirakı ilə hərbi təlimlər keçirir. İşğal olunmuş əraziləri Suriya və Livandan olan qaçqınlarla doldurmaq istiqamətində cəhdlər göstərir. Bütün bu uzaqgörən olmayan addımlar və mənfi elementlər münaqişənin sülh yolu ilə həlli prosesinə maneə törədir. Minsk Qrupunun həmsədr ölkələrinin başçılarının dediyi kimi, işğal və təcavüz nəticəsində yaranan status-kvo qəbuledilməzdir. Ermənistan ilk növbədə öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Bizim mövqeyimizin siyasi və hüquqi əsasında beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT TŞ-nin 4 qətnaməsi və digər beynəlxalq sənədlər dayanır. Həmin qətnamələrə əsasən, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Təəssüf ki, bu tələblər 20 ildir yerinə yetirilmir. Ermənistan bunlardan imtina edir”.
E.Məmmədyarov ötən ilin prezidentlərin görüşü baxımından danışıqlar prosesində intensiv il olduğunu qeyd edib və bildirib ki, Ermənistan bütün çağırışlardan imtina edir: “Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Biz hesab edirik ki, bu münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək üçün Minsk Qrupu həmsədrləri və onların sülhyaradıcı missiyaları Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir”.
***
İş də ondadır ki, nə ABŞ və Avropa Birliyi, nə də Rusiya beynəlxalq təşkilatların qərar və qətnamələrini əsas götürüb işğalçını sülhə vadar eləmək əvəzinə, ona hər cür siyasi-diplomatik, hərbi və maddi dəstək verməkdə davam edirlər.
Bəzi analitiklərə görə, Kremlin Qarabağla bağlı daha konkret hədəfləri var və o, Azərbaycandan istədiyini almayınca İrəvana təzyiq göstərməyəcək. Moskvanın Bakıdan umacaqları isə kiçik məsələlər deyil. Söhbət Dağlıq Qarabağda sülhməramlı qüvvələr adı ilə rus qoşunlarının yerləşdirilməsindən və Azərbaycanın Putinin Avrasiya layihələrinə qoşulmasından gedir. Azərbaycan buna gedərmi?
Çətin, çünki yaxın tarixin acı təcrübəsi var. Biri elə qonşu Gürcüstan: Abxaziya və Cənubi Osetiyada Rusiya “mavi dəbilqəlilərin” mövcudluğu ona gətirdi ki, 2008-ci ildə Moskva Tiflisə qarşı apardığı “5 günlük müharibə”nin sonunda bu iki separatçı bölgəni de-yure də özünə birləşdirdi.
Bununla belə, yenə bir sıra ekspertlər istisna eləmirlər ki, Moskva İrəvana təzyiq edib, Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılmasına nail ola, Azərbaycan isə bunun qarşılığında Avrasiya Birliyinə üzvlük barədə düşünə bilər. Yəni Kreml Azərbaycanı öz siyasi orbitində görmək istəyirsə, ən azından bu yöndə fəallıq göstərməli, Qarabağ münaqişəsinin həllini təmin etməlidir.
***
Bundan ötrü Rusiyanın işğalçıya təzyiqləri qaçılmazdır. Lakin üfüqdə belə bir şey görünmür. Əksinə, Lavrov Moskvada Məmmədyarovla görüşdən sonra bir daha Kremlin ənənəvi mövqeyini ifadə edərək bildirdi ki, “münaqişənin həlli üçün öncə Azərbaycanla Ermənistan razılığa gəlməlidir”. Bu isə mümkünsüzdür, çünki Ermənistanın ipi çoxdan öz ağasının - Rusiyanın əlindədir və İrəvan məsələdə söz sahibi deyil...
Moskva illərdir belə bir mövqe sərgiləyir. Görəsən, Putinin qarşıdakı Bakı səfəri ilə tilsim qırılacaqmı? Əlbəttə ki, Kreml başçısı istəsə, onun iyundakı Azərbaycan səfəri münaqişənin həllində ciddi dönüş kimi də tarixə düşə bilər. Moskva Bakıya doğrudan da Qarabağ vədi veribsə, niyə də olmasın?
/musavat.com/
Siyasət şöbəsi