Azərbaycanlılar Ermənistan ərazisindən keçərkən hansısa yoxlamaya məruz qalacaqmı? AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu sualı müxalifətçi deputat Aqnesa Xamoyan sentyabrın 10-da parlamentdə baş nazir Nikol Paşinyana verib.
Deputat soruşub ki, Ermənistan sərhədçisi Sünikdən keçəcək azərbaycanlıların pasportlarını, Ermənistan gömrükçüsü onların baqajını yoxlayacaqmı?
Nikol Paşinyan sualları cavablandırarkən müasir texnologiyalardan danışıb. O, Birləşmiş Ərəb Əmirliklərini misal gətirərək deyib ki, bu ölkənin sərhədçiləri ölkəyə daxil olan şəxslərin pasportlarını yoxlamır, bunu texnologiya vasitəsilə gerçəkləşdirir. Paşinyan Ermənistanın da bu cür yoxlamalara keçməli olduğunu vurğulayıb.
“İnsana toxunaraq, iyləyərək, qulağını, saçını yoxlamaq sərhədlərimizdə heç kimə qarşı tətbiq olunmamalıdır və olunmayacaq. Bu üsul ümumiyyətlə tətbiq olunmayacaq”, – o bildirib.
Avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamədə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.
Bakı Tramp yolu"(TRIPP) boyunca ermənilərlə birbaşa təmasın olmamasını tələb edir. Ermənistan isə yola birbaşa nəzarət etmək istəyir.