Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Pekində hərbi parad öncəsi Çin lideri Si Cinpinlə biotexnologiyadan, insan ömrünü uzatmaqdan, hətta ölümsüzlüyə çatmaqdan danışıblar.
Liderlərin söhbəti birbaşa translyasiya zamanı mikrofona düşüb. Çin dili bilən bloqerlər buna diqqət ediblər. Məlumatı isə "Bloomberg", "Reuters" yayıb.
Söhbət insan ömrünü uzatmaq barədə gedib. "Əvvəl adamlar nadir hallarda 70 yaşa çatırdılar. İndi isə 70 yaşda hələ uşaqsan", – bunu Si Cinpin deyib.
Putin isə cavab verib (videoda onun sözlərinin Çin dilinə tərcüməsi eşidilir): "Biotexnologiya sayəsində orqanları sonsuz dəyişmək olacaq... Adamlar çox yaşadıqca, daha da gəncləşəcəklər, hətta ölümsüzlüyə çata biləcəklər".
Çin lideri də bunu təsdiqləyir: "Bəzi proqnozlara görə, bu əsrdə adamlar 150 iləcən yaşaya biləcəklər".
Şimali Koreya lideri Kim Çen In də Putin və Cinpinlə yanaşı addımlayıb, amma onun söhbətə qatılıb-qatılmadığı bəlli deyil. Translasiyada tərcüməçinin Koreya dilində də replikası eşidilir.
Kreml videonu şərh etməyib.
"Current Time" yazır ki, Putin Cinpinə orqanların bioçapından danışıb, məhz bu texnologiya ilə orqanları sonsuz dəyişdirmək mümkün ola bilər.
AzadlıqRadiosunun "Sistema" layihəsi və "Meduza"nın bu barədə araşdırması olub. Kremlə yaxın mənbənin dediyinə görə, ideyanın müəllifi Putinin yaxın dostu, fizik Mixail Kovalçukdur.
1999-cu ildən hakimiyyətdə olan Putinin 72 yaşı var, qanunvericilik 2036-cı iləcən - 84 yaşınadək prezident postunda qalmasına imkan verir. Onun böyük qızı Mariya Vorontsova endokrinoloqdur, genetik tədqiqatlarla bağlı proqramları kurasiya edir.
Si Cinpin isə 72 yaşındadır.