Vladimir Putinlə çox məhsuldar görüşümüz oldu.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.
"Məncə, çox məhsuldar görüşümüz oldu. Razılaşdığımız çox, çox sayda məqamlar var idi (Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı - red.)", - deyə Tramp bildirib və əlavə edib:
"Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik".
"Razılaşma yoxdur. Bir az sonra NATO-ya zəng edəcəyəm. Münasib hesab etdiyim müxtəlif şəxslərə və əlbəttə ki, Prezident Zelenskiyə zəng edib bugünkü görüş haqqında məlumat verəcəyəm", - ABŞ lideri deyib.
Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.
Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.
****
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar başlayıb. Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur.
"AzPolitika" xəbər verir ki, danışıqlar “üçün üçə” formatında keçirilir. ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.
İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb. Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir. Görüşün 6-7 saat davam edəcəyi gözlənilir.
***
Artıq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.
Qeyd edək ki, ABŞ lideri rusiyalı həmkarını Elmendorf-Riçardson hərbi bazasında qarşılayıb.
Danışıqlara başlamazdan əvvəl liderlər eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.
ABŞ prezidenti Donald Tramp və Ruriya prezidenti Vladimir Putin danışıqların aparılacağı məkana ABŞ prezidentinin avtomobili ilə yollanıblar.
ABŞ və Rusiya liderləri görüşdükdən və foto çəkdirdikdən sonra müzakirələrin keçiriləcəyi yerə ayrı yox, eyni avtomobildə yola düşüblər.
Onu da qeyd edək ki, Putin və Trampın görüşü təkbətək deyil, nazirlərin iştirakı ilə "üçün üçə" formatında keçiriləcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da görüşdə iştirak edəcək.
Bir sıra media orqanı Vladimir Putinin qarşılanma mərasiminə diqqət çəkib. Belə ki, liderlərinin irəliləyəcəyi qırmızı xalının ətrafına 5-ci nəsil qırıcıların (F-35) düzülməsi diqqətdən qaçmayıb.
Fəxri qaravulun əvəzinə qırıcıların düzülməsi ABŞ-nin əzələ nümayişi kimi qiymətləndirir.
***
Bu barədə "Reuters" məlumat yayıb.
Rusiya lideri Vladimir Putinin də təyyarəsi artıq Alyaskanın Ankoric şəhərinə eniş edib.