Sizin Reklam Burada
Tel: 050 378-66-61

Bədbin neft proqnozları: azalan gəlirlər, artan büdcə riskləri

Bu gün, 08:17   



Neft qiymətləri sürətlə dəyişən bazar dinamikasının təsiri altında qalıb. Rusiya və İrana qarşı yeni sanksiyalar ticarət axınlarını riskə atsa da, zəifləyən iqtisadi artım tələbi azaldıb. İyul ayında neftin orta qiyməti 70 dollar/barel səviyyəsinə qədər yüksəlsə də, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ilin ikinci yarısı üçün “qara qızıl”la bağlı proqnozunu aşağı salıb.

Avqust bülletenində, EIA Brent markalı neftin orta qiymətini bu il üçün 67,2 dollar/barel, gələn il üçün isə 51,4 dollar/barel səviyyəsində görür.

EIA-nın məlumatına görə, Brent markalı neftin orta qiyməti 2025-ci ilin III rübündə 67,4 dollar/barel, IV rübdə 58,05 dollar/barel, 2026-cı ilin I rübündə 49,9 dollar/barel, II rübdə 49,6 dollar/barel, III rübdə isə 54 dollar/barel təşkil edəcək.

Təşkilat ucuzlaşmanı dünya bazarında xam neft tədarükünün əhəmiyyətli dərəcədə artması ilə izah edir.

“Avqustun 3-də OPEC+ üzvləri hasilat artımlarını sürətləndirmək barədə razılığa gəliblər. 2023-cü ilin noyabrında elan edilmiş və ilkin olaraq 2026-cı ilin sentyabrına qədər mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulan gündəlik 2,2 milyon barel hasilat azaldılması artıq bu ilin sentyabrına qədər tamamilə aradan qaldırılacaq”, – hesabatda bildirilir.

Qlobal hasilatın 2025-ci ilin ikinci yarısında, ilin birinci yarısı ilə müqayisədə, gündə orta hesabla 2 milyon barel artacağı gözlənilir. Bu artımın yarısını OPEC+ ölkələri, digər yarısını isə ABŞ, Braziliya, Norveç, Kanada və Qayana kimi qeyri-OPEC istehsalçıları təmin edəcək.

Bunun nəticəsində dünyada neft ehtiyatları sürətlə artacaq. Ehtiyatların gündəlik artımı 1,4 milyon bareldən 1,9 milyon barelə, hətta 2026-cı ilin birinci rübündə 2,3 milyon barelə qədər yüksələrsə, xam neftin saxlanması üçün anbar xidmətlərinin qiyməti də bahalaşacaq. Bu isə bazarda neft qiymətlərinin ucuzlaşmasını qaçılmaz edəcək.

Qeyd edək ki, neft qiymətlərinin bu ilin ikinci yarısında və gələn ilin birinci yarısında ucuzlaşacağına dair proqnozları digər maliyyə tədqiqat institutları da dəstəkləyirlər. Onların fikrincə, qiymət artımı yalnız 2026-cı ilin III rübündən sonra mümkün olacaq.

Azərbaycan iqtisadiyyatında neft böhranı dərinləşir

Neft ölkəsi olan Azərbaycanda mövcud böhranı bir neçə amil dərinləşdirir. Əsas səbəblər arasında hasilatın azalması, qiymətlərdə dalğalanmalar, neftin tərkibi ilə bağlı yaranan problemlər, Rusiyaya tətbiq edilən sanksiyaların dolayı təsirləri və tranzit gəlirlərinin azalması xüsusi yer tutur.

Məlumdur ki, ölkə iqtisadiyyatının əsas lokomotivi neft-qaz sektorudur.  Ölkənin ixrac gəlirlərinin 86,3 faizini neft-qaz sektoru təmin edir. Onun 51,7 faizi neftin, 34,6 faizi isə qazın payına düşür.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında 14,8 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azdır. Dəyər baxımından isə neftin ixracından əldə olunan 7,8 milyard dollar gəlir 17,2 faizlik bir azalmanı göstərir.

Azərbaycan Qazaxıstan və Rusiyadan idxal olunan neft hesabına həm daxili tələbatı, həm də ixrac balansını qorumağa çalışır. Lakin Rusiya neftinə tətbiq edilən sanksiyalar çətinliklər yaradır. Türkiyədə yerləşən “Star” Neft Emalı Zavodunun əsas xammalı Rusiya neftidir. Avropa İttifaqının zavodun məhsullarının idxalına qoyduğu qadağa Azərbaycanın ixrac göstəricilərinə də mənfi təsir edəcək.

Məlumdur ki, ixracın azalasının əsas səbəblərindən biri neft hasilatının aşağı düşməsidir. 

Hökumət büdcə gəlirlərini neftin 70 dollar/barel qiyməti üzərindən hesablayıb. İlin birinci rübündə qiymət 77 dollar olsa da, ikinci və üçüncü rüblərdə 69–70 dollar arasında dəyişib. İndi isə həm hasilatın, həm də qiymətlərin enməsi fonunda icmal büdcənin gəlirlərinə dair proqnozda kəsirin yaranması ehtimalı artır.

İyul ayında isə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin tərkibində çirkləndirici maddələrin aşkarlanması isə başqa bir böhranın bünövrəsini qoydu. Məhz bu səbəbdən 2 ay BTC-dən nəql olunan Azərbaycan neftinin satışında çətinliklər yaşandı. Həmin ay BTC kəməri ilə gündəlik tankerlərə yüklənmə həcmi 423 min barel təşkil edib. Bu da nəzərdə tutulan 561 min bareldən xeyli az oldu. Ceyhan limanında artıq iki aydır alıcılarını gözləyən Azərbaycan neftinin bəzi partiyalarına daha aşağı qiymətlər təklif edilir. 

Sadalananlarla yanaşı, neft hasilatının azalması yalnız satışdan əldə edilən gəlirləri deyil, həm də tranzit və yükdaşıma xidmətlərindən gələn vəsaiti azaldıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk yarısında boru kəmərləri ilə yükdaşımadan əldə olunan gəlir ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz azalaraq 523,5 milyon manat təşkil edib.

Son illərdə qaz hasilatında artım müşahidə olunur. Hətta ixracdakı payı 30 faizdən 34,6 faizə qədər yüksəlib. Lakin bu, neftdən asılılığı aradan qaldırmır. Azərbaycan iqtisadiyyatının yarıdan çoxu hələ də neft gəlirlərinə bağlıdır və qaz gəlirləri yaranmış boşluğu doldurmağa kifayət etmir.

Beləliklə, qiymətlərlə bağlı mənfi proqnozları və hasilatın azalmasını nəzərə aldıqda, qarşıdakı bir ildə Azərbaycan iqtisadiyyatını ciddi sınaqlar gözləyir. Ölkənin illik 23-24 milyard dollarlıq gəlirini əvəz edəcək alternativ mənbələrə qısa müddətdə nail olmaq isə real görünmür.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar