Ukrayna ətrafında cərəyan edən və bir-birini sürətlə əvəzləyən qəribə hadisələr əsasında yekun nəticəyə gəlmək hələ ki, tezdir. Lakin müəyyən həqiqətlər yavaş-yavaş üzə çıxmağa başlayır.
Bir neçə gün bundan öncə dünya ictimaiyyəti ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyindən danışırdı. İndi isə Tramp müharibənin bitməsinin Ukrayna Prezidenti Volodimir Zelenskidən aslı olduğunu deyir. Ancaq o, Zelenskinin hansı şərtlərlə bunu edəcəyinə aydınlıq gətirmir. Digər yandan, ABŞ Prezidenti deyir ki, Krımı Obama verib və Ukrayna NATO-ya daxil olmaycaq. Artıq buradan anlaşılır ki, Zelenski ağır güzəştlərə getməli, əvəzində isə Ukrayna NATO-ya girmək kimi mühüm təhlükəsizlik təminatını da almamalıdır. Yumşaq desək, bir tərəfdən Ukraynanı açıq-aydın kapitulyasiyaya sürükləyirlər, digər tərəfdən də yaxşı bilirlər ki, Zelenski bununla qətiyyən razılaşmayacaq.
Trampın mövqeyi aydın görünür və elə təsəvvür yaranır ki, o, bu müharibəni Putin üçün sərfəli olan şərtlər daxilində bitirmək niyyətindədir. Amma Trampa Rusiyanın qalib gəlməsi yox, onun tam mənası ilə ABŞ-dən asılı olması gərəkdir və əslində, hər şey məhz buna hesablanıb.
Yeri gəlmişkən, Avropa liderlərinin Vaşinqton səfərindəki məqsədləri üzdə Zelenskiyə dəstək verilməsi kimi təqdim olunsa da, reallıqda üstüörtülü şəkildə Trampın planına yaşıl işıq yandırmaq kimi görünür. ABŞ və Avropa faktiki yaxın mövqelərdən çıxış edirlər və onların Rusiya barəsindəki tezisləri bir çox hallarda üst-üstə düşür. Məsələn, Tramp Rusiyaya qalib gəlməyin mümükünsüzlüyünü tez-tez vurğulayır. Avropanın aparıcı dövlətlərnin liderləri isə bu məsələdə susurlar.
İndi məlum olur ki, onların heç biri tarixi yaxşı bilmir. Əvvəla, Rusiya öz tarixi boyunca dəfələrlə məğlub olub, lakin Qərb dünyası hər dəfə onu məhv olmaqdan xilas edib. İkincisi isə indiki vəziyyətdə Rusiyanın döyüş meydanında ağır yenilgiyə uğradılması tam reallıqdır, amma Qərbdə bunu ya görmürlər, ya da bunun baş verməsini istəmirlər.
Vaşinqtondakı sammit bəlkə də Qərb dünyasının öz tarixi ərzində ən böyük rüsvayçılığı kimi dəyərləndirilməlidir. Qərb bütün sahələr üzrə özündən iyirmi dəfə zəif olan, haliyədə isə iqtisadi cəhətdən tənəzzülə yaxınlaşan Rusiya qarşısında aciz və boynu bükük dayanıb...
Döyüş meydanında Rusiyanın vəziyyəti ilə Ukraynanın durumunu müqayisə etsək, demək olar ki, elə bir ciddi fərq yoxdur. Odur ki, Ukrayna ordusu elə bərbad halda deyil ki, Ağ Ev Kiyevdən böyük güzəştlərə getməyi tələb etsin. Sözsüz ki, ABŞ Rusiyanın necə ağır itkilər hesabına cüzi ərazilər zəbt etməsindən xəbərdardır. Həmçinin, Rusiyanı daha da çətin vəziyyətə salmaq üçün Ukraynanın əlində yaxşı şanslar var. Rusiyanın zəif yerləri göz önündədir, onlar hərb meydanında faktiki heç nə edə bilmirlər. Rusiya ordusunun son 1000 günlük hücumu nəticəsində Ukraynadan qamarladığı ərazi təxminən 6 min kv. kilometrdir. Bu, Rusiyaya sanitar itkilərlə birlikdə bir neçə yüz min əsgər itkisi hesabına başa gəlib.
Rusiyanın ordusunu və neft sənayesini (Neft Emalı Zavodalrını) darmadağın etmək elə də çətin iş deyil, bunun üçün Qərb dünyası Ukraynaya yaxşı kömək göstərməlidir. Lakin alovlu bəyanatlara və çoxsaylı vədlərə baxmyaraq, onlar bunu etmək fikrindən uzaqdırlar. ABŞ və Avropa Ukraynaya lazımi təhlükəsizlik təminatı məsələsinin vacibliyini vurğulasalar da, onun NATO-ya üz olmasına razılıq vermirlər və deyirlər ki, bəs bu, Rusiyanı qıcıqlandırar. Soruşmaq lazımdır ki, Rusiya qıcıqlanıb nə edəcək?
Hələ bu azmış kimi, yeni bir termin düşünüb tapıblar - “ərazi mübadiləsi”. Hazırda Ukraynanın Luqansk vilayətinin 99%-i, Donetsk vilayətinin 76%-i, Zaparojye vilayətinin 73%-i, Xerson vilayətinin 73 %-i, Xarkov vilayətinin -4%-i, Dnepr, Nikolayev və Sumı vilayətlərinin isə 1 %-i Rusiya işğalı altındadır. Deməli, Donald Tramp və Avropa liderləri ərazi mübadiləsi deyəndə Xarkov, Dnepr, Nikolayev və Sumı torpaqlarının geri qaytarılması müqabilində Donetsk vilayətinin yerdə qalan ərazilərin təmas xəttinə kimi Rusiyaya verilməsini nəzərdə tuturlar.
Əgər Ukrayna NATO-ya üz olmayacaqsa, Rusiya müəyyən bir müddətdən sonra imzalanan istənilən sülh sazişini pozaraq, yenidən təcavüzə baş vuracaq. Buna şübhə edənlər Rusiyanın xarakterindən bixəbərdirlər. Rusiya 1991-ci il 8 dekabr tarixindən sonra Ukraynanın ərazi təhlükəsizliyinə dörd dəfə təminat verib. Bunlar 21 dekabr Alma-Ata bəyannaməsi, 5 dekabr 1994-cü il Budapeşt Memorandumu, 31 may 1997-ci il “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” və 28 yanvar 2003-cü ildə imzalanmış “Rusiya-Ukrayna dövlət sərhədi haqqında” sazişdir.
Proseslər göstərir ki, Zelenski Putin ilə görüşməkdə olduqca maraqlıdır. Yəqin ki, bu baş tutacaq. Əks təqdirdə, Putinin qorxaqlığı bir daha üzə çıxacaq və o, siyasi karyerasında ən ciddi zərbələrdən birini alacaq.
İndi bir şey aydın görünür ki, Vaşinqtonda hansı bəyanatların səslənməsinə, nələrin danışılmasına baxmayraq, heç nə öz gerçək həllini tapmadı. Siyasi arenada püxtələşən və böyük təcrübə toplayan Volodimir Zelenski Qərbin siyasi istəyindən asılı olmayaraq, böyük ehtimalla reallığa uyğun addımlar atacaq. Reallıq isə hər şeyin Ukrayna ordusundan asılı olduğunu deyir. Zelenski yaxşı bilir ki, hiyləgər fəndlərlə janqlyorluq edən Putin öz mövqeyindən geri çəkilməyəcək və danışıqlar böyük ehtimalla nəticəsiz qalacaq. Bundan sonra isə ABŞ yenidən dövriyyəyə qoşulacaq və müharibə ilə paralel “danışqlar karuseli” davam edəcək. Bəlkə də, ABŞ-yə müharibənin hələ bir müddət uzanması sərfəlidir...
Vaqif Nəsibov
“AzPolitika.info”