Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deportasiya hədəsi MDB-də sosial partlayış yarada bilər

21-04-2021, 09:05   



Hətta miqrantların yarısının qayıtması Azərbaycanda işsizliyi və sosial gərginliyi artıra bilər  

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy Milli Məclisin spikeri Sahibə Qafarovanın da iştirak etdiyi MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Rusiya DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

Göründüyü kimi, Azərbaycana da kifayət qədər miqrantın geri qaytarılması şərti qoyulub ki, bu da indilikdə ölkə üçün o qədər də yaxşı hal deyil. Aydındır ki, bu adamların hətta yarısının qayıtması ölkədə işsizliyi və sosial gərginliyi artıra bilər. Eləcə də bu risk digər MDB ölkələrinə də var. Rusiya əlbəttə ki, bu təhlükəni də bilir. Amma onlar da öz ölkələrində qayda-qanun yaratmaq istəyirlər ki, buna etiraz etmək olmaz. Bəs Azərbaycan 120 min miqrantın problemini necə həll etməlidir, həll yolları nə olmalıdır, Rusiyadakı səfirliyin üzərinə hansı iş düşür?
Qeyd edək ki, ölkəsini qanunsuz miqrantlardan təmizləmək Rusiya hökumətinin qanuni haqqıdır. Lakin o da bəllidir ki, pomidor məsələsində, Türkiyəyə qarşı turist məsələsində olduğu kimi, miqrant məsələsindən də Rusiya MDB ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, əksər hallarda Rusiya hər hansı təzyiq və ya iqtisadi resessiya ilə üzləşdikdə, həmçinin əməkdaşlıq etdiyi ölkələrə qarşı  təzyiq aləti kimi istifadə etmək zərurəti hiss etdikdə bu üsula əl  atır: “Bu, əslində Rusiyanın haqqıdır. Qanunsuz miqrantların ölkədən deportasiya edilməsi bütün ölkələrin prioritet məsələlərindən biridir. Lakin Rusiya təcrübəsində vəziyyəti nisbətən fərqli aspektdən qiymətləndirmək olar. Xüsusilə də MDB ölkələri çərçivəsində məsələyə baxdıqda Rusiya uzun müddət, xüsusən də SSRİ dövründə bu ölkələrin vətəndaşları üçün əsas əmək bazarı və miqrasiya istiqaməti hesab olunub. Azərbaycanda hər 100 miqrantdan 65-i Rusiyaya miqrasiya edib. Rusiya da bu məsələyə kifayət qədər liberal yanaşıb. Həm lazım olduğu təqdirdə bu alətdən istifadə etmək üçün, həm də eyni zamanda uzunmüddətli böyük Rusiya planları çərçivəsində bu məsələni diqqətdə saxlayıb. Bəzi hallarda bunu təzyiq kimi istifadə edirlər.  Mediada yayılan son rəqəmlərə görə, Rusiyada təxminən 120 min nəfər qanunsuz azərbaycanlı miqrant var. Onların Azərbaycana göndərilməsi mümkündür”.
Rəşad Həsənov: "Problemli kreditlərin həlli bank sisteminin  sağlamlaşdırılması üçün əhəmiyyətlidir" - YouTube
Rəşad Həsənov
R.Həsənov vurğuladı ki, bu, ilkin olaraq açıqlanmış fikirdir və Rusiya  müvafiq olaraq aidiyyəti ölkələrdən nəyinsə əldə edilməsi, siyasi-iqtisadi məsələlərdə üstünlük qazanması üçün irəli sürür: “Rusiyanın istədiyi  baş tutarsa, proses dayanacaq və ya yumşaq şəkildə görüntü naminə icra olunacaq. Əlbəttə ki, Rusiya burada nəzərdə tutduğunu ala bilərsə. Bu şərtlər daxilində Azərbaycan hökumətinin görəcəyi ilk iş Rusiya hökuməti ilə danışıqlar aparmaq olmalıdır. Xüsusilə hazırkı vəziyyəti təhlil etsək, pandemiya iqtisadiyyatda çətinliklər yaradıb. Əmək bazarında rəsmi göstəricilərə görə işsizlik səviyyəsi 7 faizin üzərindədir. Qeyri-rəsmi hesablamalar isə göstərir ki, bu təxminən 15-20 faiz ətrafındadır. Belə olan halda, Rusiyada aktiv iqtisadi mühitdə fəaliyyət göstərmiş, daha çox gəlirlər əldə etmiş insanların Azərbaycana qayıtması əmək bazarında təzyiqlər yaratmaqla yanaşı, işsizlik problemini artırmaqla yanaşı sosial problemləri də dərinləşdirə bilər”.
İqtisadçı ekspert vurğuladı ki, burada işsizliklə yanaşı, remitensilərin azalması da mühüm məsələdir: “Azərbaycana göndərilən hər 100 dollar remitensinin 70 dolları məhz Rusiyada yaşayan miqrantlar hesabına gəlir. Onların bir qisminin Rusiyadan çıxarılması həmin remitensilərin də kəsilməsinə gətirib çıxaracaq. Azərbaycanın müəyyən bölgələrinin sosial-iqtisadi həyatının formalaşmasında bu remitensilər çox əhəmiyyətli idi. Xüsusilə də Lənkəran, Masallı kimi bölgələrin nümunəsində biz bunu daha aydın görə bilərik. Burada əhalinin dolanışığı məhz Rusiyadan göndərilən remitensilər hesabına formalaşır. Onların kəsilməsi həmin bölgələrdə sosial vəziyyəti ağırlaşdıra bilər. Bu cüzi də olsa tədiyyə balansına da mənfi təsir göstərəcək. Çünki remitensilər ölkəyə valyuta daxilolmasını təmin edən mənbələrdən biridir. İndiki şərtlərdə valyuta daxilolmalarının azalması heç də arzuolunan deyil”.
MDB-yə üzv dövlətlər vətəndaşlarını Rusiyadan çıxarsın – İyunun 15-dək vaxt  verildi
Ekspertin fikrincə, bu həm də ölkədə cinayətkarlığı artıracağı üçün hökumət Rusiya ilə danışıqlara başlamalıdır: “Digər  bir məqam isə bu məsələnin cinayətkarlıq aspektindən qiymətləndirilməsidir. Fərqli bir iqtisadi mühitdə yaşamış, yaxşı gəlir əldə etmiş insanların birdən-birə işsiz qalması, alışdığı mühitdən kənar yerə göndərilməsi aqressiyanı artıra bilər. Bu aqressiya isə müxtəlif istiqamətlərdə cinayətkarlığı tətikləyə bilər. Xüsusən də cənub bölgələrində narkobiznesin güclənməsinə, bu istiqamətdə fəaliyyət göstərənlərin sayının artmasına gətirib çıxara bilər. Hökumətin görəcəyi işlərdən biri də preventiv alətlərdən istifadə edərək vəziyyəti nəzarətdə saxlamaq olmalıdır.
Bütün bunlar sonrakı prosesdir. İlk olaraq hökumətlər, o cümlədən Azərbaycan hökuməti Rusiya hökuməti ilə əməkdaşlıq çərçivəsində bu problemi həll etməyə çalışmalıdırlar. Ən azından zamanı uzatmaq olar. Oradakı miqrantların qeydiyyata düşməsi ilə bağlı Azərbaycan tərəfindən yaradılmış çətinliklərin, sənədləşmə ilə bağlı məsələlərin həll edilməsində də müəyyən dəstək verilə bilər. Azərbaycan tərəfindən proses sürətləndirilə bilər və həmin şəxslərin bir qismi uçota alınmaqla bu təhdiddən xilas ola bilər. Bu təcrübə 2014-2015-ci illərdə də özünü göstərdi. Həmin dövrdə də miqrantlarla bağlı çox böyük çətinliklər yarandı. Miqrantların əhəmiyyətli bir hissəsi qeydiyyata düşməklə bu təzyiqdən xilas oldu. Həmin imkandan bu gün də yararlanmağa ehtiyac var".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar