Azərbaycanda 20-dən çox ailə aylardır ki, İkinci Qarabağ müharibəsində itkin düşmüş yaxınlarının taleyindən bixəbərdir və onlar qeyri-müəyyən vəziyyətdən yorulublar.
"Niyə bir belə əziyyət çəkməliyəm? Savaş qazanan ölkəyik, bu gün hamı evində sevinib, deyib- gülürsə, mən niyə hər gün ağlamalıyam?"- övladı ötən ilin payızında başlamış müharibədə itkin düşmüş valideynlərdən biri deyir.
Azərbaycanın müxtəlif bölgələrindən olan 20-dən çox ailə bir neçə aydır ki, bir sıra dövlət orqanları qarşısında itkin sayılan hərbçilərin axtarışının, nəhayət ki, bir nəticə verməsi tələbini qaldırıblar.
Valideynlər övladlarının taleyi barəsində məlumatsızlıqdan narazıdırlar və onların çoxu yaxınlarının əsir götürüldüyünü düşünür.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən BBC News Azərbaycancaya deyiblər ki, hazırda qurumun "Ermənistanda baş çəkdiyi Azərbaycan vətəndaşı yoxdur".
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, itkin hərbçilərin axtarışı davam etdirilir.
Valideynlərdən biri Bəylər Pənahovun 30 yaşlı zabit oğlu Əkbər Pənahovla əlaqəsi sentyabrın 27-dən kəsilib.
BBC News Azərbaycancanın danışdığı itkin hərbçi ailələrinin əksəriyyəti döyüşçü yaxınları ilə əlaqənin məhz müharibənin başladığı gün, sentyabrın 27-dən kəsildiyini deyir.
Əkbər Pənahov Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, ailəlidir ,2 övladı var.
"Döymədiyimiz qapı qalmayıb," - telefonda yorğun, nigaran səslə danışan ata deyir.
Hələ də taleyi barədə bir məlumat olmayan hərbçilərin ailələri müxtəlif dövlət qurumlarında olublar, amma "tutarlı cavab" ala bilməyiblər.
"Deyirlər, axtarırıq, axtarırıq, səbr edin, səbr edin... Kamran Əliyev (baş prokuror-red.), Xanlar Vəliyev (hərbi prokuror -red.), Zakir Həsənov (müdafiə naziri -red.) qəbul edib. Deyirlər, səbr edin, inşallah, yaxşı olar. Bizdə də səbr kasası daşıb. Ailə-uşaq, hamımız məhv olub gedirik,"- Bəylər Pənahov deyir.
Bəylər Pənahov övladının sağ olduğunu və əsir götürüldüyünü güman edir.
"Düşünmürəm ki, [oğlum] həyatını itirib. Ola bilər ki, əsirdir. Yaralı olub, erməni götürüb. Bu versiya daha yüksəkdi. Ararat TV-də onun vəsiqəsini erməni göstərib, ona görə də əsir düşdüyünə əminik,"- Bəylər Pənahov deyir.
Atanın sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev onlara söz verib ki, "bu ayın axırına nəticə olmalıdır".
İtkin hərbçilərin valideynlərinin DTX rəisi ilə görüşü və atılan addımlarla bağlı qurumdan şərh almaq mümkün olmayıb.
Digər valideyn Səməd Vəliyevin oğlu, 22 yaşlı zabit İbrahim Vəlizadə də Əkbər Pənahovla eyni yerdə xidmət edib və eyni yerdə döyüşüb.
O, Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi bitirib, Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur, 1 il Türkiyədə təhsil alıb, nişanlıdır.
"Axırıncı dəfə 26 sentyabrda, günorta saat 4-ə danışdıq... dedi, özünüzdən muğayat olun, sağ-salamatlıqdı, telefonu söndürəcəm, mənə zəng çatmayacaq, narahat olmayın, axırıncı sözü o oldu. Səhər də müharibə başladı, zəng vurduq, zəng çatmadı, vatsapla yazdım, iki işarə düşdü, baxmadı,"- Səməd Vəliyev oğlu ilə son söhbətini belə xatırlayır.
Naxçıvanın Şərur rayonun sakini Səməd Vəliyev 2 aydır ki, oğlunun axtarışları ilə bağlı Bakıdadır.
BBC News Azərbaycancanın danışdığı valideynlər deyirlər ki, müharibənin bitməsinə qədər səbr ediblər, lakin indi, müharibənin bitməsindən aylar sonra onlar bu hərbçilərin harada olmasi ilə bağlı cavab istəyirlər.
"Dedik, müharibədi, orada hər şey ola bilər, buna dözməliyik... Müharibə bitənə qədər soyuqqanlı oldum. Müharibə qurtarandan sonra da dizim qırıldı, başqa nə edə bilərəm ki?!"- o deyir.
"Müharibə vaxtı hər şey ola bilərdi, oğlum şəhid də ola bilərdi, qazi də, sağ da gələ bilərdi. Müharibə bitənə qədər mən bununla yaşadım, ancaq müharibə bitəndən sonra mənə təsir edir axı. Ortada yoxdur, ortada olmamağı bizi üzür, ailəlikcə çox əziyyət çəkirik... Niyə bir belə əziyyət çəkməliyəm? Savaş qazanan ölkəyik, bu gün hamı evində sevinib, deyib gülürsə, mən niyə hər gün ağlamalıyam?"- Səməd Vəliyev deyir.
O, Əli Nağıyevlə görüşdən ümidlə ayrılıb və ona deyilib ki, "məsələ ilə ciddi maraqlanacaqlar".
Səməd Vəliyev də düşünür ki, övladı əsir düşüb və buna görə də axtarışın Azərbaycan ərazisində aparılmasını düzğün saymır.
"Güman etmirlər ki, uşaqlarımız qarşı tərəfdə ola bilər, bu tərəfdə axtarırlar. Bilirəm ki, oğlum burada, qarın altında yoxdur. Valideyinəm, içimdə elə hiss yoxdur ki, uşağıma nəsə olub. O gümanla yaşayıram ki, uşağım sağdır,"-o deyir.
İtkin baş leytenant, 27 yaşlı Qənbər Qənbərli sonuncu dəfə kiçik qardaşı və həyat yoldaşı ilə danışıb. Həmin vaxt onun qardaşı da müharibədə döyüşürmüş.
Müharibə başlayan gündən Tərtərdə yaşayan ailəsi ondan xəbər ala bilmir.
Atası Bəhruz Qasımov həm böyük oğlunun taleyindən, həm də döyüşlərdə müxtəlif qəlpə yaraları almış kiçik oğlunun səhhətindən nigarandır.
"Heç kəsin başına gəlməsin, yaşayırıq bunu, Allah keç kəsə belə dərd göstərməsin," - o deyir.
Ata danışır ki, Qənbərin 3 yaşlı qızı da atasının sorağındadır.
"Yeddi aydır Qənbərin şəklini ürəyimin üstündə hərləyirəm. O qədər ağıllı uşaqdır ki, şəkli cibimdə görüb, əlini uzadır, deyir, ata. And olsun Allaha, o uşağın üzünə baxa bilmirəm,"- ata Bəhruz Qasımov çarəsizcəsinə deyir.
Ölkə Prezidentindəın yardım istəyən ata əmindir ki, onun oğlu sağdır və əsirlikdədir.
Səfərbərlik çağırışı ilə müharibəyə gedən 23 yaşlı Elnur Qədirlinin qardaşı da onun əsirlikdə olduğunu düşünür.
"Oktyabrın 7-si axırıncı dəfə evlə əlaqə saxlayıb. Deyib, bizi döyüşə aparırlar, amma hara gedirəm, bilmirəm. Salamat olduğunu düşünürəm, ailədə hamımız DNK analizi vermisik. İndiyə qədər ölüm-itim hadisəsi olsaydı, ortaya çıxmışdı, əsir ehtimalından şübhələnirik,"- o deyir.
Tovuz sakini Xəyalə Nağıyevanın da həyat yoldaşı, 30 yaşlı, 2 uşaq atası Pərviz Nağıyevlə müharibə başlayan gündən əlaqəsi kəsilib. O da Pərviz Nağıyevin əsirlikdə olduğunu güman edir.
"18 gün iş günü olub, təlimsiz döyüşə gedib. Sentyabrın 25-i bizimlə danışıb, sentyabrdan bu günə qədər heç bir məlumat yoxdur. Kimə gedirik, deyir, səbr et. Yeddi ayda nə qədər səbr edək,"- 29 yaşlı Gəncə sakini Elvin Mustafayevin atası Fəxrəddin Mustafayev deyir.
Elvinin 3 övladı var, sonbeşik qızı 2 ay yarımlıqdır və atası onun üzünü görməyib.
O, sentyabrda Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olmaq üçün müqavilə imzalayıb. Son telefon danışığında qardaşına " döyüşə gedirik, uşaqları sənə tapşırıram" deyib.
Fəxrəddin Mustafayev deyir ki, o, Beynəlxalq Qızıl Xaç Komitəsindən övladını "ölülər içində yox, dirilər içində axtarmasını" istəyib.
"Bəlkə heç qarın altında deyil, ermənidədir, niyə ölü kimi axtarırsınız, diri kimi də axtarın,"- o deyir.
"Axtarış zamanı minaya düşüb şəhid olan hərbçilərimiz var"
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, münaqişə bölgəsində itkin hərbçilərin axtarışı davam edir.
Nazirliyin sözçüsü Vaqif Dərgahlı deyir ki, indiyə kimi tapılıb ailəsinə verilən hərbçilər var:
"Hər yerdə axtarılır, hətta buna görə minaya düşüb yaralanan, şəhid olan hərbçilərimiz var".
Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirirlər ki, hazırda qurumun "Ermənistanda baş çəkdiyi Azərbaycan vətəndaşı yoxdur".
Qurumdan bildirirlər ki, BQXK-nin işitrakı ilə münaqişə tərəfləri və rus sülhməramlıları döyüşlərin aparıldığı ərazidə noyabr ayından başlayaraq mütəmadi axtarış həyata keçirirlər.
"Bu, itkin düşənlərinin taleyinin aydınlaşdırılması ilə bağlı əməliyyatlardır,"- BQXK-nin Azərbaycan nümayəndəliyindən deyirlər.
Ermənistan XİN başçısı martın sonunda parlamentdəki çıxışında deyib ki, "Ermənistanda azərbaycanlı hərbi əsir yoxdur- Yerevan öz humanitar öhdəliklərini yerinə yetirib".
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan 30 ilə yaxındır Ermənistanın işğalında olan Dağlıq Qarabağın ətrafındakı Cəbrayıl, Füzulu, Zəngilan, Qubadlı rayonlarını döyüşərək geri alıb.
Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Bundan başqa, Azərbaycan ordusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Hadrut, Suqovuşan ərazilərini, Xocavənd və Xocalının bəzi kəndlərini də işğaldan azad edib.
Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 44 gün çəkən müharibənin başa çatması ilə nəticələnən birgə bəyanat imzalayıblar.
Müharibə zamanı hər iki tərəf birlikdə 6 minə yaxın hərbçisini itirib.
Atəşkəs bəyanatına görə, 1960 Rusiya sülhməramlılsı Qarabağda təmas xəttində yerləşdirilib və daha sonra Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsini Azərbaycana döyüşsüz təslim edib.
Azərbaycan Müdafiə Nazirliyinin martın 27-nə olan məlumatına görə, İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların siyahısında 28 nəfər var.