Prezident Adminstrasiyasından AXP sədri Pənah Hüseynə bildirilib ki, Milli Şura sədri Cəmil Həsənlinin qızının adı hallandığı video ilə bağlı məsələdə "heç bir dövlət orqanlarının bu işdə iştirakından söhbət gedə bilməz".
İki gün öncə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb.
Cəmil Həsənli BBC News Azərbaycancaya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.
O, Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. Cəmil Həsənli vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".
Ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycancaya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin "özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını" bildirib.
BBC News Azərbaycancaya danışan yerli hüquqşünaslar deyirlər ki, ölkədə son bir neçə ildə dəfələrlə ayrı-ayrı hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin intim görüntülərinin yayılması və bu barədə hüquq mühafizə orqanlarının tədbir görməməsi belə bir fikir formalaşdırır ki, bu, "şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BBC News Azərbaycancaya deyir ki, Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə ilə bağlı ittiham etmək absurdur və iqtidarın "belə yollara əl atmasına ehtiyacı yoxdur".
BBC News Azərbaycanca məsələ ilə bağlı Baş Prokurorluqdan şərh ala bilməyib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, bəzi siyasi partiyalar və ictimai xadimlər Cəmil Həsənlinin qızının olduğu iddia edilən video ilə bağlı Prezident Adminstrasiyasına müraciət ediblər ki, bu məsələyə tezliklə aydınlıq gətirilsin və günahkarlar tez bir zamanda aşkar edilib cəzalandırılsınlar.
Pənah Hüseyn BBC News Azərbaycancaya deyib ki, Prezident Adminstrasiyasından şifahi aldığı cavab belə olub:
"Məlumat verildi ki, bu məsələdə heç bir dövlət orqanlarının bu işdə iştirakından söhbət gedə bilməz. Əksinə bu, dövlətə və hazırda müxalifətlə dialoq kursu götürülüb, həm də o prosesə qarşı genişmiqyaslı təxribatdır. Onlar (Prezident Administrasiyası-red.) hətta xarici gücləri də istisna etmirlər. Qəti şəkildə bildirildi ki, bu məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb və tapşırıq verilib ki, bu cinayətin üstü açılmalıdır. Cinayətkarlar tapılıb cəzalandırılmalı və bu barədə ictimaiyyətə də məlumat verilməlidir".
Pənah Hüseynin fikrincə, Cəmil Həsənlinin ailəsi ilə bağlı edilən bu hərəkətlər bütovlükdə cəmiyyətə, insan haqlarına qarşı çox ciddi bir reaksiya yaratmış hadisədir və "fəsadları da göz qabağındadır."
Keçmiş baş nazirin sözlərinə görə, iki gündür bu hadisə nəticəsində cəmiyyətdə yaranan əminlik odur ki, Dövlət Xüsusi Xidmət Orqanlarının özü Cəmil Həsənlinin siyasi mövqeyi ilə bağlı olaraq ona qarşı təxribat həyata keçirib. O vurğulayır ki, bu işin icraçıları tapılıb ortaya çıxarılsa, bu iradlara, şübhələrə və ittihamlara nöqtə qoyula bilər.
"Əks təqdirdə bu məsələ heç şübhəsiz ki, ən azı ictimai rəydə hakimiyyətin üzərində qalmaqda davam edəcək. Bu baxımdan, deyilən yoxlamanın bitməsini gözləmək lazım gəlir. Mən də orada da demişəm ki, hazırda bu hadisənin aşkarlanması təkcə bir fərdin hüquqlarının qorunması yox, bütövlükdə dövlətin şərəf məsələsidir".
Cəmil Həsənli bazar günü yayılmış video görüntüdə qızının olması iddiaları ilə bağlı öz Facebook hesabında açıqlama verərək 38 yaşlı qızının öz şəxsi həyatının ola biləcəyini bəyan edib:.
"Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur,"- cənab Həsənli yazıb.
O bildirib ki, "əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir".
"Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur," - Cəmil Həsənli vurğulayıb.
Azərbaycan Konstitusiyasının 32-ci bəndinə görə, ölkə qanunvericiliyi şəxsin özəl görüntülərinin özünün icazəsi olmadan, qeydə alınmasını, saxlanmasını və yayılmasını qadağan edir, bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir və hər kəsin şəxsi həyatının toxunulmazlığının dövlət təminatı altında olduğunu bildirir.
Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan Günel Həsənlinin adının ictimaiyyət arasında hallanması ilk dəfə deyil. 2014-cü ildə o, idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi.
Vəkilləri müvəkkillərinə bəraət tələb etmiş, ittihamın sübuta yetirilmədiyini bildirmişdilər. Hazırda onların şikayəti Avropa Məhkəməsindədir.
O zaman Cəmil Həsənli bəyan etmişdi ki, qızı ilə bağlı yaranmış bu məsələ onun siyasi fəaliyyəti ilə bağlıdır.
2013-ci ildə ölkənin əsas müxalifət qüvvələrinin yaratdığı Milli Şuranın prezident seçkisində vahid namizədi tarixçi Cəmil Həsənli olmuşdu. Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı yekun rəyinə görə, o, 6 faizə yaxın səslə ikinci yerdə gəlirdi. Seçkinin qalibi 85 faizə yaxın səslə indiki prezident İlham Əliyev idi və Cəmil Həsənli təbliğat-təşviqat prosesi zamanı onu və hakimiyyəti sərt tənqidi ilə ictimaiyyət arasında tanınmışdı. Cəmil Həsənli sonralar da hakimiyyətin sərt tənqidi xəttini yumşaltmadı.
Təxminən 15 ildir ki, müəyyən fasilələrlə Azərbaycanda hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin şəxsi görüntülərinin yayılması halları baş verir.
2005-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidov və qəzetin həmin vaxt məsul şəxslərindən birinin ictimai-iaşə müəssisələrinin birində iki qadınla çılpaq fotosu yayılmışdı.
2012-ci ildə araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın evinə yerləşdirilmiş video kamera ilə onun şəxsi görüntüləri lentə alınmış və sonradan İnternet portallarında yayılmışdı.
Son hadisələrdən biri video bloqçu Məhəmməd Mirzəli ilə bağlıdır: O bu ayın əvvəlində bildirib ki, bacısının intim görüntüləri olduğu deyilən videonun özünə və digər bloqçulara göndərilməsiylə hədələnib.
Azərbaycanda "Qadın qətlləri siyasidir" devizi altında fəaliyyət aparan feminist qruplardan birinin fəalı Nərmin Şahmarzadənin isə Facebook səhifəsi ələ keçirilib və şəxsi yazışmaları sosial şəbəkələrdə yayılıb. Onların arasında Nərmin Şahmarzadənin ictimai fəal Bəxtiyar Hacıyevlə yazışdığı iddia olunan və şəxsi söhbəti ehtiva edən ekran görüntüləri də yer alıb.
Sonradan həm Bəxtiyar Hacıyev, həm də Nərmin Şahmarzadə bu yazışmanın saxta olduğunu bəyan ediblər.
Bu halların hər birində zərərçəkənlər Azərbaycan hakimiyyətini günahlandırıb və bildiriblər ki, şəxsi həyatlarına müdaxilənin səbəbi hakimiyyətə qarşı sərt tənqidi mövqe tutmamaları olub.
Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidov 2005-ci ildə üzləşdiyi hadisəni "polis əməliyyatı" sayır və ona görə də bunu hüquqi müstəviyə daşımayıb və bu işlə bağlı cinayət işi açılmayıb : "Mən onun məhkəmə perspektivinin olmayacağını nəzərə alaraq, əlimi yelləyib üstündən keçdim.
Heç nəyi sübut etmək mümkün deyil. Sadəcə ortalıqda həmin məsələnin zaman-zaman gündəmdə qalmasını istəmədim. Ondan sonra da bu cür hadisələr davamlı oldu. Məhkəməyə müraciət edənlər də oldu. Bildiyim qədəriylə heç bir perspektivi olmadı".
Xədicə İsmayılovanın vəkili olmuş Yalçın İmanov BBC News Azərbaycancaya deyir ki, Azərbaycanda bu məzmunda indiyə qədərki işlərdə, o cümlədən Xədicə İsmayılovanın işində yalnız zərərçəkmişin özünün israrı, inadı, davamlı mücadiləsi və mübarizəsində cinayət işi başlayıb.
"Müəyyən istintaq hərəkətləri aparıldıqdan və Xədicə xanımın izahatı alındıqdan sonra digər istintaq hərəkətlərinin aparılması faktiki olaraq dayandırıldı. Bununla bağlı da hər hansı bir səmərəli araşdırma aparılmadı. Sonra da cinayət işi üzrə icraat dayandırıldı".
O deyir ki, çoxsaylı yazışmalara baxmayaraq, dayandırılma ilə bağlı qərar belə onlara təqdim olunmayıb.
İsmayılovanın keçmiş vəkili bildirir ki, təxminən 4-5 il sürən prosesin nəticəsində onlar Avropa Məhkəməsinə üz tutublar və jurnalistin lehinə qərar çıxarılmasına nail olublar.
Azərbaycan höküməti Xədicə İsmayılovaya 17 min avro cərimə ödəməli olub.
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsi dövlətin boynuna vətəndaşın şəxsi həyatının toxunulmazlığı ilə bağlı öhdəlik qoyur.
"Eyni zamanda, Cinayət Məcəlləsinin 156-cı maddəsi bütün şəxsi həyata yönəlmiş müdaxilə və şəxsi həyat sirlərinin, video görüntü yaymağı, müdaxilə edib çəkməyi və sairi cinayət əməli hesab edir və buna görə cinayət məsuliyyəti var. Əlbəttə, bu vəzifəli şəxslər tərəfindən törədilirsə, ağırlaşdırıcı hal hesab olunur," - hüquqşünas deyir.
Cənab Məmmədlinin sözlərinə əsasən, belə məlumatlar yayılan zaman şikayətin edilib-edilməməsindən aslı olmayaraq, hüquq-mühafizə orqanları dərhal araşdırma aparmalıdır. Bu zaman görüntülərin kim tərəfindən çəkilib və yayılması müəyyənləşdirilməli və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Ələsgər Məmmədli vurğulayır ki, bu hadisə ölkədə ilk dəfə baş verməsə də, "təəssüf ki, araşdırılmır və belə bir fikir formalaşır ki, bu, şüurlu şəkildə və xüsusi strukturlar vasitəsilə baş verir".
"İnsanın ağlına başqa bir fikir gəlir ki, o zaman burada iştirakçılıq var," - hüquqşünas deyir.
O əlavə edir ki, müxtəlif vaxtlarda ayrı-ayrı müxalifət nümayəndələri, ictimai fəallar, media mənsubları ilə bağlı yayılmış oxşar görüntüləri bunun "qisas zəminində baş verdiyi" fonunu yaradır.
Hüquqşünas, həmçinin onu da qeyd edir ki, belə hallarla bağlı açılan cinayət işləri barədə informasiya qıtlığı var.
"Bu, hüquq-mühafizə orqanlarının ən böyük problemidir və onları şübhə altında qoyur. Onlar belə hadisələri araşdırmalı və mütəmadi olaraq cəmiyyəti məlumatlandırmalıdırlar ki, cinayət işi, araşdırma hansı mərhələdədir? Kimlər şübhəli kimi cəlb olunub və ya oluna bilir?"
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyir ki, Azərbaycan hökumətini şəxsi həyatı ilə bağlı videonun yayılmasında günahlandırmaq absurddur.
"Dünyanın müxtəlif ölkələrində istər şəxsi həyata müdaxilə, istərsə də bu məzmunda digər videolar yayılır. Bu, intiqam xarakterli ola bilir. Hətta öz yaxınları, qohumları tərəfindən belə halla üzləşənlərin nümunəsi var. Bu mənada ortada real sübut olmayıbsa, hökuməti bu məsələlərdə günahlandırmaq absurddur. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək və daha sonra Azərbaycan hökumətini hərəkətsizlikdə ittiham edə bilərlər, lakin istənilən halda bu yalnız hüquq-mühafizə orqanları hərəkətsiz qaldıqda edilə bilər".
Bəhruz Məhərrəmli deyir ki, "faktiki olaraq rəqib tanımayan şəxsin rəhbərlik etdiyi iqtidar bu kimi əməllərə niyə əl atsın?" O əlavə edir ki, Azərbaycan hökumətinin "belə yollara əl atmağa ehtiyacı yoxdur".
Bitərəf deputat belə hallarla üzləşən şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
O, müstəqil hüquqşünasların "belə hallarla bağlı cinayət işləri açılmır, açılan işlərlə bağlı ictimaiyyətə məlumat verilmir" iddialarını absurd adlandırır və əlavə edir ki, istənilən halda hüquqi yollara baş vurmaq lazımdır: "Bir daha deyirəm, istənilən halda hüquq var, qaydaları var, hətta Azərbaycanın daxil olduğu beynəlxalq mexanizmlər var. Azərbaycan məhkəmələrinin və hüquq-mühafizə orqanlarının qərarlarını ora qədər daşımaq imkanları var. Məncə, bu cür iddialardansa, məsələlərin hüquqi həllini axtarmaq daha doğru olar,"- bitərəf deputat bildirir.