ABŞ-da mühacirətdə yaşayan eks spiker Rəsul Quliyev Azərbaycandakı siyasi partiyalarla bağlı maraqlı fikir bildirib.Musavat.com xəbər verir ki, eks spiker sosial şəbəkədəki hesabında Azərbaycan kimi kiçik bir ölkədə 50-dən çox müxalifət partiyasının olmasını anormal adlandırıb: “Azərbaycan keçmiş Sovet məkanında ən çox internetdən istifadə edən ölkələrdən biridir. Çox saylı adı olan, özü olmayan cırtdan partiyaların sədrləri internet azadlığından istifadə edərək, kimlərdənsə pul qopararaq, sifarişlə yazılar yazır, faktiki qanmadan Azərbaycanın çaldığı şanlı qələbəsinə kölgə salmaq istəyirlər”.
R.Quliyev bununla əlaqədar deyib ki, bir daha nadanları başa salmaq istəyir: “10 milyonluq azərbaycanlıların içərisində bir nəfər olsun belə, o cümlədən mən də ordumuzun işğal olmuş ərazilərimizi 2020-ci ilin 27 sentyabrından- 10 noyabrına qədər azad edəcəyinə inanmırdıq. Əslində hamı üçün, o cümlədən özünü müxalifət adlandıran nadanlar üçün bu, gözlənilməz oldu. Mən demişdim, birdə təkrar edirəm ki, bu qələbə tək torpaqları azad etmək deyil, Azərbaycan öz müstəqilliyini təsdiq etdi. Mənim ölkənin şanlı qələbəsinə verdiyim qiyməti ucuzlaşdırmağa cəhd edən ünsürlər var. Aydındır ki, onlar sifarişlə dediklərimi ölkəyə qayıtmaq üçün hakimiyyətə tərif söyləməyim kimi təqdim edirlər. Bu cılız insanlara yazığım gəlir. Azərbaycan sovet məkanında öz torpaqlarını işğaldan azad etməyə nail olmuş yeganə ölkədir, siz bununla fəxr etməlisiniz, ay nadanlar”.
R.Quliyev sonda bildirib ki, Azərbaycana qayıtmağa heç bir cəhd göstərmədən ölkəmizin bu tarixi qələbəsini hələ axıra qədər işıqlandırmayıb: “Bu qələbə mənim üçün Azərbaycana qayıtmaq arzumdan 100 dəfələrlə önəmlidir. Cənab cırtdanlar”.
Anaxeber.info