Pandemiya dövründə müəssisələrə külli miqdarda cərimələr yazılıb.Bu barədə fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən videokonfransda çıxış edən Qida və içki sənayeçilər assosiasiyasının sədri Emin Dostiyari məlumat verib.
O qeyd edib ki, pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.
Eyni zamanda bu cərimələrin silinməsi üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət olunduğu da qeyd edilib.
Qeyd edək ki, pandemiya dövründə yalnız müəssisələrə deyil, fiziki şəxslərə, yəni sadə vətəndaşlara da cərimələr yazılıb.
Maraqlıdır, söhbət hansı cərimələrdən gedir və istər müəssisələrə, istərsə də fiziki şəxslərə tətbiq olunan bu cərimələrin aqibəti necə olacaq, onlar silinəcəkmi?Suallarımızı cavablandıran Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, tanınmış ekspert Mehdi Babayev
Cebhe.info-ya açıqlamasında deyib ki, cərimələr ancaq fəaliyyətinə icazə verilmiş obyektlərdə pandemiya qaydalarının pozulması ilə əlaqədar ola bilər:
“Pandemiya dövründə bəzi şirkətlərdə sui- istifadə halları baş verib. Elə müəssisələr var ki, müəyyən iş icazələrinin alınmasına görə, yaxud bir çox fəaliyyət sahələrinə icaə verilmədiyi üçün müəyyən sahibkarlıq subyektləri fəaliyyətlərini dəyişdirmək məcburiyyətlərində qaldıqlarına görə, onlarda çətinlik yarandı.Amma hesab etmirəm ki, pandemiya dövründə vergidən yayınma halları olub. Sadəcə olaraq, vergidən yayınma iş icazələri ilə bağlı olub. İş icazələri ilə bağlı müxtəlif özəl sektorlarda əmək müqavilələrinin sayı artırıldı. Yəni rəsmi əmək müqaviləsi olmayanlara iş icazələri verilmədiyi üçün işçilər rəsmiləşdirildi. Bu, həm vergi ödəyiciləri baxımından, həm də dövlət nöqteyi- nəzərindən kifayət qədər müsbət hal oldu.Əslində pandemiyanın müsbət cəhətlərindən biri də bu oldu. Nəticədə, 1 yanvarda 1 milyon 700 min əmək müqaviləsi qeydə alındı. Bunun da 300 mini özəl sektorun payına düşür. Ola bilər ki, bəzi təsərrüfat obyektləri sonradan işçilərinin bir qismini işdən çıxardıb, hansı ki, dövlət həmin əməkhaqlarının ödənilməsi üçün təsərrüfat obyektlərinə yarıdm göstərirdi. Məqsəd mümkün qədər işçilərin ixtisara salınmaması idi.Həmin obyektlər dövlətin bu yardım siyasətinin əksinə iş gördükləri və göstərilən dəstəyə baxmayaraq, işçiləri işdən çıxardıqlarına görə cəzalandırıb, növbəti yardımlardan məhrum ediliblər. Yəni dövlətin dəstəyinə səs verməyənlər, əməkhaqqını təyinatı üzrə, yaxud hamısını ödəməyənlər dolayısı ilə cəzalandırıldı və növbəti dəfə pandemiya ilə bağlı yardımlardan məhrum oldu.Amma bütövlükdə cərimələnmə deyə bir şey yoxdur. Bunlar pandemiya qaydalarını pozanlara qarşı tətbiq edilən cərimələr ola bilər. Bu qaydalar da Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və fəaliyyətinə icazə verilən sahibkarlıq subyektləri buna əməl etməli idilər. Xüsusən nəqliyyat və ictimai iaşə sektorları bura daxildir. Hesab etmirəm ki, dövlət orqanları heç bir qanuni əsas olmadan cərimə yazsınlar.İndi həmin sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər ki, mövcud şəraiti nəzərə alıb, cərimələri silsinlər. Bu, artıq bir mövqedir və nazirlik həmin cərimələrin silinməsində fayda görəcəksə, onu silə bilər. Pandemiya dövründə xeyli güzəştlər olub və bundan sui- istifadə edən vergi ödəyiciləri, təsərrüfat subyektləri olub. Hətta mövcud şəraiti nəzərə alan dövlət orqanları da, çox zaman buna göz yumublar”.Ekspert bildirib ki, pandemiya dövrü ilə əlaqədar tətbiq olunan xüsusi vergi rejiminə görə Vergi Məcəlləsində dəyişiklik olacağı gözlənilir:
“Pandemiya ilə bağlı 2020-ci ildə xüsusi vergi rejimi tətbiq olundu. Həmin xüsusi vergi rejimin vaxtı 1 yanvar 2021-ci ildə bitib. Lakin həmin maddə hazırda məcəllədə qalır, çıxarılmayıb. Amma maddənin tərkibində də yazılıb ki, onun vaxtı 1 yanvar 2021-ci il tarixində bitir. Lakin hələlik mövcud vəziyyətlə bağlı konkret qərar verilmədiyi üçün mart ayınadək həmin fəsil məcəllədən çıxarılmır. Vergi ödəyiciləri də öz hesabatlarını mart ayında təqdim edirlər. Ona görə də bu məsələyə yenidən baxılır və yəqin ki, Vergi Məcəlləsində dəyişiklik olacaq. Güman edirik ki, 31 martadək bu məsələ həllini tapacaq. Amma güzəştlər məsələsinə gəldikdə, bu, mənfi alışqanlıq yaradır. Biz vergi ödəyicilərini vərdişə sala bilmərik ki, həmişə güzəştlərlə fəaliyyət göstərsinlər.Çox güman ki, Qida və içki sənayeçilər assosiasiyasının sədri Emin Dostiyari “Pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından…” deyərkən pandemiya dövründə tətbiq olunan qaydalara tam əməl edilməməsini və buna görə də gözləntilərin 100 faizli nəticə verməməsini nəzərdə tutub. Yəni güman ki, assosiasiya rəhbəri ticarət subyektlərinin və ya fiziki şəxslərin pandemiya qaydalarına tam əməl edə bilmədiklərini, nəticədə isə cərimələrlə üzləşdiklərini qeyd etmək istəyib. Eyni zamanda, pandemiya dövründə bəzi ticarət subyektlərinin fəaliyyətinə icazə verilmədi. Amma dövlət tələb etdi ki, işçilər mümkün qədər işdən çıxarılmasın. Nəticədə işləməyən ticarət sahibkarları işçiyə məvacib ödədiyi üçün zərər etdi.“Postpandemiya dövründə vergi sistemi” konfransında nazir Mikayıl Cabbarov da bunu qeyd etdi. Yəni nazir bildirdi ki, pandemiya dövründə bəzi tələblər qoyulsa da, bu, effektiv nəticə vermədi. Qaldı cərimələrə, onların da adı olmalıdır və güman edirəm ki, var. Bir daha qeyd edirəm ki, böyük ehtimalla bu cərimələr pandemiya qaydalarının pozulması ilə bağlı ola bilər”.M. Babayev qeyd edib ki, pandemiya dövründə qaydanı pozan vətəndaşların cərimələrinin silinməsi gözlənilmir:
“Pandemiya dövründə sadə vətəndaşlar, yəni fiziki şəxslər də cərimələnib. Açıq deyim ki, vətəndaşlar da pandemiya qaydalarını pozduqları üçün kifayət qədər cərimə olunublar. Amma onlara qarşı güzşt məsələsindən söhbət getmir. Biz hələ ki, gözləyirik. Bəzi vətəndaşlar cərimələri ödəməyib və onlara qarşıda dövlət xidmətlərindən istifadə edərkən problemlərlə üzləşirlər. Və buna görə də həmin vətəndaşlar məcbur qalıb, cərimələri ödəyirlər. Amma dövlət xidmətlərindən istifadə etməyənlərin şəxsi kabinetində cərimələr qalır. Hələlik həmin cərimələrin silinəcəyini gözləmirəm. Bu da yaxın gələcəkdə qəti bilinəcək. Yəqin ki, vətəndaşlarımız bu cərimələri ödəmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, həmin cərimələr qaldıqca artmır. Yəni onların üzərinə əlavə faiz gəlmir”.Əli Bədir
Anaxeber.info