Koronavirusa qarşı peyvənddən sonra insanlarda spesifik immunitet əmələ gəlir. İnsan bədəninin peyvəndə zəif reaksiya verməsinin səbəbi otoimmun və onkoloji xəstəliklərdə təyin olunan dərman müalicəsi ilə əlaqəli ola bilər.
Publika.az xəbər verir ki, bu barədə immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov danışıb.
“Məsələn, immuniteti boğan dərmanlar qəbul edən xəstədə immun çatışmazlığı yaranır. Bu, daxili orqanların transplantasiyasından sonra onkoloji, otoimmun xəstəliklərdə də mümkündür. COVID-19 peyvəndindən sonra spesifik immunitetin əmələ gəlməsi daha yavaş baş verə bilər”, - həkim bildirib.
Bundan əlavə, mütəxəssisin fikrincə, immunitetin əmələ gəlmə sürəti ciddi fiziki fəaliyyətdən və güclü stressdən də təsirlənə bilər. Kryuçkov allergiyası olan insanların çoxunun koronavirusa qarşı vaksinasiyaya icazə verilə biləcəyini və xəstələrin qəbul etdiyi standart anti-allergik dərmanların immunitetin formalaşmasına təsir göstərmədiyini söyləyib. Eyni zamanda immunoloq bəzən allergiyanın müalicəsi üçün də təyin olunan hormonal dərmanların əks göstərişlərə səbəb ola biləcəyini vurğulayıb. Mütəxəssis bu vəziyyətdə həkimlərlə məsləhətləşməyin vacibliyini qeyd edib. Həkimin sözlərinə görə, peyvənd vurulmuş hər kəsdə koronavirus üçün spesifik immunitet inkişaf edir. Ancaq insanlarda antikorların səviyyəsi fərqli ola bilər. Eyni vəziyyət virusu keçirənlərdə də olur: bəzilərində ümumiyyətlə antikor olmaya bilər. Mütəxəssisin sözlərinə görə, antikorların yaranmama səbəbini öyrənmək demək olar ki, mümkün deyil.