
İqtisadçı Rövşən Ağayev
Iqtisadi inkişaf naziri 2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracını 2 dəfəyədək artıra biləcəklərini deyib. Qısa bir dövr üçün kifayət qədər abmisioz hədəfdir – xüsusilə də iqtisadiyyatın mövcud texnoloji və istehsal potensialını nəzərə alanda.
Mediada gördüyüm qədərilə burda yalnız qeyri-neft əmtəə söhbət ixracından gedir. Çünki 120-yə yaxın adda məhsul və 20 ölkə ilə bağlı rəqəm səsləndirilib.
Lakin qeyri-neft əmtəə və xidmətlərin birgə ixracından söhbət gedəndə hesablama və analizlər dəyişir. O səbəbdən ki, bu 2 göstəricinin deyilən hədəfə çatdırılması baxımından fərqli potensial imkanları və fürsətləri, fərqli iqtisadi şərtləri var.
2019-un yekunlarına baxsaq, qeyri-neft əmtəə və qeyri-neft xidmət ixracatı təxminən bir-birinə yaxın olub (hər biri ayrılıqda 2 mlrd. dollara yaxın, ümumi həcmi 4 mlrd. USD ətrafında)
Azərbaycanın bərpa mərhələsində olan Qarabağ məkanı hesabına xidmət ixracını artırmaq üçün yaxın illərdə müəyyən potensialı olmasına ümidlər bağlana bilər. Lakin əmtəə ixracına münasibətdə hökumətin hansı sahələrdən gözəltiləri var və cəmi 4 ildə 2 dəfə böyümə hədəfinə çatılacağı xeyli nikbin gözləntidir.
Əgər nazir konkret sahə və məhsulların, ixracat bazarlarının, planlanan strategiyaların timsalında detallar təqdim eləsə, bəlkə daha real arqumentlər və ya əksarqumentlər söyləmək mümkündür. Amma “4 ildə 2 dəfə ixracatı böyümək” hədəfinin nə dərəcədə real olması ayrı mövzudur və alternativ araşdırma tələb edir.
Bu məsələdə diqqət çəkmək istədiyim başqa bir məqam var: Azərbaycan kimi aşağı texnoloji və məhdud istehsal potensialı olan ölkələrdə ixrac özüylə bərabər idxalı da artırır. Niyə? Çünki hazır məhsul üçün tələb olunan ən vacib xammal və komponentləri idxal etmli olur. Nəticədə bəzən hazır məhsulun ixrac dəyərinin hətta 90-95%-i idxal komponentlərinin dəyərindən ibarət olur. Komplektləşdirici ixracın iqtisadiyyatda yüksək əlavə dəyər və məşğulluq yaratmaq imkanları çox məhdud olur, amma qısa müddətdə məcmu ixrac göstəricini də şişirdə bilir. Ona görə belə vəziyyətdə bizim üçün hədəf ixracın nə qədər artmasından daha çox, qeyri-neft ticarət kəsirinin hansı həddə qədər aşağı salacağımız hədəf olmalıdır. Son illərin statistikası göstərir ki, Azərbaycanın qeyri-neft xarici ticarət kəsiri 7-8 mlrd. dollar intervalında dəyişib.
Bu o deməkdir ki, qeyri-neft sektorundan qazandığımız hər dollar ixracat gəlirlərimizin üzərinə əlavə 7 dollar da qoyub qeyri-neft sektorunun idxal tələbatını ödəmişik. İndi biz 4 ilə ixracatımızı 2 mlrd. USD artıranda, tutaq ki, bu həcm bizə əlavə 1.5 mlrd. USD izafi idxal da yaradacaqsa, nəticədə bizim xalis ixaracatımızın böyüməsi cəmi 500 mln. dollar olacaq.
İxrac strategiyasının hazırlanmasında bu məqamlar nəzərə alıanaraq hesablama və planlama çox önəmlidir…
Yeri düşmüşkın deyim ki, hökumətin bütün səylərinə və bəyanatlarına baxmayaraq Azərbaycanın qeyri-neft əmtəə ixracatı son 6 ildə cəmi 20% artıb.
Anaxeber.info