Milli Məclisin deputatı Nurlan Həsənov sosial şəbəkədə Almaniyanın Baş naziri Angela Merkellə olan fotosunu paylaşıb. Pravda.az-ın xəbərinə görə, o, paylaşımda qeyd edib: “2012-ci il, təxminən iyul ayı... Almaniya Federal Parlamentində iş təcrübəsi keçərkən Almaniya Kansleri xanım Merkellə xatirə şəkli çəkdirmək şansım olmuşdu! O vaxtı nə koronavirus var idi, nə maska taxmaq məcburiyyəti, nə günahkar axtaran işsiz-gücsüzlər, nə də hər hansı bir stress (doktorluq elmi işim istisna)! Unudulmaz xatirələrlə dolu xoş günlər idi! Doğma vətənim Azərbaycanı sevirəm! Almaniyanı da sevirəm. Çünki Almaniyada təhsil almağım həyat təcrübəmdə, karyeramda danılmaz təsirə sahibdir! Bunu hər zaman deyirəm və deyəcəm: “Almaniya insanların ən xoşbəxt yaşadığı ölkələrdən biridir!” Bizim onlardan öyrənə biləcəyimiz çox şey var, ən əsası elm və təhsil sahəsində! Sonda, sadəcə, demək istəyirəm ki, mən mükəmməl deyiləm və heç vaxt da olmayacağam!”
N.Həsənovun bu paylaşımı müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri deputatı “Günahkar axtaran işsiz-gücsüzlər” ifadəsinə görə sərt tənqid ediblər.
Qeyd edək ki, Nurlan Həsənovun bundan öncə, "Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir" fikri də narazılığa səbəb olmuşdu. O isə “Qiymət artımını dəstəklədiyimi və ya qarşı çıxdığımı qətiyyən bildirməmişəm” deyərək məsələyə aydınlıq gətirib.
Fotoları təqdim edirik