Vladimir Vinoqradov keçmiş SSRİ-nin İrandakı son fövqəladə və səlahiyyətli səfiri olub. Onun uzun müddət “qayət məxfi” qrifi ilə gizlədilən xatirələri hazırda aşkarlıq tapıb. Vinoqradovun “Bizim Yaxın Şərq. Misir və İrandakı sovet səfirinin qeydləri” kitabından “Mərg bər Şurəvi” (farsca “Sovet İttifaqına ölüm”) fəslini “Strateq” oxucularına təqdim edirik. II hissəHadisə baş verən gün prezidentlə – ölkənin ən yüksək dövlət xadimi ilə görüş bizim qaçaraq təpki verməyimizə, ən yüksək səviyyədə qəti və sərt etirazımıza imkan yaratdı. Bu fürsəti qaçırmaq olmazdı. Ancaq əvvəlcə nitqimin tonunu və mətnini dəyişdirməli, nəyisə nəzərdən qaçırmalı, nəyisə əlavə etməliyəm. Hamı, həm İran rəhbərliyi, həm də səfirlər üçün nəzərə çarpacaq nəsə. Hiss etdirməliyik: inqilabı və onu edən insanları alqışlayırıq, amma hazırkı rəhbərliyin hərəkətlərini deyil. Başqa ölkələrə və xalqlara hörmət etmə ehtiyacını da çıxışıma əlavə etdim, Sovet İttifaqı adından xoş sözləri nitqimdən yığışdırdım.
…Xarici İşlər Nazirliyinin mərasim salonunda, oraya daxil olanda, diplomatik nümayəndəlik rəhbərləri artıq milçəktək vızıldayırdı. Xarici İşlər Nazirliyi işçilərinin tutqun və saqqallı yeni görünüşlə onlara quyruq bulaması təəccüblü idi. Qıyğacı, ehtiyatlı baxışlar mənə zillənmişdi – bütün diplomatik korpus bugünkü hadisəni bilirdi, feodalizm dövründə bu, müharibəyə başlama səbəbi idi. İndi… Ancaq onlar mənə qarşı çox mehriban, lütfkardırlar. Asılmış adamın evindəki kimi, kəndirdən, yəni hadisədən danışılmır. Tərbiyəli və özünü apara bilən səfirlər lal-dinməzdir. Ancaq maraq bir çox simada qabarıq görünür: sovet səfiri bu gün necə davranacaq?
İranın Moskvadakı səfiri Mokri yaxınlaşdı, o, Tehrandakı bir xəstəxanada müalicə olunur, ancaq bu gün səfirlərin prezidentlə görüşündə iştirak etmək qərarı verib. Paradda bayraqla bağlı baş verən hadisəni və bu yaxınlarda avtomobilimin atəşə tutulmasını ona danışdım; sanki heç bir şey olmamış kimi İran Xarici İşlər Nazirliyindən bir təpki olmadığını dedim. Yeganə vicdanlı iranlı din xadimi Xalxali idi ki, özü mənə zəng etdi və atəşə tutulma ilə əlaqədar təəssüfünü ifadə edərək, hər şeyin qaydasında olub-olmadığını soruşdu və s. Mokridən belə bir vəziyyətdə özünü necə hiss edəcəyini soruşdum. Təbii ki, Moskvada belə bir şey yarana bilməz…
Mokri susurdu.
Zalda oturmaqla yerlərimizi tutduq. Səfirlərdən heç kimi “mühafizəçilər” ilk iki sıraya buraxmadı. Sonra bəzi rəsmi əyanlar orada oturdu. Mən üçüncü sırada oturdum. Protokol şöbəsinin müdir müavini Məsumi yaxınlaşdı, proqramı mənə izah etdi, sonra təmsil etdiyim ölkənin adını dəqiqləşdirməyə başladı. Mən ona asta-asta ingilis dilində diktə etdim. Nəsə yazdı.
Prezident Xamnəi, xarici işlər naziri Vilayəti və bir qrup mühafizəçi ilə salona girdi.
Masumi proqramı elan etdi: Qurandan bir surə tilavəti, səfir Vinoqradovun çıxışı (bir kağız parçasına baxdı), “sosialist respublikalardan”, sonra Xamnəi və Vilayətinin çıxışları.
Surə oxundu; orada yəhudilərin insan olmadığı söylənirdi. Qəribə surədir…
Sonra mən irəli çıxdım, səfirlər əllərindəki vərəqləri xışıldatdılar – nitqi izləmək üçün. Ancaq çıxış zamanı əvvəlcə mətnə, sonra mənə təəccüblü baxdılar, daha sonra qələm çıxarıb sürətlə mətndə düzəlişlər etməyə başladılar.
Çıxışda inqilab etmiş İran xalqı haqqında, yeni həyat qurmaqda uğurlar, sülh arzusu haqqında hörmətlə danışıldı. Nitqimdə digər millətlərin ləyaqətinə hörmətin hər bir millətə hörmət etmək üçün zəruri bir şərt olduğunu vurğuladığım zaman, zalda oturanlar yekdilliklə məni alqışladılar.
Vilayəti və Xamnəinin çıxışları çox ümumi idi və qeyd edim ki, diplomatik korpus onları alqışlamadı, iranlılar isə əl çalmağa cəsarət etmədilər.
Xamnəi nitqindən sonra masadan qalxaraq çıxışa tərəf yönəldi.
Tez ona yaxınlaşdım, Xamnəini əhatə edən səfirlər geri çəkildi. Prezidentə, günün təntənəli olmasına baxmayaraq, xoşagəlməz bir açıqlama verməli olduğumu söylədim. Paradda sovet bayrağı ilə baş verən hadisəni qısaca danışdım. Sovet səfirinin nədən danışdığını eşitmək üçün qələbəlik əmələ gəlməyə başladığından (mən qəsdən tərcüməçi vasitəsi ilə və asta səslə rusca danışdım), Xamnəi izdihamın başı üzərindən Vilayəti ilə baxışaraq qolumdan tutub məni salondan çıxartdı.
O soruşdu:
– Bu hadisəni özünüz görmüsünüz, yoxsa sizə dedilər?
Sovet hərbi attaşesinin paradı tərk etmək məcburiyyətində qaldığını və bütün səfirlərin hadisədən xəbərdar olduğunu deməklə, sualı cavablandırdım.
– SSRİ-nin səfiri olaraq, cənab Prezident, sizə ölkənin ən yüksək dövlət xadimi kimi, ən qətiyyətli etirazımı bildirirəm. Bu bağışlanmaz hərəkətin nəticələri çox ciddi ola bilər və İran tərəfi buna cavabdeh olacaqdır. Məsul şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını da tələb edirik. SSRİ Dövlət Bayrağı ilə bağlı bu işin İran hökumətinin ölkəmlə bağlı həqiqi siyasətini əks etdirib-göstərmədiyini bilmək istəyirik.
Xamnəi gözlərini yerə dikərək susdu. Sonra sanki bir şey çək-çevir edirmiş kimi dedi:
– Bu məsələni özüm həll edəcəyəm və cənab Vilayətiyə baş verənləri hərtərəfli araşdırıb mənə hesabat verməsini tapşırıram. Cavab yaxın günlərdə sizə çatdırılacaq.
Vilayəti razılaşaraq başını tərpətdi.
Bu vaxt səfirlər artıq vahid sırada düzülmüşdü, Xamnəi və Vilayəti vidalaşaraq onların önündən keçdilər. Gedərkən Vilayəti ona tapşırılan hər şeyi edəcəyinə söz verdi.
Məlum oldu kimi, paradda mollalarımız da ləyaqətli davranıblar. Dərhal ayağa qalxıb, orada toplanan qondarma “dini xadimləri”inin təhqir yağışı yağdırmasına etiraz bildirib və tribunanı tərk ediblər.
Axşam saatlarında onlar İran Xarici İşlər Nazirliyinə rəsmi etiraz bildirdilər. Allahşükür Paşazadə dedi: “Atam müharibədə ayaqlarını itirib, bax burada, İranda tapdaladığınız bayrağı müdafiə edərək. Müsəlmanlarımıza sizin “İslamınız” haqqında danışacağıq”.
Ruhanilərimiz etiraz əlaməti olaraq Məşhəddəki müqəddəs yerlərə ənənəvi ziyarətdən və bayram mərasiminin bağlanışında iştirakdan imtina etdilər.
Bir gün sonra xarici işlər nazirinin müavini Şeyxülislam məni yanına dəvət etdi.
Qorxa-qorxa söhbətə başladı. Cavabını demək olar ki, sözbəsöz xatırlayıram:
– Sizi srağa gün sovet bayrağı ilə bağlı baş verən hadisə ilə əlaqədar dəvət etdim. Məsələni araşdırdıq. Bayraq hərbi zabitlərdən birinin göstərişi ilə yerə atılıb. Bu hərəkət heç bir şəkildə İran hökumətinin mövqeyini və ya ölkənizə qarşı niyyətləri əks etdirmir. Bayraq meydanda göründükdən 10-15 dəqiqə sonra İslami irşad naziri bayrağın yerdən götürülməsini əmr edib və bu göstəriş icra olunub. İran hökuməti Sovet hökumətindən üzr istəyir. Qanunu pozan zabit cəzalandırılacaqdır. Bütün bunları Moskvaya çatdırmağınızı xahiş edirəm.
Dedim ki, əlbəttə, deyilənləri Moskvaya çatdıracağam və qeyd etdim ki, belə qəbuledilməz bir hadisə yalnız İranda daim alovlandırılan antisovet isteriya mühitində ola bilərdi. İnqilabın əvvəlindən Sovet İttifaqı İrana qarşı dost siyasət yürüdür. İran düşmənçilik etmək istəyirsə, özümüzü bir şeyə görə qınaya bilmərik, bu, onun işidir, qoy sonra özünü günahlandırsın.
Bir illüstrasiya olaraq ona son bir hadisəni də misal gətirdim: dünən sovet mütəxəssislərinin İran üçün ixtisaslı kadrların hazırladığı Qəzvin təlim mərkəzində bir mitinq olub. Orada “Sovet İttifaqına ölüm!” – deyə qışqırmağa başlayanda, sovet mütəxəssisləri, əlbəttə, çıxıb gediblər. Mərkəzin rəhbərləri, iranlılar, bu qışqırıqların sovet mütəxəssislərinə qarşı deyil, sovet hökumətinə qarşı (?!) olduğunu izah edərək onların ardınca qaçıblar. Bundan daha biabırçı bir şey təsəvvür edirsiniz?
Daha sonra belə bir dalğanın Xarici İşlər Nazirliyinin özündə də hiss olunduğunu söylədim. Fevralın 8-də sovet səfirinin maşını gündüz küçədə atəşə tutulub. Kimin atdığını öyrəndik, Xarici İşlər Nazirliyinə bildirdik, amma nazirlik heç soruşmadı ki, ölən-qalan varmı. Üstəlik, bu gün İran Xarici İşlər Nazirliyi bizə heç bir izahat verilmədən bu işlə bağlı etiraz notasını qaytarıb. Bu faktlar iki ölkə arasındakı münasibətləri qəsdən çətinləşdirmək istəyi deyilmi?
Şeyxülislam SSRİ ilə İranın ortaq düşmənləri olduğundan “dost etməliyik” ruhunda cavab verməyə başladı. Sovet İttifaqı İrana pis yanaşmırdı və İranın “Nə Şərq, nə Qərb” şüarı yalnız ölkənin müstəqilliyini simvollaşdırır. “İqtidarda olduğumuz müddətdə (“biz” deyəndə kimi nəzərdə tutur”, – düşünürdüm) ABŞ qəddar düşmənimiz olacaq”.
O, avtomobilin atəşə tutulması ilə əlaqədar rəsmən üzr istədi, lakin qeyd etdi ki, avtomobilinin atəşə tutulması ilə əlaqədar Almaniya səfiri etiraz etdikdə, bu başa düşüləndir, ancaq sovet səfiri vəziyyətin mürəkkəbliyini anlamalı, səbr göstərməlidir və s.
Şeyxülislama dedim ki, üzrxahlığınızı nəzərə alıram, amma ondan soruşmaq istərdim ki, nə etməliyik – sevinək, Xarici İşlər Nazirliyini təbrik edək və ya başqa nə?
Nazir müavini heç nə demədi. Bir az ara verdikdən sonra prezidentlə görüşdəki çıxışımda əvvəl göndərilən mətnlə müqayisədə dəyişikliklərə nəyin səbəb olduğunu soruşdu.
Cavab verdim ki, nazir müavininin özü bunun səbəbini təxmin edə bilər: Sovet İttifaqına qarşı düşmənçilik hərəkətləri heç vaxt lazımi təpkisiz qalmayacaq.
Məni qapıya qədər müşayiət edən Şeyxülislam ayrılıqda dedi: “Sovet hökumətinə hökumətimizin üzrxahlığını çatdırmağı unutmayın”.
Göründüyü kimi, bu xoşagəlməz hadisənin həllində qətiyyətli və çevik cavabımız rol oynadı.
Bununla belə, səfirliyə təşkil olunmuş basqınlar zamanı çətin sınaqlara məruz qaldıq, bu basqınlara quldurluqdan başqa heç cür ad verilə bilməz.
Tərcümə: Strateq.az