
Eynulla Fətullayev, Qarabağdan Bakıya dönərkənƏgər mənim 2005-ci ildə ilk Qarabağ gündəliyim Stepanakerti, Şuşanı, Laçını, Əsgəranı və Ağdamı əhatə etmişdisə ikincisinə 15 il əvvəl baş çəkməyə imkan tapmadığım şəhər və rayonları da daxil etdim. Sözün əsl mənasında taleyin hökmüdür: 2005-ci ildə Ağdama səyahətimi başa çatdıraraq yenidən Ağdama qayıtdım və Füzulini, Cəbrayılı, Hadrutu, Kəlbəcəri...dolaşaraq minlərlə kilometr yol qət etdim. İran sərhədinə gedib çatdım, Ermənistanla sərhədə getdim, Laçın dəhlizinə düşdüm, Ağdərəyə yaxınlaşdım...
Qukasyanın dilindən təsadüfən çıxan ifadə15 il əvvəl, Qarabağ separatçılarının lideri Arkadi Qukasyanla sonuncu görüşümdə xahiş etmişdim ki, məni indi Azərbaycan hakimiyyətinin razılığı ilə baş çəkə bildiyim həmin bu şəhər və rayonlara buraxsın. 15 il sonra! 2005-ci ildə məni misilsiz erməni konyakına, əla erməni tütününə və ustalıqla bişirilmiş qəhvəyə qonaq edən Qukasyan xahiş etmişdi ki, başqa cür edək: “Gəlin qalan rayonlara baş çəkməyi növbəti səfərə saxlayaq. Qarabağa bir daha gəlmək bəhanəsi üçün”. Növbəti dəfə isə baş vermədi. Azərbaycan öz ərazilərini azad etmək üçün yaranmış tarixi fürsəti əldən qaçırmadı. Paradoksaldır, sanki hansısa mistikadır, amma bu dəfə mənə ilk Qarabağ gündəliyimdə təsvir etdiyim məhz həmin şəhər və rayonlara baş çəkmək nəsib olmadı. Biz sadəcə olaraq təxmin edirik, amma hökmü tale və Allah özü verir!..

Qukasyanla müsahibədən sonra
Bu dəfəki səfərimdə mən separatçıların yeni lideri Araik Arutyunyanla saatlarla açıq söhbət etməyi nəzərdə tuturdummu? Haradasa ehtiraslı jurnalist qəlbinin hansısa küncündə taleyin Qarabağda gözlənilməz dönüşünə müəyyən ümid yaranmışdı. Baş tutmadı. Onlarla bizim aramızda qarşılıqlı etimadsızlığın dəfedilməz yüksək həddi ucalır. Amma 15 il əvvəl Arkadi Qukasyanın dilindən ola bilsin təsadüfən, ola bilsin sadəcə gözəl sözlər demək naminə çıxan bu ifadə məndə Qarabağda sülhə olan dərin ümid yaratmışdı: “Mən hərdən zarafatla Köçəryana (o vaxtkı Ermənistan prezidenti Robert Köçəryan,-red.) deyirəm ki, nəyə görə biz Azərbaycandan ayrılmaq istəyirik? Bu nə cüzi dotasiyadır bizə verirsiniz?..Mən sizə deyirəm, bizə İlham Əliyev kimi ağıllı prezidentlə işləmək xoş olardı”,-A.Qukasyan sanki Qarabağın dağlıq hissəsinin yenidən multikultural Azərbaycana reinteqrasiyasına ehtiyatla eyham vuraraq belə demişdi.
“Biz yaxınlaşmaq üçün formul tapmalıyıq”,-separatçı lider tez-tez təkrar edirdi.
Separatçıların indiki lideri Araik Arutyunyanın dünyagörüşü və regionun Azərbaycana reinteqrasiyasına dair mövqeyi haqda mühakimə yürütmək mənə çətindir, amma on beş il əvvəl erməni liderləri dərk edirdilər ki, Azərbaycan Qarabağla qarşılıqlı əlaqələr üçün potensialını hələ tam tükətməyib.
Ermənistanın acınacaqlı səhviAzərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsindən sonra indi bizim üçün Levon Ter-Petrosyanın “Müharibə yoxsa sülh? Ciddi düşünmək zamanıdır” başılıqlı məşhur məqaləsi xüsusilə əhəmiyyətlidir. 90-cı illərin ortalarında Ermənistanın eks-prezidenti öz xalqını beynəlxalq situasiyanın dəyişkənliyi və geosiyasi çəkişmələrin başqa səmtə dönəcəyi barədə xəbərdar edirdi. O, erməni elitasını inandırmağa çalışırdı ki, müharibə hələ udulmayıb və Ermənistan hələ ilk döyüşdə qalib gəlib. Danılmaz həqiqətdir: Qarabağ kimi münaqişələrdə heç vaxt qaliblər və məğlublar olmur. Möhkəm sülh və stabillik ancaq ədalətin təmin olunması ilə mümkündür. Siyasi nizamlama prosesində imperativ-dəyər anlayışının ifadəsi qarşılıqlı kompromislər və güzəştlər ola bilər. Başqa alternativ yoxdur.
Yol boyu Ter-Petrosyanın məqaləsini oxuyuram...90-cı illərdə əldə etdikləri milli uğurdan 25 il sonra öz ölkələrini tamamilə hərbi-siyasi çöküşə sürükləyən Ermənistan siyasi elitasının başlıca səhvi nədir? İnsan haqları müdafiəçisi Georgi Vanyanın da dəqiq ifadə etdiyi kimi Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ” komitəsinə elə gəlirdi ki, Yerevan bu münaqişədə mütləq hərbi-siyasi qələbəyə nail olacaq. Vaxtında yeddi ətraf rayonu Azərbaycana güzəştə getmək və Qarabağın dağlıq hissəsi üçün müvəqqəti status təmin etmək şansını əldən buraxan Ermənistan hələ 15 il əvvəl situasiyadan ləyaqətlə çıxa, üstəlik mənəvi üstünlüyünü saxlaya bilərdi. Bu konsepsiyanın reallaşması üçün siyasi, iqtisadi, resurs potensialının və insan ehtiyatlarının dərin analizi aparılmalıydı, geosiyasi reallıq adekvat qiymətləndirilməliydi, dünya düzəninin necə dəyişdiyini görmək lazım idi.
Və nəhayət ən başlıcası-İlham Əliyevin idarəçiliyi dövründə Rusiya Azərbaycanın sistemformalaşdırıcı tərəfdaşına və siyasi müttəfiqinə çevrildi. Hələ Azərbaycana qardaş Türkiyənin bütün Şərqdə geosiyasi rolunun artan rolunu demirik. Situasiyanın beynəlxalq, geosiyasi və regional analizinin aparılmaması bir yana, Ermənistan Azərbaycanın daxili siyasi sisteminin öyrənilməsinə də olduqca diletant yanaşdı.
Son illərdə erməni yarımdemokratiyası, yeri gəlmişkən, Azərbaycanın güclü, səfərbər olunmuş və qeyri-məhdud maliyyə resursları ilə möhkəmləndirilmiş siyasi sistemi ilə rəqabətə tab gətirmədi. Ermənistan tədricən regiondakı instusional təsir rıçaqlarını itirən Qərbdəki erməni diasporunun populist əlavəsinə çevrildi,
Yeni inqilabi hökumətin acınacaqlı səhvi Azərbaycanın əsl niyyətlərinin nədən ibarət olduğuna dair yanlış təsəvvürdən qaynaqlandı. Ermənistan hakimiyyəti səmimi olaraq buna əmin idi ki, Azərbaycan daxili səbəblərə görə müharibəyə başlamaz. Bundan əlavə Ermənistan özünü həddən artıq inandırmışdı ki, Rusiya status-kvonun dəyişdirilməsinə imkan verməz. Hərçənd Ermənistanda rəngli inqilabın qalib gəlməsindən sonra Azərbaycan siyasi-ideoloji birgəlik və dəyərlər oriyentiri baxımından Rusiyaya daha da yaxın oldu, xüsusən də Putinlə Əliyevin tez-tez bəhs edilən yaxın şəxsi münasibətləri fonunda. Ermənistan isə səs-küylü siyasi eyforiyadan sonra dərin letargiya yuxusunda qalmaqda davam edirdi. Ermənistan hətta İlham Əliyevin səs-küylü “Rusiya regional təhlükəsizliyin qarantıdır” bəyanatından sonra da ayılmadı.
Səhra komandirləri öz xalqlarını uçurama apardıÖzünə həddən artıq inam və özünəvurğunluq, ümummilli narsizm, ermənilərin “seçilmiş xalq” olduğuna dair hərdən paranoya səviyyəsinə gəlib çatan inam təhlükəli siyasi xəstəliyin yaranmasına, öz uğurundan dəhşətli başgicəllənməyə gətirib çıxardı. Talan edilmiş, atılmış və ucqar Qarabağda unudulmuş birinci müharibədəki əldə edilmiş pirr qələbəsi hissləri gücləndi, hansı ki, Paşinyanın gecikmiş və acı etirafına görə Qarabağ zəhərli sarmaşığa, Allahın və erməni hakimiyyətinin unutduğu yerə çevrilmişdi.
Qarabağ Ermənistan üçün irinləmiş kor bağırsağa çevrilmişdi. Lakin milli qürur onu kəsib atmağa imkan vermirdi. Diqqət yetirin, son illərdə Qarabağ erməni milli gündəmindən çıxmışdı, ikinci plana keçmişdi, axı Ermənistan özü permanent kataklizmlərlə sarsılaraq failed state-uğursuz dövlət vəziyyətinə qədər deqradasiyaya məruz qalmışdı. Yerevanın daha bir kvazidövləti beynəlxalq səviyyədə tanıtmağa gücü və resursları harada idi?!
Ümummilli yanılma, həqiqətin təhrif olunmuş şəkildə qavranılması, habelə rəqibin siyasi baxımdan alçaldılmasına nail olmağa, onun ədalətli sülh haqqını məhdudlaşdırmağa yönəlmiş ekzistensial hərislik böyük məğlubiyyətin yolunu açdı.
Paşinyan günahkar deyil Son məğlubiyyət erməni cəmiyyətini ayıldacaqmı?!-başlıca sual bax bundan ibarətdir. Son baş verənlərə əsasən erməni inqilabi elitası həqiqətlə barışıb, Paşinyan hökumətinin ağlında isə dəyərlərin yenidən qiymətləndirilməsi prosesi gedir. Lakin cəmiyyət məğlubiyyətə görə günahı Paşinyanın üzərinə yükləmir, başa düşür ki, Qarabağda kompromislərsiz və güzəştlərsiz sülh əldə etmək konsepsiyasının əsasını o qoymamışdı. Müharibənin ilk günündəcə baş nazir baş verənlərə görə kollektiv məsuliyyəti bütün siyasi elitanın üzərinə qoydu, parlament tribunasından açıq elan etdi ki, müharibəni elə indi dayandırmaq olar. Bir şərtlə ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində yer almasına razılıq verilsin, yeddi ətraf rayon qaytarılsın. Paşinyan cavabında nə eşitdi? Qəti şəkildə “yox”.
Paşinyan birbaşa küçə demokratiyasının ifadəsidirPaşinyan meydan formatlı erməni birbaşa demokratiyasının ifadəsidir. Və erməni cəmiyyəti şübhəsiz ki, “bir qarış da olsun torpaq qaytarmamaq” formulunun müəlliflərindən də hesab soruşacaq. Lakin müharibənin isti və qaysaqlamamış izləri ilə postsovet cəmiyyətinin siyasi yetişkin hissəsi səhra komandirlərinin revanşist klanını dəstəkləmir, uduzulmuş müharibənin yekunlarına dair anlayış göstərir. Axı Köçəryanın, Sərkisyanın, Minasyanın və digər onun kimilərinin çağırışları eşidilməmiş qalır, bir ovuc ruhdan düşmüş, tarixdən əvvəlki “Böyük Ermənistan” xülyası ilə ortaya atılan ura-patriotlardan başqa onları heç kim dəstəkləmir! Ermənistan baş nazirini əvvəlki hakimiyyətlərin xarici siyasət və Qarabağ irsindən vaxtında imtina etməməkdə günahlandıranlar da haqlı deyil. Paşinyan əlbətdə ki, sinik davranıb, amma siyasi müdriklik göstərib. O, “miatsum” və cəmiyyətin milli müstəsnalığı nəzəriyyəsinin daşıyıcıları qarşısında seçim qoyub. Paşinyan yox, erməni cəmiyyəti müharibəni uduzub. Və bu, müharibənin başlıca yekunudur.
Biz necə edək ki, uduzmayaq...Bəs biz necə edək ki, erməni cəmiyyətinin səhvlərini təkrarlamayaq? Paşinyanın müharibənin başlamasına qədər deklorativ şəkildə bəhs etdiyi ədalətli sülhə necə nail olaq? Azərbaycanın, Ermənistanın və Qarabağ ermənilərinin maraqlarına uyğun sülhə. Tarixdə bütün müharibələr sülhlə başa çatıb. Biz sözün əsl mənasında əsrin dörddə biri qədər sonranı, ola bilsin bir az da bundan əvvəli unutmalı deyilik, axı texnoloji inqilab indi zaman ölçüsünü də dəyişdirib-həyat daha qısa olub, yeni dünya düzəni formalaşıb, geosiyasi və texnoloji inqilablar yenidən dünyada və regionda quruluşları dəyişdirib. Biz erməni xalqını inandıra bilsək ki, bizim müharibədə qaliblər və məğlublar olmalı deyil, o zaman Qarabağ müharibəsinə mütləq qələbəyə nail ola bilərik. Erməniləri məğlubların revanşizm hisslərindən uzaqlaşdırmalıyıq. Biz qaliblər kimi onlara birinci əl uzatmalıyıq. Barışmağa və ümumi evin tikintisi fəlsəfəmizlə hesablaşmağa məcbur etməliyik.
Köçəryanın ermənilərlə azərbaycanlıların etnik baxımdan birgəyaşayışının mümkün olmadığı haqda sərsəm nasist ideologiyasının ən yaxşı inkarı ermənilərlə azərbaycanlıların Qafqazdan kənarda-Moskvada, Londonda, Nyu-Yorkda qurduqları körpülər ola bilər. Və özü də bu körpülər on minlərlə insanın həyatına son qoyan qanlı birinci Qarabağ müharibəsindən cəmi bir neçə il sonra yaranmağa başlayıb. Bu dəfə biz həmin körpüləri Qarabağın özündə, Ermənistanda və Azərbaycanda qurmalıyıq. Qarabağ bizləri ayıran xətt deyil, birləşdirən xətt olmalıdır. Biz yuxarı küncə milli fərqliliyin dominantlığını və ya tarixdən əvvəlki sərhədlərin bərpasına dair sərsəm ideyaları deyil, azərbaycanlılarla ermənilərin layiqli həyatını, iqtisadiyyatın inkişafını, ticarəti, infrastrukturu, təbabəti, təhsili, nəqliyyat yollarını...qoymalıyıq. Biz yaşamağa başlamalıyıq. Bunun üçün isə ölməyi dayandırmaq lazımdır. Həyat ölmək üçün deyil, yaşamaq üçündür. Axı ömür bizlərə cəmi bir dəfə verilir! Başqasının oğlunu ölümə göndərmək asandır. Lakin öz övladını itirəndə bu dünyada yaşamaq insan üçün əsl cəhənnəmə çevrilir.
Yeganə oğlunu müharibədə itirmiş azərbaycanlı ananın acısını nəylə ölçmək olar ki?Xalqlarımızın gələcək birgəyaşayışı barədə düşünərkən tez-tez təbii və ola bilsin həm də haqlı iradlarla qarşılaşırıq-bu cür qanlı müharibədən sonra bunu necə etmək olar?! Lakin axı bir dəfə, 1920-ci ildən sonra bizdə dinc şəkildə və barışıq içərisində yaşamaq alınmışdı. Mən uşaqlıq dostlarımın və erməni sinif yoldaşlarımın milliyəti ilə heç vaxt maraqlanmazdım. Eləcə də onlar mənim milliyətimlə maraqlanmazdılar. Lakin Qarabağ bizi ayırdı. Hansı ki, bu dəfə birləşdirə bilər. Bir əsr əvvəl Şuşada əhalinin əksəriyyəti azərbaycanlılar idi, Stepanakertdə isə ermənilər. Və biz nəhayət tarixin bu hökmü ilə barışmalıyıq.
Əgər biz sülh və ədalət istəyiriksə o zaman qanunvericilik səviyyəsində ksenofobiyanı, ərazi iddialarına dair çağırışları qadağan etməliyik, dövlətlərimizin ərazi bütövlüyünün pozulmazlığını tanımalıyıq, KİV-lərdə milliyətlər əleyhinə təbliğatın kökünü kəsməliyik, xalq diplomatiyasına çağırmalıyıq, ümumi biznesə, ümumi iqtisadiyyata can atmalıyıq...Biz insanlar arasında körpülər qurmalıyıq. Və kimin birinci başladığı önəmli deyil. Başlıcası kimin birinci əl uzatmasıdır. Alınacaqmı?
Yeganə oğlu üçün ağlayan erməni atanın acısını nəylə ölçmək olar?İham Əliyev Azərbaycan ordusunu Xankəndinin və ya Stepanakertin kəndarında dayandırmaqla müdrik qərar verdi. Bu ilk kompromis idi. Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin regiona yeridilməsinə icazə verdi. 25 ildən çoxdur davam edən müharibədən sonra biz bir-birimizə inanmırıq. Qoy ilk dövrlər bizim aramızda qonşumuz və dostumuz dayansın. Bu isə ikinci kompromis idi. Biz sülhə, ədalətə və proqressə çağırırıq. Vacib deyil sən azərbaycanlısan, yoxsa ermənisən, başlıcası layiqli yaşamaqdır. Bu formulun köməyi ilə biz sivilizasiyalı dünyanın bir hissəsi ola biləcəyikmi? Əgər baş tutsa deməli biz qalib gəlmişik. Ermənilər və azərbaycanlılar. Birlikdə. Ola bilsin və ümumi tariximizin biabırçı səhifələrini də yaddan çıxarmadan, amma bir-birimizə bağışlamaqla...
Qarabağa ilk səfərim zamanı mən Xankəndində, özəl otellərdən birində qalırdım. Sahibi Lyudmila adında ziyalı və xeyirxah qadın idi, mənə xüsusi qayğı və qonaqpərvərlik göstərirdi. Yalnız səfərin sonuncu günü öyrəndim ki, oğlu birinci Qarabağ müharibəsində həlak olub. Onun sözlərini xatırlayıram: “İstəmirəm ki, bu lənətlənmiş müharibə bir daha bizim evimizə gəlsin”. Müharibə isə evimizə gəldi və minlərlə gənclərimizin həyatına son qoydu. Dünən atalarımız həlak olmuşdu, bu gün biz ölürük, sabah isə uşaqlarımız bir-birini öldürəcəklər...Dayanmaq və müharibənin bütün köhnə gündəliklərini yandırmaq vaxtı deyilmi? Bax mən oxuculara birinci və ikinci Qarabağ gündəliyimdə bunları çatdırmağa çalışırdım.
/virtualaz.org