Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təbii qazın tarifləri: "Gələn il qaz limitində sıfırlanma yanvarın 10-da tamamlanacaq"

17-12-2022, 12:45   



qaz abonetləri qazın limiti 1200 kub m qaz 12 qəpikdən hesablanır? Təbii qazın taarifləri

ŞƏKLİN MƏNBƏYİ,AZERTAG

Azərbaycanda əhalinin qaz limitləri smart kart tipli sayğaclarda dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik, mexaniki tipli sayğaclarda isə 10 gün müddətinə - yanvarın 1-dən 10-dək mərhələli şəkildə sıfırlanacaq, Azəriqazın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC-yə bildirib.

Cənab Vəliyev vurğulayıb ki, mexaniki tipli sayğaclardan (mexaniki tipli sayğac - sonradan ödənişli sayğacdır-red.) istifadə edən 1 milyon 400 min abonentin limitinin sıfırlanması yanvarın 10-da tamamlanacaq.

"Biz prosesi başlayırıq, bu o demək deyil ki, mexaniki sayğaclardan istifadə edən 1,4 milyon abonentin hamısının limiti yanvarın 10-da sıfırlanacaq. Biz bu müddət ərzində prosesi davam etdirəcəyik. Tutaq ki, kiminsə sayğacı yanvarın 2-də və ya 3-də sıfırlanacaq, iki günə nə baş verəcək? Yəni, burada böyük bir itkidən söhbət getmir".


"Azəriqaz" təmsilçisi vurğulayıb ki, limitinin tez sıfırlanmasını istəyən fərdlər prosesi sürətləndirmək üçün könüllü şəkildə dekabrın 31-də öz sayğaclarının şəklini çəkib, "077 3104104 nömrəsinin WhatsApp-ına göndərə bilərlər", o deyib.

Eldəniz Vəliyev həmçinin bildirib ki, Socar "Azəriqaz" İstehsalat Birliyi olaraq, bu il ölkəyə xüsusi cihazların gətirildiyini və "bundan sonra ağıllı sayğac sisteminə keçid ediləcəyini" bildirib.

"MTK-larda 40 mindən artıq sayğaca quraşdırmaq üçün cihazlar gətirilib, quraşdırılıb. Bu cihazlar mexaniki tipli sayğaclarda mərkəzləşdirilmiş qaydada məlumatları öyrənəcək, onlayn ödənişi həyata keçirmək imkanı verəcək, debütör borc artdığı təqdirdə mərkəzləşdirilmiş qaydada abonentin qazını dayandırmaq və borc ödəndikdən sonra elə mərkəzləşdirilmiş qaydada da abonentin qazını bərpa etmək imkanı verəcək. Bundan sonra isə həmin cihazların quraşdırıldığı mexaniki sayğac sahiblərinin qaz limiti də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənəcək", - cənab Vəliyev əlavə edib.

O, vurğulayıb ki, bu cihazlar Azəriqaz-ın hesabına gətirildiyi üçün onların təchizatı "mərhələli şəkildə baş tutacaq".

Bu il 59 faiz abonent 1200-lük limiti keçməyib

Bu il noyabrın sonuna olan məlumata görə, Azərbaycanda əhali üzrə abonentlərin 59 faizi təbii qazın istifadəsində 1200 kubmetrlik limiti hələ keçməyib. Bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC News Azərbaycancaya bildirib.

2021-ci ilin oktyabrından ölkədə qaz istehlakı üzrə əhali qrupuna qaz verilişi ilə bağlı 3 müxtəlif limit tətbiq olunur.

Əhali üzrə abonentlərin 5 faizədək hissəsi 2500 kubmetri, 36 faizi isə 1200 kubmetrlik limiti artıq keçib, Eldəniz Vəliyev deyib.

Bu il olduğu kimi, gələn il də yanvarın ilk 10 günlüyündə qaz limiti sıfırlanacaq.

Bəs, sıfırlanma nədir, niyə və necə həyata keçirilir? Ümumiyyətlə, qaz istifadəsində limitlər və tariflər nədir? Bəs qaz limitini keçib-keçməmək haqda məlumatı necə əldə etmək olar?

BBC News Azərbaycanca bu və digər sualları 6 cavabda toplayıb.


Balansdakı limiti keçib-keçməmək haqda məlumatı haradan almaq olar?

Vətəndaşlar aylıq istifadə etdiyi qazın həcmi, müəyyən olunmuş limitlər, mövcud borcları haqda məlumat almaq üçün "Azəriqaz" İB -nin "Azeriqaz.az" info saytına daxil olub, "Borcunu öyrən" bölməsinə tuşlamalıdır. Daha sonra isə onlar mövcud xanaya abonent kodunu yazıb, istədikləri məlumatla tanış ola bilərlər.

Əgər vətəndaşın internetdən istifadə imkanı yoxdursa, o zaman o, yerli Qaz İstismarı İdarəsinə yaxınlaşmaqla abonent kodunu təqdim edib, müvafiq məlumatları öyrənə bilər.

Bundan başqa, "Azəriqaz"-ın qaynar xəttinə zəng etməklə də bu məlumatı öyrənmək mümkündür.

Üstəlik, artıq qaz borcu qəbzlərində də limitlə bağlı məlumat əks olunmağa başlayıb. Bunun üçün qəbzin yuxarı hissəsində, abonent məlumatlarının sonuna diqqət etmək lazımdır.

Əhali üçün təbii qaza hansı tariflər tətbiq olunur?

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

  • 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,
  • 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,
  • 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının ötən ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.

Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.

Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur.

Üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kub metri 10 qəpikdən ödənilən illik limit 2200 kubmetr idi.

Təbii qaza tətbiq olunan tariflər kimlərə şamil olunur?

Təbii qaza tətbiq olunan limitlər və tariflər əhali qrupunun bütün sosial qruplarına şamil edilir.

"AzəriQaz" İB-nin Baş direktoru Ruslan Əliyev ötən ilin dekabrında bildirib ki, evin həcmi - kvadrat metri böyük olanlar daha çox "qaz pulu ödəyəcəklər", çünki böyük evlərdə qaza qoyulan aşağı tarifli limit daha tez bitir və belə abonentlər məcburən yüksək tariflərlə qaz pulu ödəməli olurlar.

Ötən ilin axırlarına qədər bu limit daha yüksək idi.

Təbii qazın əhaliyə satışı neçə yolla həyata keçirilir?

Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır.

Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə - smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə - mexaniki sayğaclar vasitəsilə.

Təbii qaza tətbiq olunan limitlərin sıfırlanma nədir?

Ölkədə əhaliyə satılan təbii qazdan güzəştli tariflərlə istifadə üçün ayrılan limiti hər il abonentin bu limiti işlədib-işlətməməsindən, onu aşıb-aşmamasından asılı olmayaraq sıfırlanır. Yəni, bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır.

Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir.

AzərQaz bildirib ki, 1 milyon 300 min əhali-abonentin 30 faizi il ərzində 1200 kubmetrədək qazdan istifadə edir.

Amma müstəqil iqtisadçılar hesab edirlər ki, xüsusilə qış aylarında təbii qazla qızdırılan mənzillərdə 1200 kubmetri qısa vaxtda aşmaq mümkündür.

Bu isə o deməkdir ki, kiçik mənzillərdə yaşayanlar belə ilin sonuna doğru qazın kubmetrinə ən yaxşı halda bir 20 qəpik, bu limit də artıq keçilibsə, 25 qəpik ödəməli olacaq.

Bundan sonra abonent yenidən işlətdiyi limitdən asılı olaraq, il ərzində bir kub metr üçün 12, 20 və 25 qəpikdən ödəməyə başlayır. Yəni, güzəştli tariflər hər bir abonent üçün yenidən hesablanmağa başlayır.

Ötən illərdə aşağı limit 2200 kub metrədək qaldırılsa da, hazırda yenidən 1200 kub metrdir.

Sıfırlanma necə həyata keçirilir?

Təbii qaza tətbiq olunan limitli tariflər sayğacların tipindən asılı olaraq iki cür sıfırlanır.

Smart tipli sayğaclarda sıfırlanma hər il başa çatdıqda avtomatik həyata keçirilir. Mexaniki sayğaclarda isə bu proses "AzəriQaz" əməkdaşlarının müdaxiləsi ilə baş tutur.

"AzəriQaz" sıfırlanmanı yanvar ayının ilk ongünlüyündə həyata keçirir.

Qurum rəsmisi Ruslan Əliyev ötəni ilin dekabr ayında sayğacın sıfırlanmasının sürətli həyata keçirilməsini istəyən vətəndaşların yanvar ayının 1-5-i arası öz sayğaclarının fotosunu çəkib, 077 304 104 nömrəsinə göndərməli olduqlarını bildirmişdi. Qurum daha sonra bu prosesin "tələb olmadığını" BBC Azərbaycancaya açıqlamışdı.

"AzəriQaz" ötən il sıfırlanma prosesi zamanı abonentin "365 gün limitinin qorunduğunu" açıqlamışdı.

Limitin sıfırlanması hər il "yanvarın 10-dan növbəti ilin yanvarın 10-dək olan vaxtı" nəzərdə tutur.

"Yəni, biz bu ay yanvarın 1-də başladığımız sıfırlanmanı yanvarın 10-da yekunlaşdıracağıq. Növbəti il də sıfırlanma yanvarın 10-da yekunlaşacaq," - "AzəriQaz" sözçüsü Eldəniz Vəliyev BBC News Azərbaycancaya demişdi.


BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar