Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Azərbaycan Respublikasının Prezidenti bununla bağlı Qaydanı aprelin 11-də təsdiq edib.
Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadəsini müəyyən edir.
Qaydaya əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin binalardan satışı nəzərdə tutulan mənzillərin sayını müəyyən edəcək və bu barədə məlumatı rəsmi internet saytında ictimaiyyətə açıqlayacaq.
Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.
Mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Sözügedən mənzillərin satışına başlanılıbmı? Mənzillərin alışında kimlər iştirak edə bilər, hansısa xüsusi şərtlər varmı?
Bununla bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, mənzillərin satışına başlanılmayıb:
"Keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş yaşayış binalarındakı istifadəsiz mənzillərin satışına başlandığı vaxt bununla əlaqədar elan və mənzillərlə necə tanış olmaq, satış prosesinin necə həyata keçiriləcəyi barədə ətraflı məlumat veriləcək".
Qurum rəsmisi mənzil alışında hər kəsin iştirak hüququnun olduğunu deyib:
"Satışa çıxarılan mənzillərə dair məlumatlarla müvafiq portalda tanış olmaq imkanı da yaradılacaq. Mənzillərin bazar dəyərinin, satış qiymətinin müəyyən edilməsi işi hazırda davam edir. Mənzillərin alışında mənzil almaq istəyən hər bir hüquqi və fiziki şəxs iştirak edə, mənzil ala bilər. Bununla bağlı hər hansı məhdudiyyət, xüsusi şərtlər yoxdur.
Mənzillərin satışından əldə olunan vəsait ölkəmizin bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təminatına yönəldiləcək".
Günay Şahmar
Cebhe.info