Son günlərdə Türkiyə və ABŞ arasında yenidən gərginlik artır.
Buna səbəb İstanbulun mərkəzində törədilən terror aktıdır. Bu dəhşətli partlayışdan sonra ABŞ mediası hadisəni terror adlandırmadı və türk vətəndaşlarının həyatını heçə sayaraq, sadəcə Taksimin turistlərin sıx axın etdiyi bir yer olduğunu vurğuladı. Həmçinin, rəsmi Vaşinqtonun yüksək vəzifəli şəxsləri tərəfindən də türk xalqına başsağlığı verilmədi. Sadəcə ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən başsağlığı mesajı paylaşıldı. Lakin Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqladı. Bu isə iki ölkə arasında yenidən gərginlik yaşanacağı ehtimallarını artırdı.
İstanbuldakı terror aktı və başsağlığının qəbul edilməməsindən sonra ABŞ-Türkiyə münasibətləri hansı müstəviyə doğru yönələcək?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, hazırda tərəflər arasında ürəkaçmayan proseslər gedir:
“ABŞ-ın terror hadisəsinə bu cür biganə yanaşması ciddi surətdə pislənilməlidir. Dünya dövlətlərinin böyük əksəriyyəti Türkiyədəki terror hadisəsini kəskin şəkildə pislədi. Lakin dünyanın demokratik ölkəsi olan ABŞ-ın bu məsələyə belə soyuq yanaşması insanı təəccübləndirir. Əslində hazırda iki ölkə arasında vəziyyət gərgin olduğuna görə rəsmi Vaşinqton terror hadisəsini belə qiymətləndirir. Türkiyə tərəfi də haqlı olaraq başsağlığını qəbul etmədi. Üstəlik, başsağlığı yüksək səviyyədə də verilmədi. ABŞ Prezidentinin də başsağlığı verməməsi diqqət çəkdi”.
Ekspert bildirib ki, bu, məsələlərdə dolaşıqlıq yaradır:
“Türkiyənin addımlarının düzgün olduğunu qeyd etmək lazımdır. Bununla yanaşı, Türkiyə və ABŞ münasibətlərinin heç də yaxşı istiqamətdə olmadığını söyləmək olar”.
Elmir
Cebhe.info