ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Türkiyənin şimalındakı kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, ölkənin daxili işlər naziri deyib. Süleyman Soylu daha əvvəl Bartındakı şaxtadan 58 nəfərin xilas edildiyini, onlan çox insanın yerin altında qaldığını bildirib.
Cümə günü baş verən hadisə vaxtı mədəndə təxminən 110 nəfər olub, onların bir hissəsinin 300 metrdən çox dərinlikdə qaldığı bildirilir. Gecədən bəri sağ qalanlara çatmaq üçün xilasedici qruplar işləyir.
Qara dəniz sahili bölgəsindəki mədəndən çəkilən videolarda xilas olunan işçilərin xəstəxanaya aparıldığını görmək olar. Ərazidə toplanan mədənçilərin yaxınları onlar barədə xəbər gözləyirlər.
Partlayışın təxminən 300 metr dərinlikdə baş verdiyi güman edilir. Daxili işlər naziri Süleyman Soylu bildirib ki, 300-350 dərinliyindəki "riskli" zonada 49 nəfər işləyirdi.
"Bizim həmin yerdən evakuasiya edə bilmədiyimiz insanlar var", cənab Soylu hadisə yerində olan jurnalistlərə deyib.
Partlayışın səbəbi məlum deyil, yerli prokurorluq araşdırmalara başlayıb.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Türkiyənin energetika nazirinə əsasən, ilk əlamətlərə görə, partlayışa səbəb yerin təkində toplanan metan qazının alovlanması ola bilərdi.
Hakimiyyət mədəndə qismən çökmələrin olduğunu deyib.
Lakin hazırda yanğın söndürülüb və ventilyasiya sistemi düzgün işləyir, rəsmi məlumatda deyilir.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Hadisənin baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır sağ qalanların "ciddi xəsarətlər" aldığını bildirib.
Mədənçilərdən biri yerin altında baş verənləri təsvir edərkən deyib ki, ətrafı "toz və tüstü bürüyüb, nəyin baş verdiyini dəqiq bilmirik".
Mədən dövlətə məxsus Türkiyə Taşkömürü Müəssisələrinə məxsusdur.
Türkiyə kömür mədənlərində ən ölümcül fəlakət 2014-cü ildə Soma şəhərində baş verib. O vaxt partlayış 301 nəfərin ölümünə bais oldu.