Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kvadratın sahəsini hesablaya bilməyən müəllimlər: Onları kim məktəblərə buraxır?

13-10-2022, 16:56   


Kvadratın sahəsini hesablaya bilməyən müəllimlər: Onları kim məktəblərə buraxır?


“Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”. 

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, müəllimlərin ilk dəfə keçirilən sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır:

“Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?” 

E.Əmrullayev hesab edir ki, çox ciddi problemlə üz-üzəyik: 

“Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”. 

Qeyd edək ki, bir sıra müəllimlərin sertifikasiyadan keçməməsi müəyyən problemləri üzə çıxarıb. Bunlar isə əsasən müəllimlərin tərdis etdiyi fənləri daha yaxşı bilməməsi ilə bağlı olub. 

Maraqlıdır, mövcud problemin yaranma səbəbi müəllimlərin pedoqoji təhsili, yoxsa işə qəbul prosesi bağlıdır? 

Təhsil üzrə ekspert Elçin Əfəndi Cebhe.info-ya bildirib ki, Elm və Təhsil Nazirliyində bu məlumatlar var və nazir də həmin məlumatlara əsasən bu ifadəni səsləndirib: 

“Əlbəttə, burada müəllimlərin göstəriciləri yalnız kvadratın perimetrinin sahəsini tapmaq deyil, eyni zamanda, Azərbaycan dili qaydaları, qrammatik, sözün düzgün yazılış-deyiliş qaydaları kimi normaları bilməmələri də sırf imtahan əsasında üzə çıxıb. Bu, o deməkdir ki, bu kimi məsələləri bilməyən müəllimlər bizim övladlarımıza təhsil verməklə onları kor edirlər. Bir növ yanlış informasiyalarla onların gələcək həyatlarını zəhərləyirlər. Həmin şəxslərin hansı dövrdə işə qəbul olmaları, hansı universiteti bitirmələrini araşdırıb tapmaq daha asandır ki, biz konkret bu problemin haradan başlandığını üzə çıxarıb o istiqamətdə iş aparaq. Məsələn, hansısa “x” müəllimdir və nazirin dediyi kimi, kvadratın perimetrinin sahəsini tapa bilməyib. Həmin müəllim hansı ildə işə qəbul olunubsa, ona baxmaq lazımdır. Məsələn, 2012-ci il təhsil naziri Misir Mərdanovun dövrünə düşür, hansı əsasla qəbul aparıldığını üzə çıxarmaq lazımdır. Yaxud həmin müəllimin hansı universitetin tələbəsi olduğunu müəyyənləşdirmək olar. Belə olduğu halda demək problem tədrisin təşkil olunmasında, həmin universitetin pedoqoji istiqamət üzrə verdiyi təhsilin keyfiyyətsizliyindədir ki, həmin müəllim düzgün formada öyrənməyib. Bunu araşdırmaq ETN-in əlində çox sadədir və mümkündür. Bu günün reallığı odur ki, bizim övladlarımız vaxtilə müxtəlif üsullarla işə qəbul olan, tanışlıqla, tapşırıqla, nəticəsi yaxşı olmadığı halda işləyən şəxslər sertifikasiyadan keçə bilmirlər. Sertifikasiyadan keçənlərin statistikasına baxsaq, yüksək bal toplayanlar daha çox son dövrlər pedoqoji fəaliyyətə başlayanlardır. Demək onların nəticələri əvvəlki dövrdə imtahan verənlərdən daha yaxşıdır. Doğrudur, əvvəlki dövrlərdə imtahan verənlərin içərisində də yaxşı nəticə göstərən, yaşı 53-55 olan müəllimlər də var. Bu, o deməkdir ki, o şəxslər öz üzərində işləyiblər, nəticədə bu gün o müsabiqə şərtini ödəyiblər”.

Hansı işlər görülməsinə gəldikdə isə ekspert deyir ki, birinci növbədə universitetlərdə təhsilin keyfiyyəti artırılmalıdır: 

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi var, mütləq gedib yoxlama aparmalıdır. Pedoqoji kadrlar hazırlayan universitetlərin şəraiti ilə tanış olmalı, hansı əsaslarla, tədris proqramları ilə maraqlanmalıdır. Bunlar hamısı aşkarlanmalı və çatışmayan tərəflər üzə çıxarılaraq bu istiqamətdə işlər görülməlidir. Digər tərəfdən, o müəllimlərin qeyd edilən problemləri sertifikasiyada üzə çıxıbsa, bu problemləri olan şəxslərə şans verməməliyik ki, növbəti ildə  yenidən imtahana girsinlər. Birbaşa onların əmək müqaviləsinə xitam verilməli və onlar artıq təqaüdə göndərilməlidirlər. Çünki onlar fəaliyyət göstərdikcə, yenə də yanlış biliklərlə, ixtisas üzrə biliklərinin olmaması ilə övladlarımızı zəhərləməkdə davam etməməlidirlər. Yalnız ixtisaslı kadrlar cəlb olunmaldır. Bu gün 4440-dan çox ümumtəhsil məktəbi var və 1 milyon 600 mindən çox şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 150 mindən çox müəllim məşğul olur. Həmin müəllim heyətinin hər biri mütləq şəkildə sertifikasiyaya cəlb olunmalı və keçməyənlərin əmək müqaviləsəinə xitam verilməlidir. Çünki adi, primitiv məsələni bilməyən müəllim qarşısında əyləşən şagirdə nə öyrədə bilər? Biz əgər həmin müəllimə göz yumacağıqsa, humanist davaranacağıqsa ki, işindən olacaq, bu, onun təhsil verdiyi şagirdə qarşı hörmətsizlik, diqqətsizlikdir. Onları cəmiyyətə şikəst olaraq yola salmaqdır. Ona görə də bu məsələlərdə daha adekvat qərarlar verilməlidir. Həmin şəxslər təhsil prosesindən uzaqlaşdırılmalıdır”. 

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, bunun səbəbi 10 ildir Azərbaycan təhsilini idarə edənlərdədir: 

“Bu gün Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Hər il orta ümumtəhsil məktəblərinə minimum 9-11 min nəfər şəxs qəbul olunur. O deməkdir ki, son 10 il ərzində 100 minə yaxın şəxsi indiki Elm və Təhsil Nazirliyi qəbul edir. Demək, ETN-in işə qəbul prosesi obyektiv və şəffaf deyil. Onlar ali təhsilə nəzarət edə bilmirlər ki, ali təhsil müəssisələri mütəxəssis hazırlamır. Bu, müəllimlərin yox, ETN-in işini yerinə yetirməməsinin nəticəsidir. Həmin bu müəllimləri ETN 2014-1019-cu illərdə diaqnostik imtahanlara cəlb edib. Hər il milyonlarla vəsaiti məhv edərək, ETN bu məktəblərə qrant layihələr, “Əməkdar müəllim”lər verir. Həmin sualı cavablandırmayanlar arasında “Əməkdar müəllim”lər var. Bu problemin səbəbi ETN-nin səriştəsiz fəaliyyətidir. Bundan başqa, indiyədək sertifikasiya imtahanında yalnız ibtidai sinif müəllimləri iştirak ediblər. Bu imtahandakı sulların bu hissəsi ibtidai sinif proqramından kənardır. Digər tərəfdən, müəllimi bu qədər gözdən salmaq olmaz. Bu daxili imtahan informasiyasıdır və təhsili gözdən salır. Hansı nazir müavini, şöbə müdiri dövlət qulluğu imtahanından keçib? Hamısı xaricdə təhsil adı ilə gəlib işə qəbul olunanlardır. Bəli, müəllimlərimiz yaxşı nəticə göstərməyiblər. Ancaq Azərbaycan müəllimi 44 günlük müharibədə ərazi bütövlüyü uğrunda müharibədə şəhid olub. Bəs necə olur ki, bu müəllimlərin nəticələri zəifdirsə, olimpiadalarda qalib gəlirik, qəbul imtahanlarında nəticələr normaldır? Deməli bu nəticələr Azərbaycan təhsilinin nəticəsi deyil, hazırlıq kursları, repetitorların nəticəsidir. Orta məktəbin ibtidai sinif proqramından kənar olduğuna, müəllimlər bununla məşğul ola bilmədiklərinə görə belə nəticə alınıb. Onlar əsasən keçid balını toplayıblarsa, bu, normal hesab oluna bilər. ETN nə vaxt gedib ali təhsil müəssisələrində keyfiyyəti yoxlayıb? Son 3 il ərzində ETN-dən çıxan şəxsləri rektor göndəriblər. Hamısı onların təhsilə verdiyi zərərin nəticəsidir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar