“Dağlıq Qarabağ”dakı münaqişənin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları müzakirə edilir”.
Cebhe.info-nun məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə 18-ci iclasında belə deyib.
“Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaların həyata keçirilməsi, xüsusilə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları müzakirə olunur”.
“Düşünürəm ki, MDB-dən də dəstək tələb olunacaq”, - deyə Sergey Lavrov əlavə edib.
Qeyd edək ki, Sergey Lavrovun dediyi proseslərin təmin olunmasına dair sənədlərin heç birində KTMT-nin müşahidəçi missiyası vasitəçi tərəf kimi göstərilməyib. Yəni KTMT-nin Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsi, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanmasında iştirak etmək üçün mandatı yoxdur. Ona görə də KTMT-nin bu proseslərə hansı səlahiyyətlə qatılacağı məlum deyil.
Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsi Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar formatı çərçivəsində müəyyən edilir. Eyni zamanda, 2021-ci il yanvarın 11-də imzalanmış Moskva Bəyannaməsinə uyğun olaraq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət birgə işçi qrup fəaliyyət göstərir.
Sərhədlərin delimitasiyası isə 2021-ci il noyabrın 26-da qəbul edilmiş Soçi Bəyannaməsinə görə Azərbaycan və Ermənistan arasında həyata keçirilməlidir. Rusiya bu prosesdə məsləhətçi tərəf kimi iştirak etməlidir. Yəni bu məsələnin KTMT-yə hər hansı aidiyyəti yoxdur.
Sərhədlərin müəyyənləşməsi ilə bağlı digər razılaşma isə bu il mayın 22-də Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə əldə olunub. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyana dair komissiya yaratmaq və problemi bu çərçivədə həll etmək barədə razılığa gəlib.
Sülh sazişinin imzalanmasına gəlincə, Azərbaycan bununla bağlı 5 bənddən ibarət baza prinsiplərini hələ mart ayında Ermənistana təqdim edib. Ancaq Ermənistan tərəfi vaxtaşırı Azərbaycana qarşı hərbi təxribatlar törətməklə prosesi pozur. Ermənistan öz silahlı birləşmələrini hələ də Qarabağda saxlayır. Üstəlik, rəsmi İrəvan Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqları adı altında status məsələsini yenidən gündəmə gətirməyə çalışır.
Bu da Ermənistanın Qarabağa olan ərazi iddiasından geri çəkilmədiyini göstərir. Yəni iki ölkə arasında sülh sazişi yalnız Ermənistanın öz ordusunun qalıqlarını Qarabağdan çıxartması və Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra mümkün ola bilər. Əgər KTMT həqiqətən də Lavrovun dediyi kimi, sülhə kömək etməkdə maraqlıdırsa, o zaman adıçəkilən təşkilat Ermənistana öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq üçün təzyiq göstərməlidir.
Qarabağda təhlükəsizliyin və atəşkəsin təmin edilməsi, həmçinin sülh yaradılması işinə KTMT qarışa bilməz.
Çünki Azərbaycan KTMT-nin üzvü deyil. Qarabağ isə Azərbaycanın ərazisidir. Ona görə də KTMT-nin belə bir addım atması Azərbaycanın suveren ərazisinə müdaxilə kimi qiymətləndirilə bilər. Azərbaycana qarşı işğalçı müharibə aparan Ermənistanın həmin təşkilata daxil olduğunu nəzərə alsaq, KTMT-nin təşəbbüsü bitərəflik prinsipini tamamilə pozur.
Politoloq Xəqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın planı Sergey Lavrovun dediyindən daha təhlükəlidir:
“Belə ki, Moskva müşahidə missiyası adı altında KTMT-nin sülhməramlı qüvvələrini Qarabağa göndərmək istəyir. Halbuki Qarabağda sülhməramlı fəaliyyət Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanata uyğun həyata keçirilir. Həmin sənədin 4-cü bəndi isə bölgədə sülhməramlı missiyanın 5 il müddətinə Rusiya hərbi kontingenti tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Ona görə də KTMT-nin Azərbaycan ərazisində istənilən sülhməramlı fəaliyyəti 10 noyabr Bəyanatının pozulması deməkdir.
Xəqani Cəfərli hesab edir ki, Ukrayna cəbhəsində çətin duruma düşən Rusiya artıq Azərbaycan ərazisindəki sülhməramlılarını KTMT-nin silahlı qüvvələri ilə əvəz etmək niyyətindədir:
“Burada iki önəmli məqam var. Birincisi, beynəlxalq aləmdə Rusiyanın mövqeləri xeyli zəifləyib və çox mənfi imic qazanıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da regional qurumdur. Dünyada Rusiyanın sülməramlı fəaliyyətinə şübhə ilə yanaşılır. Azərbaycan cəmiyyətində də Rusiyanın sülhməramlı missiyası ilə bağlı ciddi suallar var. Ukraynada soyqırım törədən bir ölkənin əsgərləri Qarabağda sülhməramlı kimi təmsil oluna bilməz. Ona görə də Rusiya bunları pərdələmək üçün sülhməramlı missiyasını KTMT-nin üzərindən həyata keçirmək istəyir. Əslində Rusiya missiyasını həmin təşkilata ötürməklə təsir vasitələrini öz əlində saxlamağa çalışır. Eyni zamanda, Rusiyanın hərbi qüvvəsi də çatışmır. Hətta Rusiyanın Şimali Avropa istiqamətindəki qoşunlarının 80 faizini Ukrayna cəbhəsinə cəmləşdirdiyi barədə məlumatlar var.
Faktiki olaraq, Rusiya sərhədlərini nəzarətsiz buraxmaq məcburiyyətindədir. Rusiya həmçinin, Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrini, həm də Ermənistandakı hərbi bazasındakı silahlı qüvvələrinin bir qismini Ukraynadkı müharibəyə cəlb etməyə məcbur olub. Ona görə də Rusiya sülhməramlı kontingentin boşalan yerini KTMT-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus kimi ölkələrdən hərbçilər cəlb etmək hesabına dominantlığı saxlamağa çalışır. Əgər Azərbaycan-Ermənistan sərhəddinə sülhməramlı qüvvə yerləşdirilərsə, Rusiyanın bu missiyanı təmin edəcək qədər əlavə hərbi kontingenti qalmayıb. Normal vəziyyətdə isə Rusiya bu fəaliyyətdən imtina etməli, ya da formatı dəyişməklə prosesə nəzarəti öz əlində saxlamalıdır. Çünki artıq Rusiyanın sülhməramlı missiyanı davam etdirməyə gücü qalmayıb. Görünür, Rusiya hələlik təşəbbüsü öz əlində saxlamağa çalışır. Məlumdur ki, Ermənistan tərəfi rusların bu işin öhdəsindən gələ bilmədiyi qənaətindədir və Skandinaviya ölkələrinin sülhməramlı missiyaya cəlb olunmasını təklif edir.
Eyni zamanda, Azərbaycan-Ermənistan sərhəddinə başqa dövlətlərin hərbçilərinin yerləşdirilməsi təklifi ilə çıxış edir. Rusiya bu təşəbbüsün qarşısını almağa çalışır. Lakin Rusiyanın həmin bölgəyə bir neçə min əlavə qüvvə cəlb etmək imkanı olmadığına görə KTMT-ni prosesə qoşmağa çalışır. Amma KTMT-də Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinin olması bizi aldatmamalıdır. Bu Rusiyanın layihəsidir və tamamilə Moskvadan idarə olunur. Ona görə də Azərbaycan Rusiyanın bu təklifini qəbul etməməlidir.
Digər tərəfdən, Ermənistan da KTMT-nin üzvüdür. Rusiya Ukraynadakı müharibədən sonra KTMT sülhməramlılarını yenidən öz qoşunları ilə əvəz etməyə çalışacaq. Bu da Rusiyanın regionda mövqeyini gücləndirə bilər. Bu da Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan sülhmərmalı fəaliyyətin beynəlxalq təşkilatların mandatı altında həyata keçirilməsində maraqlı olmalıdır. Rusiya isə Qarabağ ərazisində mandatından kənara çıxır və istədiyi qərarı verir. Rusiya bölgənin sahibi kimi çıxış edir. Əslində bizə mandatından kənara çıxa bilməyən sülhməramlı qüvvə lazımdır”.
Müşfiq Abdulla
Cebhe.info