ŞƏKLİN MƏNBƏYİ,REUTERS
Ukraynada müharibə davam edərkən Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
"Ölkəmizin ərazi bütövlüyü təhdid edilirsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil", o çıxışında deyib.
BBC-nin diplomatik işlər üzrə müxbiri Paul Adams hesab edir ki, hətta müəyyən hərbi təcrübəsi olan ehtiyat qüvvələri səfərbərliyə almaq, onları təchizatla təmin etmək və döyüş qrupları yaratmaq aylar tələb edir.
Onun sözlərinə görə, Rusiya yaradılan yeni qüvvələri hissə-hissə döyüş bölgəsinə göndərməsə, onlar yaz aylarınadək müharibəyə cəlb edilməyəcək.
Müharibənin 7 ayı ərzində Rusiyanın böyük təchizat itkisi yaşadığını deyən Paul, Moskavanın yeni qüvvələri zəruri təchizatla təmin etməkdə çətinlik çəkəcəyi qənaətindədir.
Onun fikrincə, Ukrayna Qərbin mükəmməl texnikasından istifadə edərək, Rusiyanın silah-sursat anbarlarını partladıb, komando məntəqələrini darmadağın edib və arxa cəbhədə yerləşən hərbi bazalarını göyə sovurub.
"Kreml hazırda silahlı qüvvələri zəruri hərbi ləvazimatlarla təmin edə bilmir və ordunun mənəvi vəziyyəti də aşağıdır", - Paul Adams deyib.
Guardian nəşrinin xarici xəbərlər üzrə müxbiri Luke Harding isə hesab edir ki, qismən səfərbərlik Rusiya ordusundakı canlı qüvvə qıtlığını aradan qaldıra bilməyəcək.
"Eyni zamanda biz Vladimir Putini vəzifədən uzaqlaşdırmaq üçün oliqarxların, generalların və Kreml rəsmilərinin saray çevrilişi edəcəyini gözləyirik. Təəssüf ki, bu baş verməyəcək", - Harding bildirib.
ŞƏKLİN MƏNBƏYİ,REUTERS
Böyük Britaniyanın xarici işlər naziri Gillian Keegan Vladimir Putinin Qərbi çoxlu silahlara malik olması ilə təhdid etməsini "dəhşətli" adlandırıb. Lakin o, Putinin müraciətinin "yalanlarla dolu olduğunu" bildirib.
"Bu çox ciddi təhdiddir, ancaq daha əvvəl dəedilmiş hədə-qorxulardan biridir", - Britaniyalı nazir deyib.
Gillian Keegan Rusiyanın ehtiyatda olan qüvvələrinin bir hissəsinin səfərbərliyə alınmasını "narahatedici eskalasiya" kimi şərh edib.
Bununla belə, o, Ukrayna müharibəsinin diplomatik yolla həllinə davam edəcəklərini bildirib.
Vladimir Putinin televiziya ilə müraciətindən əvvəl Böyük Britaniyanın müdafiə nazirliyi bildirib ki, Rusiya Ukrayna ilə müharibədə "canlı qüvvə qıtlığı" yaşayır.
Qurumun açıqlamasına görə, Ukraynanın işğal edilən ərazilərində Rusiyanın təcili "referendum" seçkisi elan etməsi Ukraynanın "əks-hücumlarından qorxuya düşməsindən irəli gəlir".
Britaniyanın Müdafiə Nazirliyi Tweeter hesabında bildirib ki, Rusiya Dövlət Duması sentyabrın 20-də ordudan yayınmalarla bağlı cəzaların müddətinin uzadılmasına qərar verib.
"Bu addım böyük ehtimalla ordudakı fərarilik və ya hərbi xidmətdən imtinanı azaltmaq məqsədi daşıyır", - nazirliyin bəyanatında qeyd olunub.
Britaniya hökumətinin müdafiə məsələləri üzrə katibi Ben Wallace deyir ki, Putinin səfərbərlik haqqında qərarı əslində onun Ukraynanı işğal planlarının uğursuzluğa düçar olduğunu göstərir.
ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink Tweeter hesabında Putinin qərarını "zəiflik əlaməti" adlandırıb.
"Saxta referendum və səfərbərlik zəiflik əlamətidir", - o qeyd edib.
Səfir əlavə edib ki, ABŞ heç vaxt Rusiyanın "zor gücü ilə ilhaq edilən Ukrayna ərazisinə qarşı iddialarını tanımayacaq və hər zaman Ukraynanın yanında olacaq".
Papa Francis həftəlik müraciətində Ukraynadakı müharibəyə toxunaraq Ukrayna xalqının vəhşilik və işgəncələrə məruz qaldığını bildirib.
O, çıxışında Rusiyanın adını çəkməyib, lakin ukraynalıları "şəhid olan nəcib xalq" adlandırıb.
ŞƏKLİN MƏNBƏYİ,EPA
Avropalı liderlər Putinin Ukraynada döyüşmək üçün ehtiyat qüvvələri səfərbərliyə çağırmasını "vəziyyətin daha da gərginləşməsi" kimi təsvir ediblər.
Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Rusiyanın qismən səfərbərlik elan etməsi ilə bağlı mövqeyini Tweeter hesabında bölüşüb.
O bildirib ki, "bu müharibədə bir aqressor - Rusiya və bir aqressiyaya məruz qalan ölkə - Ukrayna var. Avropa İttifaqı Ukraynaya dəstək vermək missiyasına sadiqdir".
Reuters agentliyi Almaniya kanslerinin sözçüsünə istinadən bildirib ki, Kansler Olaf Scholz Rusiyanın qismən səfərbərlik qərarını "Moskvanın Ukraynaya qarşı hücumda uğurlu olmaması" kimi qiymətləndirib.
Çex Respublikasının Baş naziri Petr Fiala deyib ki, Rusiya bu addımı ilə "təcavüzkar olduğunu bir daha sübut edir". Bununla belə, o, Ukraynaya göstərilən yardımların davam etməli olduğunu bildirib.
Niderlandın Baş naziri Mark Rutte isə Rusiyanın səfərbərlik və referendum planlarını "təşviş" kimi şərh edib.
Səfərbərlik hərbi qüvvələrin bir yerə cəmlənməsi və aktiv döyüş hazırlığına gətirilməsi deməkdir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə, səfərbərliyə çağrılan 300 min ehtiyatda olan hərbçi ölkənin ümumi səfərbərlik resursunun 1 faizini təşkil edir.
Rusiyanın 2 milyona yaxın canlı ehtiyat qüvvəsinin olduğu təxmin edilir. Bu insanlar ölkədə məcburi olan hərbi xidmət keçmiş şəxslərdir.
Şoyqu tələbələrin səfərbərliyə çağrılmayacağını bildirib.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Rusiya müxalifətinin hazırda həbsdə olan əsas fiquru Aleksey Navalnı qismən səfərbərliyin ölkəni "kütləvi faciəyə" aparacağını deyib.
Həbsxanadan yolladığı video müraciətedə bildirib ki, "bu qərar onun (Putinin- red.) şəxsi gücünü qoruması naminə kütləvi faciə, kütləvi ölümlə nəticələnəcək. Putin qonşu ölkənin ərazisinə girdi insanları öldürdü və indi də böyük sayda rus vətəndaşlarını müharibəyə göndərir".
Navalnı Rusiya daxilində Putini ən çox tənqid edən şəxsdir. Fırıldaqçılıq və məhkəməyə hörmətsizlikdə günahlandırılan Navalnı 11 il 6 ay həbs cəzası alıb. Lakin o, ittihamlarla razılaşmayaraq, məhkəmə qərarının onun siyasi ambisiyalarını və ölkədə fərqli fərqli düşüncə mühitini boğmaq məqsədi daşıdığını bildirib.
BBC.com