Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəblərdə imtahandan sonra: Müəllim-valideyn qarşıdurması başlayır?

1-09-2022, 14:35   


Məktəblərdə imtahandan sonra: Müəllim-valideyn qarşıdurması başlayır? 


Bir neçə gündür ki, ölkədə təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçirilir. 

Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. 

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr ediləcək. 

İmtahanda iştirak edən müəllimlərin bir çoxu uğur qazansa da, keçib balını toplaya bilməyən müəllimlər də var. Hətta müəllimlərdən biri sosial şəbəkədə “Mən 20 bal topladım. Bunun üçün heç kəsdən çəkinmirəm. Sadəcə məni düşündürən odur ki, uşaqların üzünə necə baxacağam?” yazıb. 

Beləliklə, bu gün reallıq odur ki, artıq məktəblərdə maksimum balı toplayan müəllimlərlə keçid balını toplaya bilməyən, yaxud da keçid balını tolasa da, digərləri ilə müqayisdə yüksək bal toplamayan müəllimlər (növbəti imtahana qədər ) yanaşı çalışacaq. Əgər bir müəllim keçid balını toplaya bilmirsə, bu, valideynlər tərəfindən də birmənalı qarşılanmayacaq. Valideynlər övladlarının yüksək bal toplayan müəllimdən dərs almasını istəyəcəklər.

Belə olduğu təqdirdə, mövcud vəziyyət valideyn-müəllim qarşıdurması yaradacaq? 

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlər əvvəllər də həmin sinifdə dərs keçiblər: 

“Uşaq üçün müəllimin bilik səviyyəsinin aşağı olmasını bilmək elə də ciddi problem deyil. Əslində sertiifikasiyanın əsas məqsədi bilik və bacarıqları aşağı olan müəllimləri üzə çıxartmaqdır. Elm və Təhsil Nazirliyi olaraq 1 il ərzində həmin müəllimlər müxtəlif kurslara cəlb olunacaq və ikinci dəfə sertifikasiya keçiriləcək. Əgər həmin müəllimlər ikinci dəfə də öz bilik və bacarıqları üzərində işləməsələr, 50 faiz bal həddini keçə bilməsələr, onlarla bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddənin C bəndi ilə (tutduğu vəzifəyə uyğun olmamaq səbəbilə) xitam veriləcək. Yəqin ki, 1 il ərzində aşağı bal toplayan müəllimlər işlədiyi vəzifənin məsuliyyətini dərk edəcək, bilik, bacarıqlarını inkişaf etdirmək üçün hazırlaşacaqlar. Bunu edə bilməyən müəllimin əmək müqaviləsinə xitam veriləcək. Fikrimcə, sertifikasiya həddindən artıq çox yumşaq keçirildi. Bu məsələnin nə qədər ciddi olmasını dərk edən müəllimlər üzərlərində işlədilər və yüksək nəticə göstərdilər. Bu məsələni dərk etməyən, qəbul etmk istəməyən, “sertifikasiya olmasın” deyən yoldaşlar arxayınçılıqla gözlədilər və aşağı bal topladılar. Bu, təhsilin gələcəyi baxımından düşünülməli, məsələyə milli mənafedən yanaşılmalıdır”. 

Ekspert onu da qeyd etdi ki, əgər bir müəllim 20 bal toplayıbsa, bunu indiyədək düşünməliydi: 

“Uşaqların üzünə necə baxırdı, onun bilik və bacarığı minimum tələbdən aşağıdır. Bu sertifikatlaşma, MDB məkanında indiyədək keçirilən istər sertifikatlaşma, istər attestasiya olsun ən yumşaq formada keçirilib. Hətta bu sertifikasiyadan keçə bilməyən müəllim demək ki, illərlə şagirdi, valideyni, cəmiyyəti aldatmışdı. İndiyədək həmin şagirdlər şikəst olurdular. Bunu əvvəldən fikirləşməliydi, üzərində işləməliydi. Bu gün bizim müəllimlərin böyük bir hissəsi 50 faiz normanı keçib və bu müəllimlərin sistemdə qalmağa haqqı var. Bütün yumşaldılmalardan sonra yenə də həddi keçə bilməyənlər ən yaxşı halda ərizəsini verib müəllimlikdən getməlidir. Ancaq dövlət yenə onlara şans yaradıb, 1 il vaxt verib və nazirlik dövlət hesabına əlavə təlimlər təşkil edəcək. Onlar üzərlərində işləməlidir və bu müddətdə doğurdan da müəllimliyə bağlı insanlardısa, sistemdə qalıb müəllim kimi çalışmaq istəyirlərsə bu müddətdən faydalanmalıdırlar”. 

Ekspertin sözlərinə görə, hər bir valideyn istəyər ki, onun övladına bilik və bacarığı daha yüksək olan, daha peşəkar müəllim dərs desin: 

“Bu, çox normal bir haldır. Ancaq məsələ odur ki, valideynlərlərin istəyi ilə müəllimlər təyin olunmur. Dövlətin qoyduğu minimum tələb var. Valideynin istəyindən asılı olmayaraq, sertifikasiyada 50 faiz bal toplayanlar müəllimlər işləyə bilərlər”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar