Ukraynadakı müharibədən əvvəl əksər Aİ ölkələrini qazla təmin edən Rusiya işğaldan sonra Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq ixracı məhdudlaşdırıb. Avropanın ən böyük iqtisadiyyatlarında böhran günü-gündən dərinləşir. Qaz və elektrik enerjisi ödənişlərində rekord artım bütün qitədə mənzil təsərrüfatına və biznesə mənfi təsir göstərdiyindən, ölkələr inflyasiyanın yüksəlməsi və tənəzzül təhlükəsi ilə dolu sərt qışa hazırlaşır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bütün Aİ ölkələri birbaşa Rusiya tədarükündən asılı olmasa da, qıt resurslar uğrunda rəqabət Avropa qazının topdansatış qiymətlərini bir il əvvəllə müqayisədə 12 dəfə bahalaşdırıb. Artan enerji qiymətləri mənzil təsərrüfatı və biznesə təcili dəstəyin verilməsi məqsədilə gözlənilməz vergi tələblərinə səbəb olub.
Avropada qaz qiymətləri son həftələrdə sürətlə artıb, hər meqavat saat üçün təxminən 350 avroya (299 funt sterlinq) çatıb.
Ukrayna prezidenti Volodimir Zelenski iki gün öncə Rusiyanı “iqtisadi terrorizmdə” ittiham edib. Zelenski Putin haqqında deyib ki, o, Avropanı zəiflətmək üçün qitəyə böhran və yoxsulluqla təzyiq göstərir.
Rusiya və Almaniyanı Baltik dənizi vasitəsilə birləşdirən “Şimal axını 1” boru kəmərinə bu həftə Rusiyanın “Qazprom” şirkəti tərəfindən xidmət göstəriləcəyi gözlənilir ki, bu da qaz anbarlarının doldurulması üçün səyləri çətinləşdirir.
Almaniyanın iqtisadiyyat naziri gələn ay ölkənin deposunun 85% dolu olacağını gözlədiyini söylədikdən sonra topdansatış qaz qiymətləri ucuzlaşıb, lakin hazırki qiymətlər bu ilin əvvəlindəki səviyyədən üç dəfə çoxdur.
Böyük Britaniya da topdansatış bazarında qiymət artımına məruz qalsa da, qazın çox az hissəsini birbaşa Rusiyadan alır.
Baş naziri olacağı ehtimal edilən Liz Truss indiyə qədər mənzil təsərrüfatlarına necə kömək edəcəyini açıqlamaqdan imtina edib, çünki enerji ödənişlərinin qiyməti oktyabr ayından etibarən ildə 80% artaraq 3,549 funt-sterlinqə yüksəlib.
Fransa Baş naziri Elizabet Börn isə şirkətləri enerjiyə qənaət etməyə çağırıb.
Belçikanın energetika naziri Tinne Van der Straetenin də məsələ ilə əlaqədar açıqlaması diqqət çəkib: “Avropada təbii qazın qiymətinə məhdudiyyət qoyulmasa, növbəti 5-10 qış qorxunc keçəcək”.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen təcili tədbirlər planı paketinin tezliklə elan ediləcəyini bildirib. O, uzunmüddətli enerji bazarı islahatlarına əlavə olaraq "təcili müdaxilələrin" tətbiq ediləcəyini söyləyib.
Nigar Cəfərli,
Musavat.com