Azərbaycanda koronavirusa yoluxma halı artmaqda davam etməkdədir.
Son günlər yoluxma halı bir neçə dəfə artıb.
TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən həftəki açıqlamasında yoluxmanın 48 faiz artdığı bildirilib.
Buna görə də rəsmi qurumlar əhalini yenidən peyvəndlənməyə, ehtiyatlı olmağa çağırır, hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənib.
Narahatlıq doğuran məqamlardan biri sərt karantin qaydalarının yenidən tədbiqi ilə bağlıdır.
Pandemiyanın bitməsi ilə bağlı dəfələrlə tibb sahəsi üzrə ekspertlər açıqlama versə də, karantin məsələsi gündəmdən düşmür.
İddialara görə, bu ayın sonuna qədər yeni karantin qaydaları tətbiq edilə bilər. Yenidən karantin elan edilə bilərmi?
Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, yeni karantin qaydalarına ehtiyac yoxdur:
"Koronavirusa hazırkı yoluxmanı kütləvi hesab etmək olmaz. Yoluxma tempi əvvəlki qədər sürətli deyil. Buna görə də hər hansı qadağaların qoyulması düzgün deyil. Kütləvi proses yoxdur, kütləvi yoluxma görmürük. Gələcəkdə olada bilər, olmayada bilər, başqa mövzudur. Gələcəkdə yoluxma arta bilər deyib, insanlara qadağaları yükləmək lazım deyil. Əksinə, tək-tük yoluxma hallarını aradan qaldırmaq, yayılmaması üçün tədbirlər görmək lazımdır. Oturub gözləmək lazım deyil ki, ay yoluxma artdı, gəlin karantin edək. Qadağaların qoyulması, karantin olunması düzgün deyil. Çünki pandemiya da artıq bitib".
Naibə
Cebhe.info