Yaranmış fürsətdən istifadə edərək, sərhəddə “bazar açan” dəllalların arxasında hansı dövlət qurumu dayanır?Bəlli olduğu kimi, fevralın 27-dən etibarən Azərbaycanla Rusiyanın quru sərhəddi bağlanıb. Beynəlxalq uçuşlarda yaranmış risklər səbəbindən, Rusiya və Azərbaycan arasında bütün aviareysler təxirə salındığından, son vaxtlar ölkəmizə quru yolu ilə dönməyə məcbur olan vətəndaşlarımız ciddi problemlə üzləşiblər. Belə ki, 2020-ci ilin 18 martında pandemiya səbəbindən vətəndaşlarımızın ölkəyə giriş-çıxışı məhdudlaşdırıldığından, Rusiyadan qayıdan soydaşlarımız qarlı havada günlərlə, hətta həftələrlə sərhəddə gözləməyə məcbur edilirlər.Doğrudur, Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin vətəndaşlarımızın bir hissəsi müvəqqəti olaraq Dağıstandakı "Oqonyok" düşərgəsində yerləşdirilib. Lakin, əldə etdiyimiz məlumata əsasən, düşərgədə yer olmadığına görə bir çox vətəndaşımız qapı qarşısında, yaxud həyətdəki ağaclıqda gecələməli olurlar. Daha dəqiq desək, onlar soyuqdan donmamaq üçün ocaq qalayaraq, səhərədək ətrafında gözləyirlər. İnsanların bir hissəsi isə növbə ilə şəxsi avtomobillərdə yatırlar.
Bu hökumətdə bircə nəfər insaflı məmur yoxdur?Əlbəttə, gecələri bahalı villalarında və yumşaq yorğan-döşəkdə yatan, gündüzlər isti kabinetlərdə əyləşib, katibələrinə “eşqnamə” oxuyan bəzi məmurlarımız sərhəddə gecələyən bu insanların şaxtalı günlərdə hansı zülmü çəkdiklərini dərk edə bilməz. Bəs, bu hökumətdə bircə nəfər insaflı məmur yoxdur ki, günlərdə düşərgələrdə gözlədilən, maşınlarda yatan körpə uşaqların, hamilə qadınların, yaşlı və xəstə insanların bu zülmünə son versin?!
Öz evlərinə gələ bilmək üçün XİN-ə rüşvət verirlərƏn dəhşətlisi isə odur ki, bu insanların sayı günbəgün artsa da, gün ərzində sərhəddən cəmi 5-10 nəfər buraxılır. İddialara görə, onlar isə öz evlərinə dönə bilmləri üçün 500-1000 dollar ödəməli olurlar. Bu haqda “Hürriyyət”ə məlumat verən mənbənin sözlərinə görə, yaranmış vəziyyətdən istifadə edən dəllallar günlərdir sərhəddə gözləməkdən cana doyan, öz ev-eşiyinə qayıda bilmək üçün ciblərindəki sonuncu qəpiyədək verməyə hazır olan insanlara yaxınlaşaraq, ən azı 500 dollar (bu məbləğ müxtəlif günlərdə 1000 dollaradək artır – red.) ödəməyin qarşılığında onların adını Xarici İşlər Nazirliyinin (XİN) siyahısına salırlar. Bundan sonra isə XİN-dəki yetkili şəxslər həmin siyahını Nazirlər Kabinetinə təqdim edərək, rüşvət verən vətəndaşların ən qısa müddətdə öz evinə qayıtmasına şərait yaradırlar. Nəzərə alsaq ki, gün ərzində dəllallar təxminən 10 nəfərin işini "düzüb-qoşur", deməli, hər birindən 1000 dollar alındıqda, ay ərzində nə az, nə çox 300 min dollar rüşvət yığılır. Bu vəsaitin isə hansı qurumlar arasında bölüşdürüldüyü hələlik müəmmalıdır...
Əlbəttə, "Hürriyyət" olaraq bizim əlimizdə konkret hansısa qurumun rüşvət aldığı haqda heç bir fakt mövcud deyil. Lakin güman edirik ki, bu yazıdan sonra müvafiq qurumlar araşdırma aparıb, qeyd olunan iddialara aydınlıq gətirəcəklər...
"Nigeriya belə, təyyarə göndərərək öz vətəndaşlarını apardı…”O da bildirilir ki, rüşvət verməyə maddi imkanı olmayanlar, yaxud da həmin pulu vermək istəməyənlər günlərlə, hətta həftələrlə sərhəddə gözləməli olurlar. Bu isə, şübhəsiz, soydaşlarımızın dövlətimizə olan inamını sarsıdır. Heç də təsadüfi deyil ki, vətəndaşlarımızdan biri haqlı olaraq öz etirazını bu şəkildə ifadə edib: "Nigeriya kimi bir ölkə belə, təyyarə göndərərək öz vətəndaşlarını Rusiyadan apardığı halda, öz güclərinə sərhəddə gəlmiş Azərbaycan vətəndaşlarının ölkəyə buraxılması üçün heç bir təşəbbüs edilmir. Dövlətin borcudur ki, öz vətəndaşına sahib çıxsın".
Bu, necə karantin rejimidir?!Yeri gəlmişkən, bu gün Rusiya Ukraynada rusların hüquqlarının pozulmasa adı altında dost ölkəyə müharibə açdığı halda, Azərbaycan dövləti nəinki xaricdəki vətəndaşlarının haqqını qoruyur, üstəlik geri dönmələrinə belə, müxtəlif yollarla əngəl törədərək, onlara zülm edir. Bir halda ki, bu gün insanların koronavirus yoluxub-yoluxmadığını müəyyən etmək üçün cəmi bir neçə dəqiqə vaxt yetərlidir və karantin müddəti də 7 günə endirilib, o zaman nə üçün vətəndaşlarımız həftələrdir sərhəddə gözləməyə məcbur edilir? Bu sualın cavabını hansısa yetkili qurum aydınlaşdıra bilərmi?
“Hazırda qeydiyyata alınanların sayı 1000-i keçib”Digər tərəfdən, axı, bu insanların alternativ çıxış yolu olsaydı, soyuq qış ayında gəlib sərhəddə gözləyərdilər?! Birincisi, kimsəyə sirr deyil ki, onların böyük əksəriyyəti məhz maddi imkansızlıq səbəbindən quru yolu ilə geri qayıtmalı olublar. İkincisi, Rusiyadan Azərbaycana uçuş dayandırıldığı halda həmin şəxslər başqa nə edə bilərdilər?! Hansı ki, sərhəddə gözləyən vətəndaşlarımızdan biri də başqa çıxış yollarının olmadığını dilə gətirir: “Bu ilin fevralında Rusiyaya gəlmişdik, geri dönüş biletlərimiz də alınmışdı. Lakin hava sərhədi bağlandığından Azərbaycana qayıda bilmədik. Martın 7-dən Dağıstanın Dərbənd şəhərində “Oqonyok” düşərgəsinə yerləşdirilmişik. Biz gələndə düşərgədə 150 nəfər var idisə, hazırda burada qeydiyyata alınanların sayı 1000-i keçib. Aralarında körpə uşaqlar, yaşlılar, xəstələr var, hamısı qalıb, evinə-eşiyinə gedə bilmir”.
“Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər…”
Digər tərəfdən, onu da xüsusi olaraq vurğulamalıyıq ki, Rusiyada təhsil alan tələbələr də geri dönməkdə çətinlik çəkirlər: “Biz 14 nəfər Həştərxanda təhsil alan tələbələrik. Bizdən başqa yüzlərlə insan burada düşərgədə qalıb. Hazırda gələnlərin sayı o qədər çoxdur ki, qapıdan içəri girə bilmirlər, 40 nəfər soyuqda qalıb. Burada vəziyyət çox pisdir. Bizə dedilər ki, quru sərhədi bağlı olsa da, bu düşərgədən azərbaycanlıları ayda bir neçə dəfə, hissə-hissə ölkəyə buraxacaqlar. Əslində Rusiya sərhədindən keçə bilirik, amma Azərbaycan tərəfi bizi buraxmır. Öz vətənimizə qayıda bilmirik. Bütün aidiyyəti dövlət qurumlarına – Xarici İşlər Nazirliyinə, Rusiyadakı səfirliyimizə, Nazirlər Kabinetinə müraciət etsək də, bizimlə bağlı tədbir görən yoxdur”.
“Nə çətinlik var axı burada?”Bütün bunlardan göründüyü kimi, dünyanın harasında yaşamalarından asılı olmayaraq, vətəndaşlarımız Azərbaycan dövləti tərəfindən taleyin ümidinə buraxılıb. Sözsüz ki, bunu təkcə biz demirik, deputat Razi Nurullayev də özünün “Facebook” səhifəsində yazır: “Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək. Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə… Nə çətinlik var axı burada? Göndər nümayəndəni və vətəndaşlarını gətir. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk.
Azərbaycan vətəndaşlarının düşərgədə günlərlə nümayəndə gözləməsinə çox pis yanaşıram. Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?”.
Baş nazirin ayırdığı “yemək pulu hara xərclənir?Ən dəhşətlisi isə odur ki, Azərbaycanın korrupsioner məmur ordusu incanların ağrı-acısı, faciəsi, problem üzərindən də böyük pullar qazanmaq fürsətini qaçırmırlar. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Dağıstandakı "Oqonyok" düşərgəsində yerləşdirilən azərbaycanlıların isti yeməklərlə təmin edilməsi üçün böyük məbləğdə vəsait ayrılsa da, sərhəddə gözləyən soydaşlarımızın “Hürriyyət”ə verdiyi məlumata əsasən, onlar əsasən ətraf kəndlərdən qida əldə edirlər. Hətta bəzi hallarda kənd sakinlərinin onlara yazığı gələrək, evlərinə aparıb yedizdirirlər…
Bütün bunlardan sonra, vətəndaşlarımızın “bizim məmurlar”ın gözündə nə üçün “dəyərsiz” olduğunun səbəbini araşdırmaqdan başqa çarə qalmır. Görünür, ya o məmurlar “bizim” deyil, ya da biz onlara nahaq yerə “bizimki” kimi dəyər veririk.
Mövzunu davam etdirəcəyik.
Hazırladı: KƏNANP.S. Qeyd edək ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Azərbaycanla Rusiya arasında uçuşlar martın 6-dan dayandırılıb. Rusiyanın “Aeroflot” aviaşirkəti isə martın 21-dən Azərbaycana reyslərin bərpa ediləcəyini açıqlamışdı…/hurriyyet.az/