
Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən
Abdin Ələsgər oğlu Fərzəliyevə Azərbaycan Prezidenti tərəfindən daha yüksək etimad göstərilib.
Belə ki, Prezidenti İlham Əliyevin sərəncamı ilə Abdin Fərzəliyev ölkənin ən böyük rayonlarından birinin - Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkədə icra başçılarının yeni və gənc kadrlarla əvəzlənməsi prosesinin getdiyi bir vaxtda A.Fərzəliyevin daha böyük rayona başçı təyin edilməsi təsadüfi deyil. Belə ki, 90-cı illərdən hakim komandanın üzvü olan Fərzəliyev hakimiyyətə, Prezidentə sədaqəti ilə seçilən kadrlardan biridir. Onun vəzifə pillələrində yüksəlişində sədaqət faktoru olə yanaşı tapşırılan vəzifələri layiqincə yerinə yetirməsinin də əsas rol oynadığı şübhə doğurmur.Abdin Fərzəliyev 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr Hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində çalışıb.
1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
2003-cü ilin aprel ayından 2005-ci ilə qədər Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2005-ci ilin dekabr ayından bu günə kimi isə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
A.Fərzəliyev 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2001-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.