İki aya yaxındır koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanmalara səbəb olub. Xüsusən, Avropa ölkələri sərt karantin rejiminin bəzi məhdudiyyətlərini geri qaytarmağa məcbur olub. Dünən Azərbaycanda da “Omikron” virsunun tapılması barədə məlumat yayıldı. Hökumət yeni ştammı əsas gətirib yenidən real sektorda qapanmalara gedə bilərmi?
İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, qlobal iqtisadiyyat artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və iqtisadi immunitet yaranıb.
O, xatırladır ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: "Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil".Tibb elmləri doktoru, professor Musa Qəniyev isə ötən ay əksər Avropa ölkələrində tətbiq olunun sərt karantin tədbirlərinin əhali və dövlət qurumları arasında ciddi qarşıdurma, hətta toqquşmalara səbəb olduğunu yada salır.
Professor, son qadağaların ləğvindən sonra, ailəsinə bir parça çörək pulu aparan və buna görə Tanrıya dualar edən vətəndaşlarımızın yenidən sərt karantin olmasını arzulamadığını ifadə edib: "COVİD 19"-un bütün ştammları daxil, total ölüm təqribən 2%-dir. "Omikron" ştammı artıq 90-dan artıq dövlətdə yayılıb, ölüm halı isə yalnız İngiltərədə müşahidə edilib - 24968 yoluxmaya qarşı, cəmi 7 nəfər, yəni 0,028%. Başqa sözlə, SARS-CoV2 virusunun letallıq (ölüm törətmə) əmsalı 70 dəfə azalıb. Bu hal mənim yazdıqlarımın birbaşa təsdiqi və pandemiyanın sonu deməkdir. Azərbaycanda dövlət rəhbərliyi səviyyəsində duyum, elmi təhlil, məntiqi yanaşma, siyasi iradə və müstəqil qərar vermə qüdrəti, mənə tam qətiyyətlə bu sözləri deməyə əsas verir: bizim ölkəmizdə bir də heç bir vaxt sərt karantin olmayacaq və millətimiz əzab çəkməyəcək".
"AzPolitika.info"