Smart saygacların yenidən mexaniki sayğaclarla əvəzlənməsinə dair müzakirələr davam edir.Maraqlıdır, abonent razılıq vermədiyi təqdirdə sayğac dəyişdirilə bilərmi? Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info- ya açıqlamasından bildirib ki, smart sayğaclarının yeniləri ilə əvəz olunmasının yalnız bir səbəbi var:
“Bu həmin sayğaclarının dövrü müddətinin bitməsi məsələsidir. Məlumat üçün deyim ki, qaz sayğaclarının dövrü istifadə müddəti 5 il müəyyən edilir. Müddəti bitmiş hesab olunan sayğacların hər biri məcburi qaydada dəyişdirilməlidir. Bu dəyişikılik vətəndaşın xeyrinə işləyir. Çünki həmin sayğaclar işləmə mexanizmini itirdikdən sonra problemlər yaradır. İnsanları çətin vəziyyətdə qoyacaq məsələlər üzə çıxara bilir. Bu baxımdan sözügedən sayğaclar müddəti bitmiş hesab olunur”.Eldəniz Vəliyev həmçinin bildirib ki, sayğaclar 5 il müddəti tamam olmamışdan əvvəl də dəyişdirilə bilər:
“Bu, sayğaca hansısa insan müdaxiləsi zamanı mümkündür. Təbii fəlakət, məsələn yağış, qar nəticəsində yararsız hala düşərsə, sayğac 5 il müddəti tamam olmamış dəyişilməlidir. Bu, məcburi şəkildədir və vətəndaşın təhlükəsizliyi nəzərə alınır”.“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında smart sayğacların hamısının mexanikiyə keçirilməsi ilə bağlı layihə olmadığını deyib:
“Sadəcə istismar müddəti bitən sayğacın smart hissəsində karta yüklənmiş məbləğ bitdikdə, vurulmuş su qurtardıqda, klapan bağlanmadığı halda su axır, minusa gedərkən abonentlərlə narazılıq yaranır. Buna görə də smart sayğaclarını mexanikiyə keçiririk. Sayğacı hökumət qoyub və hökumətin vəsaitidir. Sayğacın yenilənməsi, dəyişdirilməsi hökumətin hesabına olursa, burada vətəndaşın razılığından söz gedə bilməz”.Anar Cəbrayıllı bildirib ki, əhali abonentlərinə artıq smart sayğaclarının quraşdırılması həyata keçirilmir:
“Abonentlərə yalnız mexaniki sayğaclar quraşdırılır. Smart sayğaclar isə qeyri- əhali abonentlərinə, onların öz vəsaiti hesabına quraşdırılır. Həm də sayğac xarab olduqda yenisi ilə əvəzlənir”.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə tam əksinə, smart sayğacların quraşdırılmasının daha çox üstünlük təşkil etdiyini və prosesin bu istiqamətdə davam etdiyini deyib:
“Elektron sayğaclar tədricən sart sayğaclara keçirilir”.Şəlalə Babayeva
Cebhe.info