Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şagirdin çəkə bilmədiyi dərs yükü: “O dərslikləri müəllimlər güclə qavrayır...”

17-09-2021, 15:14   


Şagirdin çəkə bilmədiyi dərs yükü: “O dərslikləri müəllimlər güclə qavrayır...”

"Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənləri üzrə bilikləri nisbətən zəifdir.
Bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında" təbiət fənninin təliminə qərar verilib". Bu sözləri Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.
O deyib ki, yeni tədris ildən təzə hazırlanan "Təbiət-5" dərsliyi V siniflərdə pilot lahiyə olaraq tədris ediləcək:
"Təhsil Nazirliyinin dəstəyi ilə komplekt hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib. Dərslik ilk dəfə tətbiq edildiyindən bu fənni tədris edəcək pilot siniflərin müəllimlərini təlimləndirmək məqsədi ilə təlimçilərə dərslik müəllifləri tərəfindən treyninqlər təşkil edilib. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətdə keçirilməsinə əsaslanır. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə Təbiət fənləri kimya biologiya və fizika fənləri olaraq ayrılacaq".
Maraqlıdır, şagirdlərin təbiət fənnlərində zəif olmasına səbəb dərs yükünün çox olmasıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklər hazırlanarkən uşaqların psixoloji durumu da diqqətə alınmalıdır:

"İlk növbədə qeyd edim ki, orta məktəblər üçün kitab çapı işində Azərbaycan hələ dünya ilə ayaqlaşa bilmir. Çünki kitab sənayesi hər gün inkişaf edir, hər gün yeni avadanlıq istehsal olunur, amma bizdə hələ də nəşriyyatlar köhnə avadanlıqlardan istifadə edərək bu işi həyata keçirirlər. Məhz kağız, rəng və digər keyfiyyətlərinə görə Azərbaycandakı orta məktəb kitabları ilə Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqi var. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf etdikcə, illər ötdükcə, yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqdansa, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində proqram daha çox ağırlaşır. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər ola”.
Ekspert düşünür ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər:
“Pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar verilməlidir. Əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb.
İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var. Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür ki, kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb”.
Həmsöhbətimiz dünya təcrübəsindən misal gətirib: “Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Yuxarı siniflərdə instruktor olması kifayətdir. Tapşırıq verir, şagird isə informasiyanı özü axtarıb tapmalıdır. Dərsliksə şagirdin müstəqilliyini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. Həyatda nə müəllim həmişə onun yanında olacaq, nə də düzgün yazılmış dərslik. Xüsusi ilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir.
Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir. Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazması deyil. Amma təəsüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar....”
Ekspert qeyd edib ki, ev tapşırıqları həddindən artıq çox olur:
“Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər".
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, dərsliklər şagirdlərə lazımlı informasiyanı verməlidir:

"Təhsil İnstitutu tərəfindən dərsliklərdə müəyyən təkmilləşdirilmələrlə bağlı müzakirələr aparılır. Ola bilsin ki, dərsliklərdə şagirdlər üçün əlavə bilik tutumuna yer ayıracaq mövzuları aradan qaldırıb, yalnız şagirdlərə lazım olan faktlar əsasında hazırlanacaq. Qeyd edim ki, şagirdlərin təbiət yönümlü fənnlər üzrə bilikləri ona görə zəifdir ki, orada çox informasiya əks olunur. Bəziləri şagirdlərə lazım deyildi. Bu da şagirdlər üçün bütün mövzunun qavranılmasında çətinlik yaradırdı. Düşünürəm ki, təbiət yönümlü fənnlərdə müəyyən qədər dəyişikliklər aparmaq lazımdır. Hazırda da bu mövzuda müzakirələr aparılır. Bu tədris ilində də müəyyən çatışmayan tərəfləri görüb, araşdırıb, ümumi analiz aparıldıqdan sonra ən geci növbəti tədris ili üçün dərsliklərin təkmilləşdirilməsi həyata keçiriləcək. Mən də buradan sizin vasitəsizlə Təhsil İnstitutuna, Təhsil Nazirliyinə müraciət edərək bildirirəm ki, çalışaq dərsliklərdə yalnız şagirdlərə lazım olan informasiyanı verək".

Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar