
““Delta” ştammından daha təhlükəli və öldürücü variant gəlir, adı da “Covid-22” olacaq”. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə İsveçrəli məşhur immunoloq, professor Say Reddi açıqlama verib.
Say Reddi dünyanı sarsıdan “Delta” ştammından daha güclü bir variantın ortaya çıxmasının “qaçılmaz və dünyanın buna indidən hazırlaşmasının vacib olduğunu” deyib:
“Əgər belə bir variant ortaya çıxsa, onu mümkün qədər erkən aşkar etməliyik və peyvənd istehsalçılarının peyvəndi tez bir zamanda yeni varianta uyğunlaşdırmasını təmin etməliyik."
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə alimləri də son dövrlərdə “Alfa”, “Beta”, “Delta” və “Gamma” kimi dövriyyədə olan daha yoluxucu və ölümcül variantların birləşməsindən "supervariant"ın ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib. Bununla bağlı verilən hesabatda qeyd edilib ki, yeni variantın ölümcülük qabiliyyəti 35 faiz ola bilər.
Xalidə Gəray, Musavat.com