Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zasın İrəvanda verdiyi bəyanatın hədəfi – Türk ekspert

11-08-2021, 15:13   




Türkiyənin Avrasiya İncələmələri Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz üzrə mütəxəssisi Turqut Tuncel Kərəmin Axar.az-a müsahibəsi:
- Ermənistan israrla sərhədlərin delimitasiya və demarkasiyası prosesini ləngitmək üçün sərhəddə gərginliyi artırmaq yolu ilə KTMT-nin məsələyə müdaxilə etməsini istəyir. Sizcə, burada Ermənistanın hədəfi nədir?
- Ermənistanın Azərbaycan ilə sərhədlərin dəqiqləşdirilməsi prosesini ləngitməyə çalışmasının əsas səbəbi son nəticədə Azərbaycanın bu ölkə qarşısında əldə edəcəyi strateji üstünlükdür. Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların beşdə biri işğal altında olduğu üçün sərhədlərin dəqiqləşdirilməsi prosesi gerçəkləşdirilə bilmədi. Son 44 günlük müharibədən sonra isə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi delimitasiya və demarkasiya məsələsini yenidən gündəmə gətirdi. Sərhədlərin dəqiqləşdirilməsi üçün əldə olan hüquqi və qanuni mənbə SSRİ dönəmində çəkilmiş xəritələrdir. Bu xəritələrə baxdığımız zaman sərhəd bölgələrindəki strateji önəmə sahib bir çox nöqtənin Azərbaycanın torpağı olduğunu açıq şəkildə görmək mümkündür. Məsələ ilə bağlı Ermənistanı şimalda Gürcüstanla, cənubda isə İranla birləşdirən və bölgə üçün əhəmiyyət kəsb edən su mənbələrinə xüsusi diqqət yetirmək lazımdır. Proses əgər doğru şəkildə yerinə yetirilsə, nəticədə bu su mənbələri də Azərbaycana veriləcək. Əsas buna görə sərhədlərin dəqiqləşdirilməsi Ermənistana sərf etmir və proses bilərəkdən uzadılır. Bu ümumi çərçivə içərisində Ermənistan xüsusilə bölgədə iqlim şərtlərinin çətinləşəcəyi payız və qış aylarına qədər prosesi ləngitməyə çalışdığını düşünə bilərik. Nəticədə Ermənistan qeyri-müəyyənlikdən bəslənən bir “fait accompli” – oldu və bitdi vəziyyəti formalaşdırmaq məqsədi güdür.
- KTMT-nin Baş katibi Stanislav Zas Ermənistanda səfərdə olarkən Ermənistan və Azərbaycan arasında olan sərhəd probleminin həlli məsələsində siyasi imkanların tükənmədiyini bildirdi. Bu açıqlamanı necə dəyərləndirirsiniz?
- KTMT 44 günlük Vətən müharibəsində Ermənistanın çoxsaylı müraciətlərinə baxmayaraq, müdaxilə etmədi. Bundan başqa müharibədən sonra Ermənistanın sərhəddə törətdiyi təxribatlar zamanı da KTMT bunu iki ölkə arasında sərhəd anlaşmazlığı olaraq dəyərləndirdi və təşkilatın məsələyə müdaxilə etməsi üçün heç bir əsas olmadığını bildirdi. Qısaca, KTMT-nin Ermənistan-Azərbaycan arasındakı münaqişəyə təmkinli yanaşdığı və hərbi müdaxilə məsələsində istəksiz olduğu görünür. Zasın problemlərin həllində siyasi imkanların tükənmədiyini deməsini də bu çərçivədə dəyərləndirmək mümkündür.
Bəs, KTMT-nin bu yanaşmasının altında hansı səbəblər yatır? Öncə, Orta Asiyadakı vəziyyəti xatırlayaq. Tacikistan-Qırğızıstan və Əfqanıstanla sərhəddə gərginlik, Əfqanıstandakı hazırkı durumu xatırlayaq. Bütün dünya ilə birlikdə Rusiyanın da diqqəti bu bölgəyə yönəlib. Təbii ki, bir də qərbdə Belarusiya məsələsi var. Digər tərəfdən Gürcüstan və Qara dənizdə təhlükəsizlik məsələləri də Rusiya üçün əhəmiyyətini itirməyib. Belə bir siyasi durumda Rusiyanın Cənubi Qafqazda yeni bir münaqişə istəməməsi başadüşüləndir.
İkincisi, 44 günlük Qarabağ müharibəsindən sonra ortaya çıxan vəziyyət Rusiyanın da maraqlarına uyğundur. Rusiya öz hərbçilərini sülhməramlı missiyasını həyata keçirmək üçün keçmiş Dağlıq Qarabağın bir qisminə yerləşdirdi, Ermənistan tam mənasıyla Rusiyadan asılı hala gəldi.
Üçüncüsü, 10 noyabr bəyanatının 9-cu maddəsində iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiya xətlərinin yenidən açılmasının Rusiyanın regional və qlobal hədəfləri üçün də əhəmiyyət daşıyır. Xüsusilə Cənubi Qafqaz və Xəzər bölgəsindən keçən Şimal-Cənub xəttinə diqqət etmək vacibdir. Cənubi Qafqazda hazırkı durum Rusiyanın da lehinədir. Son olaraq bölgədə böyük çaplı bir münaqişə Türkiyəni də içinə çəkə bilər. Bununla bağlı olaraq 15 iyun 2021-ci il Şuşa Bəyannaməsini yenidən diqqətinizə çatdırmaq istəyirəm. Əgər münaqişə baş versə, Türkiyə və Rusiya qarşı-qarşıya gələ bilər. Bu ehtimal KTMT və NATO arasında böhranın yaranması deməkdir. Əsas bu səbəblərə görə Rusiyanın bölgədə böyük çaplı bir münaqişəni istəmədiyini söyləmək olar.
- Sərhəddə Ermənistan Azərbaycanın mövqelərinə mütəmadi şəkildə atəş açır. Yaxın zamanda yeni bir müharibənin başlaması ehtimalı varmı?
- Bayaq qeyd etdiyim kimi, Rusiya hazırkı şəraitdə Cənubi Qafqazda yeni bir müharibənin başlamasını istəməz. Qazaxıstan da eyni mövqedədir. Bu səbəblə Ermənistan tələb etsə də, KTMT-nin hər hansı bir baş verəcək münaqişəyə müdaxilə etməyəcəyini düşünürəm. Ermənistan müharibə zamanı hərbi gücünün böyük bir qismini itirib. Bu səbəblə arxasında bir güc olmadan yeni müharibəyə başlayacağını zənn etmirəm. Erməni mətbuatında çıxan bəzi məlumatlara görə, Zasla görüşündə Paşinyanın da siyasi həll haqqında danışdığı öz əksini tapıb. Əlbəttə, Paşinyanın nə qədər səmimi olduğu şübhəlidir, ancaq Ermənistanın Rusiyasız yeni bir hərbi macəraya girişməsi ehtimalı zəifdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar