İkinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ilə qədər bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi əlilləri bu ödənişi ala bilməyiblər.Bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətindən sözügedən ödənişin artıq təyin olunduğu və fevral-mart aylarında verilməsinə başlanacağı bildirilmişdi. Lakin aylar keçməsinə baxmayaraq, hələ də bu barədə dəqiq məlumat yoxdur.
Mövzu ilə bağlı
Cebhe.info-ya danışan Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatlara görə, məsələ gələn ilə qədər təxirə düşüb:
“Yanvar ayı ərzində sözügedən məsələ gündəmə gətiriləcək. Elə yanvar ayından etibarən də Birinci Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulan sığorta pulunun verilməsinə başlanılacaq”.Qeyd edək ki, qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır ki, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əliliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əliliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.
Şəlalə BabayevaCebhe. info