
Bu gün peyvəndlərlə bağlı çoxsaylı suallar yaranıb. Onlardan ən əsası peyvəndlərin harada vurulması və nə qədər qəribə səslənsə də, qiyməti ilə bağlıdır.Məlumdur ki, ölkəmizdə Çin istehsalı olan “CoronaVac “ peyvəndi ilə yanaşı, digər peyvəndlər - "Pfizer”, “Sputnik V”, "AstraZeneca” da vurulur. Yanvar ayının 18-dən başlayaraq ilk dəfə əhaliyə Çin istehsalı olan “CoronaVac” peyvəndinin tətbiqi başlayıb və hazırda da kütləvi şəkildə davam etdirilir.
Sözügedən peyvənd ərazi üzrə aidiyyəti poliklinikalarda vurulur. İyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar "Pfizer” vaksinindən də istifadə edirlər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Parlament Prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasında başlanılıb.
Vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Həmin vaksinin istifadəsi Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılır.
Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların peyvəndlənməsi həmin müəssisələrin daxili qaydalara uyğun olaraq aparılacaq. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün
https://randevu.its.gov.az/ saytına daxil olaraq,
“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib
“Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir.
Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Hazırda ölkəmizdə ən təlabatlı peyvənd "Pfizer”dir. Poliklinikalara üz tutan vətəndaşlardan bəziləri "CoronaVac" peyvəndindən imtina edərək, "Pfizer” vurulmasını istəyir. Bu zaman onlara sözügedən vaksinin ancaq siyahıdakı seçilmiş klinikalarda pulsuz, özəl klinikalarda isə ödənişli vurulduğu deyilib."Pfizer” peyvəndi ÜST-ün siyahısında və beynəlxalq protokollarda təsdiqlənən peyvənd olduğundan, xaricə üz tutan və ölkəmizə gələn vətəndaşlar da bu peyvəndə təlabatı artırır. Məlumdur ki, ölkəmizdə peyvənd ödənişsiz və könüllü əsaslarla vurulur. Ancaq vətəndaşların “Pfizer” üçün özəl klinikalara yönləndirilməsi başqa məqamlardan xəbər verir.
Maraqlıdır, "Pfizer”in qiyməti hansı məbləğ arasında dəyişir?Cebhe.info vaksinlərin qiymətlərinini araşdırmaq üçün adları qeyd olunan klinikalarla əlaqə yaratmağa çalışıb. Əlaqə üçün qeyd olunan nömrələrin heç birindən məlumat əldə edilməyib.Mövzu lə bağlı infeksionist Mərdan Əliyev saytımıza açıqlama verib. İnfeksionist özəl klinikalarda vurulan "Pfizer” vaksinin qiymətinin təxminən 80 manat olduğunu deyib:
""Randevu" sistemindən keçmək onlayn növbə götürmək üçündür. "Pfizer”in kütləvi şəkildə vurulması nəzərdə tutulmayıb. İstəyə bağlı olduğu üçün ödənişli əsaslarla da vurulur. Biz istəyərdik ki, vaksinlər pulsuz olsun. Bu, daha yaxşı olardı. Vaksində seçim azadlığı olsa, yaxşı olardı. Bəzən kimsə başqa vaksini istəyir, amma pulu olmadığından vurdura bilmir".Mərdan Əliyev bildirib ki, virusa yoluxmanın aşkarlanması üçün istifadə edilən PSR testi, yəni yaxma testinin qiyməti 60-100 manat arası dəyişir. Həkim bildirib ki, hər klinikada bu qiymətlər dəyişkəndir.
randevu.its.gov.azŞəlalə Babayeva
Cebhe.info