Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” peyvəndi verilməsini nəzərdə tutan humanitar yardım göstərməyi planlaşdırır.Bu barədə məlumatı Qırğızıstan XİN yayıb.
Bildirilir ki, 1-3 iyul tarixlərində Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayevin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların inkişafı, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndinin verilməsini planlaşdırır.
Hazırda tərəflər peyvəndin daşınması üçün bütün saxlanılması şərtləri və tələblərinin təmin edilməsi üçün logistika məsələlərini araşdırırlar. Qırğız Respublikası koronavirus peyvəndi bağışladığı üçün Azərbaycan Respublikasına səmimi təşəkkürünü bildirib.
Qeyd edilib ki, bu, 20 min Qırğızıstan vətəndaşının həyatını və təhlükəsizliyini qoruyacaq.
Cebhe.info indiyədək Azərbaycana gətirilən vaksinlərin miqdarını təqdim edir:
Baş nazir Əli Əsədov yanvarın 16-da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib. Yanvar ayının 14-də Nazirlər kabinetindən verilən məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərindən təqribən 46,1 milyon manat xərclənib.
Azərbaycanda “Pfizer/BioNTech” peyvəndindən başqa “CoronaVac”, “AstraZeneca” və “Sputnik V” vaksinləri tətbiq olunur.
Yanvarın 18-dən Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” vaksini ilə COVID-19-a qarşı peyvənd prosesinə başlanılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib ki, bunun üçün 4 milyon doza sifariş verilib:
"Artıq 2 milyon doza Azərbayacana gətirilib".Qeyd edək ki, Çinlə Azərbaycan arasında bağlanan müqaviləyə əsasən, 5 milyon doza ölkəyə gətirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycan Respublikasına idxal edilib. Bu barədə Baş nazir Əli Əsədov 11 mart tarixində sərəncam imzalayıb.
Qeyd edək ki, aprelin 4-də COVAX platforması vasitəsilə Koreya Respublikasından ölkəmizə “AstraZeneca”nın 82 min dozalıq ilk partiyası gətirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsi Azərbaycan Respublikasına idxal edilib. Bu barədə martın 11-də sərəncam imzalanıb.
Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvənd gətirilib.
Bundan əlavə, Azərbaycana 218 790 doza “Pfizer/BioNTech” vaksini gətirilib.
Naibə
Cebhe.info