
Türkiyədə koronavirusa yoluxanlara bir doza vaksin vurulması barədə daha əvvəl qəbul edilmiş qərar dəyişdirilib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca xəstəliyi keçirənlərin “könüllü olaraq” bir doza əvəzinə iki doza vaksin vurdura biləcəyini açıqlayıb. Açıqlamanın ardınca tək doza vaksin vurduranların daha əvvəl ləğv edilən elektron növbələri yenilənib. Nazir bildirib ki, koronavirusa yoluxub sağalanlar tək doza vaksin vurdurandan sonra xüsusi sertifikat (“kovid pasportu”) ala biləcəklər.
Koronavirusa yoluxmayanlara “kovid pasportunun” verilməsi isə ancaq ikinci dozanın vurulmasından sonra mümkün olacaq.***“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”. Bu barədə səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur: “Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq. Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı ölkədə istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq. (APA)