Dünya hələ də koronavirusla mübarizə aparır. Virusla mübarizənin ən effektiv yolu isə hələlik peyvəndlənmədir.Bir çox ölkə artıq peyvəndin etibarlılığına inanır və istifadə edir. Lakin o da danılmazdır ki, bir çox ölkələrdə peyvəndlənənlər arasında da virusa yoluxma və ölüm halları müşahidə edilib.
Mütəxəssislər bildirir ki, peyvənd olunanlar virusa yoluxarkən artıq qismən də olsa, immunitet formalaşdığına görə virusu simptomsuz, ya da yüngül keçirirlər.
Azərbaycan da yanvrın 18-dən vaksinasiya prosesinə başlayıb. Yoluxma statistikası da son günlər azalıb.
Lakin hazırda cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri həm də peyvənd olunanlar arasında virusa yoluxanların olub-olmamasıdır.
Digər ölkələrdə bununla bağlı statistika açıqlansa da, ölkəmizdə bunu bağlı rəsmi rəqəmlər yoxdur.
Maraqlıdır, ölkəmizdə peyvənd olunanlar arasında virusa yoluxma və ölüm halları qeydə alınıbmı? Bu barədə hər hansı statistika varmı?Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)
Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, koronavirus əleyhinə vaksinasiyadan sonra vaksin olunanlar arasında virusa yoluxma və ölüm hallarının olub-olmaması barədə hər hansı bir statistika qurumda yoxdur:
“Statistik məlumatlar ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edin”.TƏBİB-ə ünvanladığımız sual cavabsız qaldığına görə onların istiqamətləndirdiyi üzrə eyni sualı Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlamalı olduq. Çox maraqlıdır ki, hər gün virusa yoluxanların və vaksinasiyadan keçənlərin statistikasını yayan Qərargahdan da sualımıza cavab ala bilmədik. Artıq sualımızın cavabından çox sualı ünvanlaya biləcəyimiz aidiyyəti qurumu tapa bilmək bizi daha çox düşündürür.
Semra Ələkbərli
Cebhe.info