Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov pensiya yaşı ilə bağlı fikirlərini bildirib.O qeyd edib ki, pensiya yaşı bir çox amillərlə bağlıdır:
“Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar.Yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır. Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur”.Qeyd edək ki, hazırda əhalinin bir çoxu pensiya yaşı ilə bağlı mövcud vəziyyətdən heç də razı deyil və bunun orta yaş ömrünə uyğun olmadığını bildirir. Bu isə pensiya yaşının aşağı salınması barədə müzakirələrə rəvac verib.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ölkəmizdə pensiya yaş həddi normal deyil:
“Hazırda pensiyanın üç forması var və yaşa görə pensiyaya çıxma şərtləri çox ağırdır. 65 yaşında pensiya hüququ əldə etmək o deməkdir ki, cəmi 6 il pensiya alacaqlar. Bu məsələ təhlil olunmalıdır. Çünki bir sıra fəaliyyətlər üzrə- hansı ki, kifayət qədər Azərbaycan şərtləri daxilində dövlət sektorunda əlverişli iş sahələridir- bu iş sahələi üzrə çalışanların böyük əksəriyyətinə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ tanınır. Onlar həm işlədiyi, həm də pensiya aldıqları dövrlərdə yüksək standartlarla yaşaya bilirlər. Hətta pensiya alaraq uzun müddət eyni zamanda əmək fəaliyyəti ilə məşğul olurlar. Pensiya sistemi diskriminativdir, baxmaq lazımdır ki, nə üçün bəzi insanlar 35 il pensiya alır, ancaq normal yaşa görə pensiyaya çıxanlar ancaq 6 il pensiya alır. Onu təhlil etməlidirlər və orada şərtlər yaşa görə pensiyaya çıxma hüququnun əlçatanlığının təmin edilməsinə yönələn istiqamətdə yumşaldılmalıdır. İndiki halda Azərbaycanda bir vətəndaş 65 yaşında pensiyaya çıxanda, nəzərə alaq ki, 71 il orta ömürdür. Yəni həmin şəxs 6 il pensiya alır. Halbuki Yaponiyada bu müddət 22 ildir. Həmin ölkədə 89 yaş orta ömürdür və 67 yaşında pensiyaya çıxır. Almaniyada 20, Kanadada isə bu rəqəm 21 ildir. Pensiyanın yaş həddi müəyyənləşdirilərkən əsas diqqət ediləcək məqam ölkə üzrə orta yaş həddidir”.
Ekspert bildirib ki, hazırda pensiya hüququ əldə edənlər 1950-ci illərdə doğulmuş insanlardır: “Bu insanlar üçün gözlənilən orta ömür ən yaxşı halda 71, 1981-ci il doğumlu insanlar üçün gözlənilən orta ömür 65 ildir. Bu, o deməkdir ki, həmin insanlar pensiya hüququndan istifadə edə bilməyəcəklər. Ona görə də bizim əmək pensiya sistemi yenidən təhlil olunmalı, müvafiq istiqamətlərdə daha liberal mövqe ortaya qoyulmalıdır. Əks halda, onların pensiya sisteminin özünün təşviqediciliyi aşağı düşür. Pensiya sistemindən də əmək bazarının qanuniləşdirilməsində alət olaraq istifadə olunur. Dünyanın əksər ölkələri onu təşviq edir ki, əmək bazarının iştirakçısı özü öz əməyinin qanuniləşməsinə təşəbbüs göstərsin. Ancaq bizdə insanlar pensiyaya inanmadığı üçün sahibkarla, işəgötürənlə bu istiqamətdə hər hansı bir iş aparmır, xahiş etmir. Qanunsuz əmək bazarı ölkədə hər 3 nəfərdən 2 nəfəri əhatə edir. DSMF bunu təhlil edib nəticə çıxarmalıdır”.Ekspertin fikrincə, fakt budur ki, 1981-ci ildə doğulanlar 65 yaşında vəfat edəcək və onların pensiyaya çıxmaq hüququ olmayacaq:
“Ancaq həmin insanlardan sosial sığorta haqqı tutulur. 2021-ci ildə doğulan insan üçün orta ömrü 75 il deyə bilərlər. Ancaq bu gündən şərtləri ona uyğunlaşdırmaq düzgün deyil. Bu gün 1950-ci illərdə doğulanlara baxılmalıdır. İnsanlar deyir güvənmirəm, ona görə də sosial sığorta ödəməkdə, əməyini qanuniləşdirməkdə maraqlı olmur. Bu, ona gətirib çıxarır ki, ahıllıq dövründə ölkədə əhalinin sosial təminatı zəif olur, insanların əhəmiyyətli hissəsi sosial müdafiə mexanizmlərindən kənarda qalır”.Nigar AbdullayevaCebhe.info