Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji əhəmiyyətli sazişin imzalanacağı gözlənilir.Sənədin detalları barədə dəqiq məlumat olmasa da, hərbi əməkdaşlıq sahəsini əhatə edəcəyi gözlənilir. Həmin müqavilənin məhz Şuşa şəhərində imzalanması da Azərbaycanla Türkiyə arasında təhlükəsizilik sahəsində münasibətlərin daha yüksək səviyyəyə qaldırılacağından xəbər verir. Bəzi siyasi ekspertlər Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğunu əsas gətirərək, Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdiriləcəyinə dair sazişin imzalanacağı ehtimalını istisna edir.
Eyni zamanda, Azərbaycan qanunvericiliyi də xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsini qadağan edir. Analitiklərin proqnozuna görə, Şuşa razılaşmasından sonra Dağlıq Qarabağda Türkiyə sülhməramlı qüvvələri yerləşdirilə bilər. Türkiyə hərbi kontingentinin sayı isə Rusiya sülhməramlılarının sayına bərabər olacaq.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında böyük ehtimalla qarşılıqlı hərbi yardım haqqında saziş imzalanacaq. Ekspert hazırda buna böyük zərurət yarandığını deyir:
“Azərbaycan və Türkiyə bir-birinin ərazisinə müdaxilə olarsa, hərbi yardım etmək haqqında müqavilə imzalaya bilər. Bu, ikitərəfli öhdəlikləri özündə ehtiva edən sənəddir.Lakin Azərbaycan NATO qarşısında heç bir öhdəlik götürmür. Bu, hərbi istiqamətdə əməkdaşlığı, hərbi bazaların və hərbi ittifaqın yaradılmasını nəzərdə tutan saziş, yəni xarici müdaxilənin qarşısını birgə alan müqavilə olmalıdır. Türkiyənin Azərbaycandakı hərbi potensialı legitimləşdirilməlidir. Qarabağ məsələsinin bitməsində bu sazişin böyük rolu ola bilər”.Lakin İlham İsmayıl hesab edir ki, Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməsi üçün Rusiyanın razılığı olmalıdır:
“Bu sənəd ikitərəfli deyil, üçtərəfli qaydada imzalanmalıdır. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Türkiyə sülhməramlılarının yerləşdirilməsi ikitərəfli saziş əsasında mümkündür. Amma ermənilərin yaşadığı və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına aid olan ərazilərdə Türkiyə hərbçilərinin yerləşdirilməsi, birgə patrul xidməti həyata keçirməsi üçtərəfli razılaşma əsasında təmin oluna bilər. Biz bəzən arzularımızı reallıq kimi təqdim etmək istəyirik. Amma beynəlxalq hüququ, həm də yerli şəraiti nəzərə almaq lazımdır”.İlham İsmayıl qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanacaq hərbi saziş Qoşulmama Hərəkatının əsasnaməsinə zidd deyil:
“Azərbaycan KTMT-yə, yaxud NATO-ya daxil olarsa, bu, Qoşulmama Hərəkatının əsasnaməsinə zidd ola bilər. Burada söhbət ikitərəfli müqavilədən gedir. Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxunun ikitərəfli hərbi sazişləri var. Ona görə də Türkiyə ilə belə bir sazişin bağlanması Azərbaycana heç bir problem yaratmır”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında imzalanacaq sənədi hərbi saziş də adlandırmaq olar.
Lakin NATO üzvü, Azərbaycanın da Qoşulmama Hərəkatına üzv olması ifadələrin seçilməsində ehtiyatlı olmağa sövq edir:
“Sənəd yüksək strateji əhəmiyyət daşıyır və hər iki ölkənin hərbi-siyasi əməkdaşlığını bütün sahələrdə əlaqələndirəcək”.Qabil Hüseynli onu da bildirib ki, Türkiyə sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdiriləcəyi barədə məlumatlar inandırıcı görünür. Çünki xeyli müddətdir bununla bağlı Rusiya ilə danışıqlar aparılır:
“Türkiyə hərbçilərinin Rusiya sülhməramlıları ilə birlikdə bölgədə patrul xidməti həyata keçirməsi təcrübəsinə müraciət edilməsi vacib hesab edilirdi. Qeyd edim ki, bu təcrübə Suriyada Rusiya və Türkiyə birlikdə həyata keçirir. Doğrudur, Rusiya hələ bu məsələdə müqavimət göstərir. Ancaq Şuşa sənədi imzalandıqdan sonra məsələlərə bir az da aydınlıq gətiriləcək. Hazırda Rusiya sülhməramlılarının sayı 4 min nəfərdən 10 min nəfərə qədər təşkil edir. Yəni Rusiya sazişdə göstərilən kvotadan kənara çıxıb. Güman edirəm ki, Rusiya fakt qarşısında qaldıqdan sonra güzəştə getməyə məcbur ola bilər”.Müşfiq Abdulla
Cebhe.info