Gürcüstan qonşu ölkələrlə quru sərhədini açıb.Qərara əsasən, iyunun 1-dən xarici ölkə vətəndaşları Gürcüstanın dövlət sərhədlərini tam vaksinasiyanı göstərən şəhadətnamə ilə keçə biləcəklər. Qeyd olunub ki, Gürcüstana son 72 saat ərzində əldə edilmiş neqativ cavablı PSR testini təqdim edərək keçmək də mümkün olacaq. Lakin bu halda həmin şəxslər ölkədə olduğu üçüncü günün sonunda növbəti dəfə analiz verməli olacaqlar.
Azərbaycan da quru sərhədlərini bir ildən artıqdır bağlayıb və nə zaman açılacağı məlum deyil. Deputat Vüqar Bayramov neqativ testlə ölkəyə girişə icazə verilməsi tərəfdarı olduğunu bildirib:
“Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq. Gürcüstana gedəcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Pandemiyadək truzim sektorunda da Gürcüstan Azərbaycan ən vacib tərəfdaşlarından idi. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlmişdi. Bu ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq bizdə də ölkəmizə səfər ilə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədə uyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, quru sərhədlərinin açıması mexanizmi müzakirə edilir:
“EURO2021 futbol çempionatı üçün ölkəmizə gələn turistlər üçün xüsusi keçid şərtləri var. Şərt odur ki, oyunlarda ancaq təmsil olunan ölkənin azarkeşləri iştirak edə biləcəklər. Yarış zamanı Azərbaycana 20-40 min azarkeş gələcək. Nazirlər Kabinetinin qərarı var ki, avqustun 1-nə qədər Azərbaycanda karantin rejimi davam edəcək. Sərhədlərin açılması ilə bağlı məsələ aktualdır. Bununla bağlı Dövlət Turizm Agentliyi də müvafiq qaydada təkliflərini hazırlayıb və üst qurumlarla müzakirələrə çıxarıb. Bunun üçün digər ölkələrin təcrübəsi və tətbiq etdiyi mexanizmlər araşdırılır. Əsasən iki növ açılma təklif olunur. Birincisi, ikitərəfli yüksək səviyyədə vaksinasiya etmiş və əhalinin daha böyük hissəsini əhatə edən ölkələrlə sərhədlərin açılması müzakirəsidir. İkincisi, sərhədlərin çoxtərəfli açılmasıdır. Müəyyən şərtlər, yəni “kovid pasportu”, vaksin və test mexanizmləri bizdə də müzakirə edilir. Müzakirələrin nəticəsi Nazirlər Kabinetinin qərarı ilə bilinəcək”.Əbülfət Baxşəli
Cebhe.info