Bir ildən artıqdır ki, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və xəstəlikdən ölüm hallarının sayının artması davam edir.Bu səbəbdən də bir çox dünya ölkələri sərt qaydalar və qadağalarla yaşamağa öyrəşib. Lakin virusla mübarizənin ilk ayları ilə müqayisədə indi vəziyyət demək olar ki, daha yaxşıdır.
Hazırda biz də daxil olmaqla, bəzi ölkələrdə yoluxma sayı azaldığından qadağalarda yumşalmalar var. Ölkə ərazisində 31 may tarixindən açıq havada maska qadağası ləğv olunub. Eyni zamanda uzunmüddətdir fəaliyyətdə olmayan metronun da fəaliyyətinə icazə verilib.
Yumşaldılmış qadağalar çərçivəsində iyun ayının 10-dan etibarən iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti bərpa olunacaq. 15 iyun tarixindən isə çimərliklərin fəaliyyəti bərpa ediləcək.
Bununla belə, virusla mübarizə çərçivəsində ümumi karantin rejimi 1 avqust tarixinə qədər uzadılıb. İctimai nəqliyyatda, qapalı məkanlarda maska taxmaq şərtdir.
Maraqlıdır, bizimlə yanaşı başqa hansı ölkələrdə karantin rejimində yumşalmalar tətbiq edilib?Cebhe.info dünyada pandemiyanın səngidiyi ölkələri araşdırıb.
*Fransada yoluxma və ölüm sayında azalma müşahidə olunur. Bu səbəbdən bəzi qaydalarda yumşalmalar müşahidə edilir. Hətta yumşalmalar çərçivəsində dünən Fransanın paytaxtı Parisdə 5 min nəfərin iştirakı ilə konsert tədbiri keçirilib. Rəsmilərin verdiyi məlumata görə, konsert həm də yoluxma sayının çoxalıb-çoxalmamasını yoxlamaq üçün sınaq məqsədi daşıyıb.Parisdəki “AccorHotels Arena”sında təşkil edilən konsertdə iştirakçılardan maska və mənfi test nəticəsi istənilsə də, sosial məsafə qaydaları tətbiq edilməyib.Qeyd edək ki, 15 may tarixindən etibarən 20 milyon insanı peyvənd etmək məqsədinə çatan Fransanın 9 iyunda və ondan sonra bəzi beynəlxalq səyahətlərə icazə verəcəyi gözlənilir. Ölkə “TousAntiCovid” adlı tətbiq ilə sərnişinlərin peyvənd və test vəziyyətini izləyəcək. Digər tərəfdən, məhdudiyyətlərə məruz qalacaq və ya səyahət izni veriləcək ölkələr müəyyənləşdiriləcək.*Uzunmüddət yoluxma və ölüm sayının pik həddə çatdığı qardaş ölkə Türkiyədə hazırda vəziyyət nisbətən qənaətbəxşdir. Məlumdur ki, Türkiyədə bir müddətlik sərt karantin rejimi tətbiq edilmişdi. Belə ki, aprelin 29-dan mayın 17-dək axşam saat 19:00-dan sabah saat 5-dək küçəyə çıxmaq qadağası tətbiq edilmişdi. Lakin hazırda belə bir qadağa qüvvədə deyil. Yoluxma və ölüm sayı azaldığından qaydalarda yumşalmalar müşahidə edilir.*Böyük Britaniyada krantin qaydalarının yumşalması çərçivəsində bəzi ölkələrlə sərhədlər açılıb. Belə ki, 17 may tarixindən etibarən yaşıl kateqoriyaya daxil olan ölkələrə gediş-gəlişə karantin olmadan sərbəst hərəkət təklif olunub. Bununla yanaşı, bu ölkələrdən gələn turistlər səyahət etməzdən əvvəl PCR testindən keçməlidirlər.Hazırda Britaniyanın yaşıl siyahısında olan yerlər: Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney, İslandiya, Farer Adaları, Cəbəllütariq, Folkland Adaları, İsrail, Gürcüstan və Cənubi Sandviç Adaları, Saint Helena və Portuqaliya.*Almaniya kansleri Merkel də ölkədə sərt karantin rejiminin yumşaldılması barədə göstəriş verib. Lakin bildirilib ki, bu proses pandemiyanın gedişatından asılı olacaq. Əgər Almaniyada COVID-19-a yoluxma halları azalarsa, bu qərar tətbiq ediləcək.Əks təqdirdə isə ölkədə qapanmalar yenidən artırılacaq. Almaniyanın Robert Koç İnstitutu 13 may tarixindən etibarən ölkəyə gəlməmişdən 72 saat əvvəl tam peyvənd edilmiş və testi mənfi olan insanların karantin tətbiq edilməsinə ehtiyac olmadığını bildirib. Ancaq bu, “yüksək riskli” ölkələrdən gələnlərə şamil edilmir.*Yoluxma və ölüm sayının azaldığı Rumıniyada da karantin rejimi ilə bağlı verilən qərarlarda yumşalmalara gedilib. Hətta iyun ayında ölkə ərazisində karantinin tamamilə ləğv ediləcəyi gözlənilir. Rumıniyanın Fövqəladə Hallar üzrə Milli Komitəsi bildirib ki, ölkə ərazisinə gələn peyvənd olunmuş şəxslərin karantinə alınmasına da ehtiyac yoxdur.*Estoniya hökümətinin verdiyi qərara əsasən, əgər yoluxma və ölüm sayından asılı olaraq karantin rejimi yenidən sərtləşdirilə bilər. Lakin belə olan halda sərt qadağalar peyvənd olunan şəxslərə şamil edilməyəcək.*Polşa da peyvənd olunmuş şəxslərə güzəştə gedən ölkələrdəndir. Belə ki, Polşa 18 fevral tarixindən etibarən Aİ ölkələri və İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə, Gürcüstan, Yaponiya, Yeni Zelandiya, Tayland, Cənubi Koreya, Tunis və Avstraliyadan gələn və tam peyvənd olunmuş şəxslərə karantin tətbiq etmir.*Sərt karantin rejimi tətbiq edən ölkələrdən biri də Yunanıstan idi. Burada maska taxmamağa görə 300 avro cəza tətbiq edilir. Hətta komendant saatı tətbiq edən Yunanıstan yalnız peyvənd olunmuş turistlərə müəyyən güzəştlərə gedə bilir.Belə ki, 14 may tarixindən etibarən Yunanıstan Aİ ölkələri, ABŞ, Britaniya və İsrailə səyahətə icazə verib. Bu ölkələrdən olan insanlar tam peyvəndlənməli və ya mənfi nəticəli test təqdim etməlidirlər.Semra Ələkbərli
Cebhe.info