Mütəxəssislərin fikrincə, xoşbəxtlik hormonları insanları xərçənglə yanaşı bir çox xəstəliklərdən qoruyur. Məlumdur ki, son günlər cəbhədən aldığımız şad xəbərlər insanlarımızın əhval-ruhiyyəsində müsbət dəyişiklik edib. Bəzi şəxslər bunun ölkəmizdə koronavirusla yanaşı digər mövsümi xəstəliklərin yayılmasına da təsir edəcəyini bildiriblər.Məsələ ilə bağlı
Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, insanlarda ruh yüksəkliyi və sevincin olması onların immunitet sisteminin güclənməsinə müsbət təsir edir:
“Əlbəttə, insanların əhval-ruhiyyəsi orqanizmdə immun sisteminin güclənməsinə müsbət təsir edir. Xoşbəxt və ruh yüksəkliyi olan insanların orqanizmində immunitet güclü olur. Ordumuzun qələbəsi ilə bağlı məlumatlar da vətəndaşlarımızda ruh yüksəkliyinə səbəb olur. Lakin insanlar buna arxayın olaraq karantin davranış qaydalarını pozmamalıdırlar. Qələbə xəbərlərini qeyd edən zaman belə bu qaydalara mütləq əməl edilməlidir. Hesab edirəm ki, vətəndaşlarımızda müşahidə edilən ruh yüksəkliyi növbəti günlərdə koronavirusa yoluxma və digər xəstəliklərin yayılmasına qarşı müsbət təsirini göstərəcək”.