Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarsın taleyini yaşayan Şuşa - düşmənin üzünü qarsan atəş

8-10-2020, 14:28   


Bir neçə il öncə Şuşa və digər işğal olunmuş rayonlarımız barədə yazarkən belə bir cümlə işlətmişdim: “Ona qalsa Türkiyənin Qars şəhəri də 40 il rus işğalında qalıb, ancaq sonra azad olunub”. Bunu qəti inamla yazır, qəlbimdəki ümidi böyüdür, bu cümlələri oxuyacaq insanların işğal olunmuş torpaqlar sarıdan ümidsizliyə qapılmamasını arzu edirdim.
Doğrudan da hazırda Türkiyənin önəmli turistik mərkəzlərindən biri olan Qarsın başına işğal müsibəti 142 il əvvəl gəlib. Şəhər 1878–ci ilin martında Rusiya imperiyası tərəfindən işğal olunub. Qarsın azad olunması isə 1917-ci ilin sentyabrında baş tutub.
Düz 39 il 6 ay Rusiyanın şəhəri olan, beynəlmiləl şəhərə çevrilən (orada malakanlar, azərbaycanlılar, kürdlər, ermənilər, Anadolu türkləri, tərəkəmələr, çərkəzlər və başqa millətlər yaşayıblar) Qarsın öz sahibinə qayıtması böyük siyasi-hərbi kataklizmlərin (I dünya müharibəsi, çar Rusiyasının süqutu, bolşevik inqilabı) sayəsində mümkün olub. Amma heç də asanlıqla başa gəlməyib, ermənilər Qars vilayətinə iddia irəli sürüblər, Böyük Britaniya ordusunun Cənubi Qafqazdakı hissələri 19 aprel 1919-cu ildə Qarsı işğal edərək, Ermənistan Demokratik Respublikasına “bağışlayıblar”. TBMM hökumətinin əmri ilə səfərbər edilən Türkiyə ordusu Kazım Qarabəkir paşanın komandalığı altında hərbi əməliyyatlara başlayaraq Qars və İğdır bölgəsini erməni işğalından azad edib. Yoxsa Qars indi erməni şəhəri olaraq qalırdı.
Bir detala fikir verdinizmi? Bəli, ermənilər indiyədək haranı, hansı vilayəti tutublarsa, mütləq bir güclü xarici dövlətin köməyindən yararlanıblar. Bu Fransa, o İngiltərə, bu tərəfdə Rusiya və s. Sadəcə, arxasını gətirə bilməyiblər, torpağı əlindən alınan dövlət toparlanıb və öz haqqını geri qaytarıb.
Necə deyərlər, özgə şamına ümid olan ac yatar. Ermənilər də özgə silahına və əsgərinə ümid edərək ələ keçirdikləri mahalları əvvəl-axır itiriblər.
Ermənilərin xəritə manyaklığı – xəyallarını gerçəklik kimi qəbul edənlərin  faciəsi - Hürriyyət
İndi Qarabağda bənzər proses gedir. Özlərini böyük dövlətlərin maşasına çevrilən, müftə silahlar alaraq cəbbəxana yaradan, özgə əsgərinin hərbi bazaları hesabına guruldayan ermənilər hərbi planda təkbaşına qalıblar və bütün paxırları üzə çıxır.
Bir neçə il öncə Qarsın müvəqqəti işğalı barədə yazanda məhz bunu nəzərdə tuturdum ki, gün gələcək, biz də Şuşanı, ümumilikdə Qarabağı geri qaytaracağıq. 40 ildən o yana keçməz deyə düşünürdüm, heç 30 il də tamam olmadı. İndi öz dədə-baba torpaqlarımızın astanasında, bir addımlığındayıq.
Biz o torpaqları indilikdə qarış-qarış, kənd-kənd qaytarırıq. Atəşimizin düşmənin həyasız üzünü qarsması, quldurların qoparağının götürülməsi mərhələsi bir azdan yetişəcək, onda daha rahat olacaq.
Hələlik müharibə meydanındakı situsiyanı göstərən interkativ xəritələrdə ermənilərə məxsus olan çəhrayı rəng (həm də çərhəya işğalın perimetri) nöqtə-nöqtə azalır, bizim ordumuzun dislokasiya yerini nümayiş etdirən tünd göy rəng isə artır. Çox keçməz, Qarabağ yenidən göyərər.
Məhz o zaman hər yan gerçəkdən də göyərib, yaşıllaşacaq. Ermənilərin “yandırılmış torpaq” taktikası tətbiq edərək daş üstə daş qoymadıqları elatlarda yenidən daşlar daş üstünə qoyulacaq, binalar inşa ediləcək, düşmənin quru səhraya çevirdiyi torpaqlar yenidən əkilib-becəriləcək.
22.jpg (5 KB)
Ölkəmizin ən bərəkətli torpaqlarını böyük hissəsi məhz Ağdam, Füzuli və Cəbrayıldadır. Bu üç rayonun torpaqları yaxşı becərildiyi halda bütün ölkəmizi taxılla, heyvandarlıq məhsullarıyla təmin etməyə yetər.
İndi bərpa olunan heç də təkcə ərazi bütövlüyümüz, torpağımız deyil, həm də millətin özünəinamı dirçəlir. İnsanlar özlərini güclü saymağa başlayır, illərlə boynuna götürdüyü “əfəl millət” kompleksindən qurtulur, özünün özünə hörməti artır.
Bu, çoxdan isbat olunub, özü özünə hörmət etməyən xalqa heç kim hörmət etmir. Bütün dünya mübariz, döyüşkən, özünü, torpağını, mövcudluğunu müdafiə etməyi bacaran xalqlara hörmət edir. Hörmət bəsləməyənlər də hesablaşmağa məcbur olur. Ağlaşma quranlara isə yazığı gələnlər olsa da, problemini həll edənlər olmur.
Biz ağlaşma, işğal günlərinə yas tutma mərhələsini geridə qoymaqdayıq. Gələn il bu vaxt başqa təntənəni qeyd edəcəyik - rayonların işğaldan azad olunması günlərini.
P.S. 2014-cü ildən Qars şəhərinin bələdiyyə başqanı əslən Azərbaycan türkü olan Murtaza Qaraçantadır.

Xalid KAZIMLI

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar