Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri Türkiyənin ölkəmizə birbaşa dəstəyinin göstəricisidir. Bu səfər həm də iki ölkə arasında müzakirəyə ehtiyac duyulan məsələlər baxımından olduqca maraqlı olacaq.Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana işgüzar səfər yola düşməsi haqda danışarkən deyib. O qeyd edib ki, Mövlud Çavuşoğlunun Azərbaycana bugünkü səfəri çox əhəmiyyətlidir:
“Bu gün diplomatik müstəvidə də müharibə gedir. Türkiyə son zamanlar Ermənistanın digər ölkələrin Azərbaycana mümkün təzyiqlərini xeyli dərəcədə neytrallaşdırıb. Hətta onu da deyim ki, NATO-nun Baş katibi Yens Stoltenberq dünən Türkiyədə rəsmi səfərdə idi. Stoltenberq öz növbəsində Cənubi Qafqazda yaşanan gərginlikdən narahatlığını ifadə etdi.
Rəsmi Ankara istənilən halda Qərbin atəşkəs çağırışlarını birmənalı olaraq rədd edir. Bu isə öz növbəsində rəsmi Bakının maraqlarına uyğundur. Ölkə başçısının da dediyi kimi, bu gün Türkiyənin Azərbaycana çox ciddi dəstəyi var. Bu mənada istər mövcud gərginlik, istərsə də gələcək planlar üçün masada danışılası çox məsələ var. Bu baxımdan bu səfəri əhəmiyyətli hesab edirəm.
Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycanın sülh üçün tələbləri çox sadə və açıqdır. Ermənistan işğal etdiyi torpaqları qeyri-şərtsiz tərk etməli, bundan sonra isə müəyyən qrafik vasitəsi ilə torpaqların geri qaytarılması üzrə danışıqlar başlamalıdır. Lakin inanmıram ki, hazırki vəziyyətdə Ermənistan belə bir şeyə razı olsun. Bununla belə bir müddət sonra resursları bitən Ermənistan istər-istəməz təslim olacaq”.