
Ermənistan ordusu bu ölkə ərazisindən Azərbaycana qarşı birbaşa hərbi təcavüz həyata keçirərək Gəncə şəhərinə raket zərbələri endirib. Artıq yayılan kadrlardan da göründüyü kimi bu raketlər şəhərin yaşayış kvartalını hədəf alıb, yaşayış evləri dağılıb və dinc əhali arasında ölən, yaralananlar olduğu bildirilir.
Bu təcavüz aktı birbaşa hərbi cinayətdir, Cenevrə konvensiyasının və müharibə qanununlarının kobud pozulmasıdır. Azərbaycan hərbi-siyasi rəhbərliyi artıq Gəncəyə qarşı törədilmiş hərbi cinayətə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edərək sərt cəza tədbirləri görüləcəyini bildirib.
Aydın məsələdir ki, düşmən bu raket zərbələrinə Qarabağ cəbhəsində gedən döyüşlərdə uğradığı məğlubiyyətə görə əl atır və belə demək olarsa, əlindəki son kartlarını oynamağa çalışır. Digər tərəfdən Ermənistanın Azərbaycanın mülki infrastrukturunu, dinc əhalisini hədəf almasında da təəcüblü heç nə yoxdur. Bu həmin ölkədir ki, öz əsgərini döyüşlərdən qaçmaması üçün tutduğu mövqeyə it kimi zəncirləyir.

Ötən gün sosial şəbəkələrdə əsgərlərimizin düşmən mövqelərindən birində ayağından betona zəncirlənmiş erməni pulemyotçusunun meyitini görərək düşmənin bu barbarlığından necə şoka düşdüklərini əks etdirən kadrlar yayılıb. Digər kadrlarda döyüşlərdə qənimət olaraq ələ keçirilmiş erməni hərbi yük avtomobilinin sükanından asılı qalan qandal görünür. Bu ona görədir ki, atəş altına düşən sürücü avtomobili atıb qaçmasın.
Təbii ki, belə ölkədən və bu cür qeyri-insani xislətə malik toplumdan müharibə qanunlarına əməl edilməsini gözləmək sadəlövhlük olardı. Lakin düşmənin Gəncəyə raket atması nə yerli sakinlərdə, nə Azərbaycan xalqında heç bir təşviş, qorxu yarada bilməz və yaratmayıb. Biz hansı düşmənlə vuruşduğumuzu bilirik və onunla başa düşdüyü bütün dillərdə rəftar ediləcək.
Virtualaz.org