"Tofiq Yaqublunun vəziyyəti yaxşı deyil" - vəkil Elçin Sadıqov
9-09-2020, 19:51
Tofiq Yaqublunun vəziyyəti yaxşı deyil, onun vəkili Elçin Sadıqov bu gün müvəkkili ilə görüşəndən sonra deyir. Onun sözlərinə görə, müvəkkili hər gün yarım kiloqramdan artıq çəki itirir və onda başgicəllənməsi olur. "Ancaq Tofiq Yaqublu israrlıdır. Bildirdi ki, ona bəraət verilənədək, bu ədalətsizliyə son qoyulanadək aclıq aksiyasını davam etdirəcək", - Elçin Sadıqov BBC News Azərbaycancaya deyib. Özünə qarşı irəli sürülən xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etməklə bağlı maddələr üzrə ittihamı rədd edən Tofiq Yaqublu həbsini siyasi motivli hesab edir. Ötən həftə məhkəmədə son sözlə çıxış edən müxalifət fəalı "ədalətsiz" prosesə etiraz əlaməti olaraq, ölüm aclığı aksiyasına başladığını elan edib. Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər. Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.
Vəkil söyləyir ki, Tofiq Yaqubluya həkim nəzarət etsə də, o, indiyədək təcridxananın tibbi hissəsinə yerləşdirilməyib və bunun səbəbi onlara izah edilmir. Elçin Sadıqov əslində aclıq aksiyasına başlayan məhbusun təcridxananın tibbi hissəsinə yerləşdirilməli olduğunu, lakin Tofiq Yaqublunun indiyədək əvvəlki kamerasında qaldığını deyib. Penitensiar Xidmət BBC News Azərbaycancanın suallarına cavab verməyib.
"Azı 10 kiloqram çəki itirib"
Tofiq Yaqublunun qızı Nigar Həzi atasının "çox zəiflədiyini, azı 10 kiloqram çəki itirdiyini" söyləyir. "Tofiq Yaqublu ya azadlıq, ya ölüm deyir. Bu işin nə zarafatı, nə geriyə dönüşü var. Deyir ya mənə bəraət verib azadlığa buraxacaqlar, ya da məni öldürəcəklər", - Nigar Həzi BBC News Azərbaycancaya deyib. Nigar Həzi deyir ki, atasının onların seçdiyi həkim tərəfindən müayinə edilməsi üçün Ombudsmana və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediblər. "Biz tanıdığımız həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsini istəyirik, çünki hakimiyyətin göndərdiyi həkimlərin nə qədər qərəzsiz olduğunu bilmirik. Çox güman ki, onlar reallığı ictimaiyyətə bizim tanıdığımız həkim qədər doğru çatdırmayacaq". Ədliyyə Nazirliyi hələ ki, BBC News Azərbaycancanın suallarına cavab verməyib.
"İlham Əliyevin iki yolu var"
Tofiq Yaqublunun aclıq aksiyasını heç bir yana çəkib-çevirməsinlər, aclıq sırf qanunsuz şərlənməyə görədir, Müsavat partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi deyir. Nigar Həzi atasının səhhətinə görə narahat olduqlarını, buna görə Azərbaycan hakimiyyətinin cavab verməli olduğunu söyləyir. "İlham Əliyevin iki yolu var, ya Tofiq Yaqublunu azad etməlidir, ya da onun ölümünə görə cavab verməlidir. Artıq dövr əvvəlki dövr deyil və beynəlxalq aləm də belə məsələlərə əvvəkli kimi loyal yanaşmır", o belə hesab edir. Prezidentin mətbuat xidməti BBC News Azərbaycancanın Tofiq Yaqublunun həbsi barədə suallarını cavablandırmaqdan imtina edib. Nigar Həzi söyləyir ki, atasının keçirdiyi ölüm aclığı aksiyasının məqsədləri "başqa səbəblər kimi" göstərilməyə çalışılır. Özünə qarşı irəli sürülən xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etməklə bağlı maddələr üzrə ittihamı rədd edən Tofiq Yaqublu həbsini siyasi motivli hesab edir. Çərşənbə günü məhkəmədə son sözlə çıxış edən müxalifət fəalı "ədalətsiz" prosesə etiraz əlaməti olaraq, ölüm aclığı aksiyasına başladığını elan edib. Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər. Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.
Psixoloji vəziyyətinə dair akt
Nigar Həzi deyir ki, Tofiq Yaqublunun ölüm aclığı elan etməsinin məqsədi başqa tərəflərə "çəkilməməlidir". Tofiq Yaqublunun vəkili Aqil Layıc BBC News Azərbaycancaya deyib ki, təcridxanada müvəkkilinə "psixoloji vəziyyətinin yaxşı olmadığına" dair akt imzalatmaq istəyiblər. "Müvəkkilimin hazırda qaldığı 3 saylı İstintaq Təcridxanasının rəis müavini və psixoloq ona aclığı psixoloji vəziyyətinə görə etdiyi barədə akt imzalatmaq istəyiblər. Tofiq Yaqublu deyir ki, sənəddə onun psixoloji vəziyyətinin yaxşı olmadığı, guya danışıqdan sonra yaxşılaşdığı yazılmışdı. Aktda həm də qeyd olunub ki, müvəkkilim guya əvvəllər əsəbi, aqressiv olub. Tofiq Yaqublu deyir ki, belə bir hal olmayıb, etiraz edib və sənədi imzalamayıb". Penitensiar Xidmət BBC News Azərbaycancanın bu barədə suallarını cavablandırmayıb. Aqil Layıc söyləyir ki, müvəkkili məhkəmənin ədalətsizliyinə əsəbləşdiyini bildirsə də, psixoloji vəziyyətinin "həmişə yüksək səviyyədə və möhkəm" olduğunu bildirib. Vəkil, Tofiq Yaqublunun ölüm aclığı aksiyası keçirməsinin yeganə səbəbinin "ədalətsiz mühakimə" olduğunu, bu qərarda qəti qaldığını söyləyib. "Tofiq Yaqublu deyir ki, onun həbsi fəaliyyətinə görədir, ittihamlar xətm olunmalı, dərhal azadlığa buraxılmalı və kompensasiya olunmalıdır. O, azad olunanadək ölüm aclığını davam etdirəcəyini bildirib".
Aclıq aksiyası
Nigar Həzi bazar ertəsi günü atası ilə telefon əlaqəsi qura bildiyini, onun "möhkəm və iradəli" olduğunu deyib. "Atam dedi ki, həbsxana şəraitində aclıq ağır gedir. Deyir indiyədək hələ bu gün gəlib nəbzimi ölçüblər. Çox zəiflədiyini bildirir. Tofiq Yaqublu sırf qanunsuz şərlənməsinə görə aclıq edir. Məhkəmədə onun heç bir hüququ tanınmadı, müdafiə üçün bütün sübutlar məhv edildi, o da son olaraq aclıq aksiyası keçirir". Tofiq Yaqublunun həbsindən sonra onun azad edilməsi tələbilə sosial mediada yüzlərlə imza toplanılıb. Onun sərbəst buraxılması barədə yaradılan həştəqlər günlərlə ən çox paylaşılan mövzulara çevrilib.
Sosial media istifadəçiləri Prezidentin Facebook şəbəkəsindəki rəsmi səhifəsinə yüzlərlə şərh yazıb və Prezident İlham Əliyevdən Tofiq Yaqublunun azad edilməsi tələb ediblər. Bundan sonra səhifənin şərh bölməsi bir müddətlik bağlansa da, daha sonra yenidən açılıb. Prezidentin mətbuat xidməti BBC News Azərbaycancanın İlham Əliyevin ictimaiyyətin bu tələbindən xəbərdar olub-olmaması ilə bağlı sualına cavab verməyib.
Ombudsman Tofiq Yaqublu ilə görüşüb
Ombudsman Səbinə Əliyeva bazar ertəsi günü həbsdə olan Tofiq Yaqublu ilə görüşüb. Ombudsman Aparatının məlumatında deyilir ki, görüş zamanı Tofiq Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından "narazılığını əsas göstərərək" qida qəbulundan imtina etdiyini bildirib. Qurum müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə cənab Yaqublunun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verib. Aparat Tofiq Yaqubluya baş çəkilməsinin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyini bildirib.
"Məhkəmələrin qərarlarına təsir göstərmək düzgün deyil"
Parlamentin İnsan hüquqları komitəsinin və Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov deyir ki, Tofiq Yaqublunun həbsi barədə məhkəmə qərarı var. O hesab edir ki, bu halda apellyasiya məhkəməsinin nəticəsini gözləmək, məhkəmənin qərarına "kölgə salmamaq" lazımdır. "Məsələlər hüquqi müstəvidə araşdırılır. Apellyasiya Məhkəməsində baxılsın, sonra Ali Məkhəmə, Konstitusiya Məhkəməsi də var. Yəni, Azərbaycanda hüquqi prosedurlar var və bundan istifadə edilsin. Ancaq burada xarici təzyiqlərlə Azərbaycanda məhkəmələrin qərarlarına təsir göstərmək yanaşması düzgün deyil. Mən bunun əleyhinəyəm. Məhkəmənin qərarından razı qalmadıqda, onu bəyənmədikdə növbəti apellyasiyaya müraciət etmək hüququ var və ondan da istifadə olunub".
Tofiq Yaqubluya ittihamlarda nə deyilir?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun sözlərinə görə, martın 22-də Tofiq Yaqublunun idarə etdiyi avtomobil başqa bir avtomobillə toqquşub. "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər", cənab Zahidov deyib. Tofiq Yaqublunun qızı Nigar Həzi bütün ittihamları rədd edir. "İttihamlar saxtadır, qondarmadır, haqsızdır. Tofiq Yaqublu maşında oturub gözləyirmiş, gəlib vurublar. O özü polisi çağırıb ki, maşınımı vurublar. Özü zərərçəkən olsa da, indi ittiham olunan durumuna düşüb", Nigar Həzi deyir. Faktla bağlı "xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi" ilə cinayət işi başlanılıb və Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb, Ehsan Zahidov qeyd edib. Ehsan Zahidov deyir ki, "Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib". Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublunun saxlanması onun siyasi fəaliyyəti və sosial mediada yazdığı tənqidi yazıları ilə bağlıdır. "Tofiq Yaqublu bir müddət əvvəl bir aylıq inzibati qaydada həbs edildi, işgəncə verildi. Ona xəbərdarlıq etmişdilər ki, bir daha yazmağa davam etsən, səni həbs edəcəyik". Nigar Həzi deyir ki, Tofiq Yaqublunun həbsi prezident İlham Əliyevin son çıxışından sonra baş verib. Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı təbrikində "5-ci kolon" barədə danışıb və koronavurisla bağlı görülən tədbirlərə baxmayaraq "məsuliyyətsiz yanaşanların olduğunu" deyib. "Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir", cənab Əliyev qeyd edib. Cənab Əliyev həmçinin bildirib ki, "ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq". Nigar Həzi deyir ki, hazırda vəkili Tofiq Yaqublu ilə görüşə bilmir. Müsavat partiyasının üzvü 2019-cu ildə Milli Şuranın 19 oktyabrda Bakıda keçirilən etiraz nümayişində saxlanılıb və onun barəsində 30 gün inzibati həbs qərarı verilmişdi. Bundan əvvəl 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb.