Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Millət vəkilləri pandemiya dövründə necə işlədi? - BİZİM MÜŞAHİDƏ

7-09-2020, 14:42   


Millət vəkilləri pandemiya dövründə necə işlədi? - BİZİM MÜŞAHİDƏ

Yeni növ koronavirus pandemiyası (COVİD-19) bir çox sahələr kimi Milli Məclisin də fəaliyyətində müəyyən çətinliklər yaratdı.
Söhbət VI çağırış Milli Məclis üzvlərinin seçicilərlə birbaşa təmasında yaranan məhdudiyyətlərdən gedir. Məlumdur ki, pandemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə martın 24-dən etibarən ölkədə sosial təcrid tədbirləri həyata keçirilir. Bu dövr ərzində isə müxtəlif vaxtlarda sərt karantin rejimi tətbiq olunub. Son qərara görə isə ölkə üzrə karantin rejimi 30 sentyabra qədər davam edəcək.
Maraqlıdır, bəs bu dövr ərzində millət vəkilləri necə işlədi? Kim seçiciləri ilə necə görüşdü, hansı problemlər qaldırıldı, həlllini tapdı və ya mediada işıqlandırıldı?
Cebhe.info xəbər verir ki, pandemiya şəraitinə baxmayaraq, deputatlardan aktiv fəaliyyət göstərənlər az olmadı.
Milli Məclis sədri Sahibə Qafarova bir neçə dəfə seçiciləri ilə onlayn görüşlər keçirdi. Son olaraq isə spiker öz dairəsində universitet imtahanında yüksək nəticə göstərən abituriyentləri onlayn formatda qəbul etdi.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev də aktiv fəaliyyət göstərən Milli Məclis üzvlərindən oldu. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, mütəmadi olaraq deputatı olduğu İmişli rayonunda seçicilərlə görüşən, onların problemlərini dinləyən Razi Nurullayevin mətbuatla işi də uğurlu və nümunə sayılacaq səviyyədə idi. Xüsusilə də işdən çıxarılan 20 nəfər sürücünün işə bərpasında xüsusi xidməti olan deputation bu fəaliyyəti mətbuatın manşetlərində yer aldı. Razi Nurullayev həmçinin Milli Məclisdə də seçiciləri karantin qaydalarına əməl edərək qəbul etdi, bir çox onlayn görüşlər keçirdi. Bütün bunlarla yanaşı, Razi Nurullayevin köməkçiləri də mütəmadi olaraq seçicilərlə görüşlər keçirdi, problemləri dinlədi və hər biri haqqında mətbuatda informasiyalar yayıldı.
Aktiv fəaliyyət göstərən millət vəkillərindən biri də Vüqar Bayramovdur. Vüqar Bayramovun seçicilərlə mütəmadi görüşür. Görüşlərdən əvvəl və sonra ictimaiyyətə məlumatların çatıdırılması deputatın fəaliyyətində diqqətçəkən məqamlardan biri oldu. Vüqar Bayramovun mətbuatla sıx işləməsi isə onun müsbət fəaliyyətinin bir hissəsidir.
Vüqar İskəndərov da aktiv fəaliyyət göstərən millət vəkillərindədir. Pandemiya dövrünü seçiciləri ilə birlikdə, deputatı olduğu Şəki şəhərində keçirən Vüqar İskəndərovun fəaliyyəti tədqirəlayiqdir. Seçicilərin problemlərinin dinlənilməsi, onların həllinə çalışılması və bu haqda mətbuata məlumatların verilməsi ilə yanaşı Vüqar İskəndərov Milli Məclis üzvü kimi fəaliyyətinin hesabatını da verməyi unutmadı. Bu addım ictimaiyyət tərəfindən də müsbət qiymətləndirildi.
Fəaliyyəti ilə seçilə biləcək millət vəkillərindən biri də Ramil Həsəndir. Xüsusilə də təmsil etdiyi Ucar rayonun problemlərini mütəmadi olaraq dilə gətirən, məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət edən və hər fürsətdə bunlarla bağlı mediaya açıqlamalar, müsahibələr verən Ramil Həsən pandemiya dönəmində aktiv işləyən deputatlardan oldu. Milli Məclisdəki fəaliyyəti ilə bağlı yaydığı 6 aylıq hesabatda Ramil Həsən gördüyü işlərlə yanaşı, görüləcək işlərə xüsusi diqqət ayırıb. Digər tərəfdən, sərtləşdirilmiş karantin rejimində imkansız ailələrə yardım kampaniyasında da Ramil Həsənin göstərdiyi fəaliyyət nümunə hesab olunacaq qəbildən idi.
Millət vəkili Bəhruz Məhərrəmovun fəaliyyəti də diqqətlə izlənilir və rəğbətlə qarşılanır. Seçicilərlə görüş, mətbuatla, sosial şəbəkə ilə iş, şəhid ailələrini ziyarət, imkansız ailələrə yardım, şəhid evinin təmiri, tələbə qızın göz əməliyyatı və digər məsələlər məhz Bəhruz Məhərrəmovun adı ilə bağlıdır. Gündəlik olaraq görüşlər keçirən, deputatı olduğu Biləsuvarın problemlərini dilə gətirən Bəhruz Məhərrəmovun fəaliyyəti onun barəsində müsbət fikir formalaşdırır. Qeyd edək ki, Bəhruz Məhərrəmovun fəaliyyətinə nəzər salsaq, bütün görüşlərində sosial təcrid qaydalarına tam şəkildə əməl etdiyini görmək mümkündür.
Deputat Əminə Ağazadə də pandemiya dövründə aktiv fəaliyyəti ilə seçildi. Parlamentdə Kürdəmiri təmsil edən Əminə Ağazadənin seçicilərlə son görüşünə diqqət yetirsək, xanım deputatın necə fəaliyyət göstərdiyini görmək mümkündür. Bir gündə Kürdəmirin 5 kəndində görüş keçirən Əminə Ağazadə hər görüş barəsində ictimaiyyətə ayrı-ayrılıqda məlumat verdi. Keçirdiyi görüşlər mətbuatda işıqlandırıldı. Seçicilərin problemləri, qaldırdığı məsələlərin bir qisminin yerində həll olunması, digər məsələlərin də deputat səlahiyyətləri çərçivəsində həllinə çalışacaqları haqqında məlumat paylaşıldı. Əminə Ağazadə də pandemiya dövründəki fəaliyyəti ilə ictimaiyyət tərəfindən müsbət qiymət alan deputatlardandır.
Millət vəkili Elnur Allahverdiyevin də fəaliyyəti seçiciləri tərəfindən müsbət qiymətləndirilir. Qeyd edək ki, Elnur Allahverdiyev təmsil etdiyi Yasamal rayonun uzun illərdən qalan problemli, işıqsız məhəllə yollarının abadlaşdırılmasında olan xidmətləri ilə gündəmdədir. Seçiciləri ilə mütəmadi görüşən Elnur Allahverdiyev problemlərin həllinə həssaslıqla yanaşır, qısa zamanda həllinə nail olur. Bu, Elnur Allahverdiyevin gördüyü işlərlə bağlı sosial şəbəkədə və mətbuatda yayılan məlumatlardan açıq şəkildə görünür.
Parlamentin daha üzvü Nigar Arpadarai də aktivdir. Pandemiya şəraitində aktiv fəaliyyət göstərən Nigar Arpadarai də mütəmadi olaraq seçicilərlə görüşür, onların problemlərini dinləyir. Keçirdiyi görüşlər, seçicilərin səsləndirdiyi problemlər və görülən işlərlə bağlı mütəmadi olaraq mətbuatda və sosial şəbəkə hesablarında məlumatlar yayır, müxtəlif təkliflərlə çıxış edir. Nigar Arpadarainin pandemiya dövründə ən çox müzakirə olunan təklifi isə tibb işçilərinin sosial sığorta məsələnin həll olunması ilə bağlı çağırışları oldu. Xanım deputat bu məsələ ilə bağlı mütəmadi olaraq parlamentin plenar iclaslarında, o cümlədən mətbuatdakı çıxışlarında danışır, təkliflərini səsləndirir, bu məsələnin önəmi və zəruriliyini vurğulayır.
Deputat Zahid Oruc da aktivlər siyahısındadır. Xüsusilə də parlamentdə təmsil etdiyi Bərdə rayonunun su probleminin həllində göstərdiyi təşəbbüs seçiciləri tərəfindən yüksək qiymətləndirildi. Ümumiyyətlə, Zahid Oruc mütəmadi olaraq problemləri dilə gətirməsi, onların həllinə çalışması və aidiyyatı qurumların mövcud problemlərlə bağlı fəaliyyətini tənqid etməsi ilə gündə gəlir. Qeyd edək ki, Zahid Oruc həm də Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədridir.
Milli Məclisin üzvləri Arzu Nağıyev və Qənirə Paşayeva da pandemiya dövründə aktiv fəaliyyətləri ilə digər həmkarlarından fərqləndi. Xüsusilə də iyulda erməni təxribatı nəticəsində baş verən Tovuz döyüşləri zamanı hər iki deputatın fəaliyyəti fərqləndi. Onların hər ikisi günlərlə sərhəd bölgəsində oldular. Mütəmadi olaraq döyüş gedən bölgədə yaşayan əhali ilə görüşlər keçirdilər, onların problemləri ilə maraqlanıb həllinə dəstək verdilər. Bütün bunlarla yanaşı, Qənirə Paşayeva və Arzu Nağıyev mütəmadi olaraq həm də dünya və ölkə ictimaiyyətini baş verən hadisələrlə bağlı məlumatlandırırdı. Onların bu fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən öz müsbət qiymətini aldı.
Millət vəkilləri Soltan Məmmədov və Şahin Seyidzadə də pandemiya dövründə seçildilər. Xüsusilə seçicilərin qaldırdığı problemlərin həll olunması hər iki deputata qarşı rəğbət yaratdı.
Ümumi olaraq qeyd edək ki, millət vəkillərinin keçirdiyi görüşlər zamanı seçicilərin əsas şikayətləri içməli su, işsizlik, səhiyyət, kommunal xidmət sahəsindəki problemlər, bürokratik əngəllər, əkinlərin, mal-qaranın suvarılması ilə bağlı olub.
Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar